İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Hunvey istefa verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İnterpolun "Twitter" səhifəsinə məlumat yerləşdirilib.
"Bu gün, oktyabrın 7-də, İnterpolun Fransanın Lion şəhərindəki Baş Katibliyi cənab Men Hunveydən İnterpol prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir", - deyə məlumatda bildirilir.
Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda Dubayda Baş Assambleyanın iclasında seçiləcək.
Qeyd edək ki, 2016-cı ildə 64 yaşlı Men Hunvey İnterpola rəhbər təyin edilib. O, buna qədər Çinin İctimai Təhlükəsizlik Nazirliyində çalışıb.