Modern.az

Azər Həsrətin təşkilatına xarici təmsilçilər seçilir

Azər Həsrətin təşkilatına xarici təmsilçilər seçilir

Aktual

12 Sentyabr 2012, 10:17

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) yaxın vaxtlarda Türkiyə və Qırğızıstanda təmsilçilərinin təyin edilməsi ilə bağlı müzakirələr gedir. Modern.az-a bu haqda xəbəri qurumun sədri Azər Həsrət verib.

CASCFEN sədri bildirib ki, qurum müstəqil şəkildə rəsmi fəaliyyətə başladıqdan sonra bölgə ölkələrindən onunla işbirliyi üçün təkliflər daxil olmaqdadır:
“Bir qayda olaraq qardaş Türkiyədən və Orta Asiya respublikalarından belə təkliflər daxil olmaqdadır. Özəlliklə də uzun illər ərzində bir təşkilat olaraq bu ölkələrdə qazandığımız nüfuz və çoxsaylı dostların olması işlərimizi rahat bir şəkildə irəli aparmaq üçün əlverişli şərait yaradıb. Elə buna görə də bizimlə işbirliyi üçün müraciətlərin edilməsi təsadüfi deyil”. Azər Həsrət qeyd edib ki, müraciətlər və ümumiyyətlə təmsilçiliklərlə bağlı müzakirələrə ehtiyac var: “Hazırda bizim CASCFEN-in filiallarını qurmaq üçün bir sıra problemləri həll etməyimiz lazım gələcək. Bu isə xeyli vaxt tələb edən məsələdir. Ona görə də belə qərara gəlmişik ki, ilkin mərhələdə qurumun sadəcə bir nəfərdən ibarət təmsilçilərini təyin edək. Bu işə Qırğızıstan və Türkiyədən başlamaq istəməyimiz də təsadüfi deyil. Çünki adı keçən hər iki ölkədə bunun üçün uyğun şəxslər və şərait var”.

Sədr onu da əlavə edib ki, bu məsələ CASCFEN İdarə Heyətinin oktyabrın 6-da keçiriləcək növbəti toplantısında müzakirə edilərək qərara bağlanacaq. Bundan sonra onun oktyabr ayında Orta Asiya səfəri zamanı orada lazımi işlər görüləcək. O, eyni zamanda qeyd edib ki, qurum növbəti mərhələdə Gürcüstan və Tacikistanda təmsilçilərin təyin edilməsi üçün müzakirələrə başlayacaq.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı