Modern.az

Eldar İbrahimov: «Heç bir kəndlinin torpağı əlindən alınmır» (MÜSAHİBƏ)

Eldar İbrahimov: «Heç bir kəndlinin torpağı əlindən alınmır» (MÜSAHİBƏ)

Ölkə

28 Dekabr 2010, 16:45

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Modern.az-a danışıb: «Kooperasiya heç bir halda keçmiş kolxozun bərpasi deyil»

- Eldar müəllim, «Kənd təsərrüfatı kooperasiyası haqqında» qanun layihəsi ətrafında mübahisələr səngimək bilmir. Xüsusilə, komitənizin bu məsələ ilə bağlı sonuncu iclasından sonra bəzi mətbu orqanlar həmin iclas zamanı guya insanların şəxsi mülkiyyətinə aid olan pay torpaqlarının istifadə edilməməsi səbəbindən onların əlindən alınması ehtimalı ilə bağlı fikirləri dövriyyəyə buraxmaqdadırlar.

- Doğrudan da bəzi mətbuat nümayəndələri  bu məsələnin mahiyyətini tam başa düşməyərək insanlara düzgün olmayan məlumatlar çatdırırlar. Bu, onların öz işidir, özləri bilərlər. Amma, gerçəklik tamamilə başqadır. Söhbət heç bir halda ondan getmir ki, kimlərinsə şəxsi, xüsusi mülkiyyətinə aid olan torpaqları onların əlindən alına bilər və yaxud alınacaq. Qanun layihəsində də, o cümlədən, məlum iclas zamanı da bu yöndə hansısa bir fikir səslənməyib. Kooperasiya bir hərəkatdır, bir sistemdir, kooperasiya ilə bağlı qanunu hazırlamaqda kiminsə torpağını əlindən almaq niyyəti ortaya qoyulmayıb. Belə bir məsələ yoxdur və ola da bilməz. Heç kəsin əlindən torpaq alınmayacaq. Ona görə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsində açıq şəkildə qeyd olunur ki, xüsusi mülkiyyətdə olan torpaqlar sahibkardan alınmır. O torpaqlar alına bilər ki, onlar bələdiyyəyə və yaxud dövlət mülkiyyətinə aid olsun. O da o zaman ki, həmin torpaqlar dalbadal 2 il ərzində üzürsüz səbəbdən istifadə edilməsin. Yalnız o zaman həmin torpağın mülkiyyətçisi olan bələdiyyə və yaxud dövlət torpağı geri ala bilər. Amma xüsusi mülkiyyətə aid olan torpaqlara bu məsələ heç cür şamil olunmur. Belə demək mümkünsə, xüsusi mülkiyyətdə olan torpaqları heç kim, heç kəsin əlindən almır…

- Yeri gəlmişkən, xüsusi mülkiyyətə aid olan torpaqların ümumi sahəsi nə qədərdir?

- Hazırda xüsusi mülkiyyətdə olan torpaqların sahəsi 1 milyon 671 min hektardır. Özü də bu torpaqlar ən çox əkinə yararlı, münbit torpaqlardır. Onu qeyd edim ki, bu torpaqları da ulu öndərimiz Heydər Əliyev insanlarımıza pulsuz-parasız verib. Və bu məsələ də mövcud qanunvericiliklə təsbit olunub. Bu torpaqları geri almağa qanun özü imkan vermir. Sadəcə, həmin iclas zamanı müəyyən fikirlər səsləndi və indi təəssüflər oslun ki, kimlərsə öz məqsədləri naminə həmin fikirləri insanlarımıza tamamilə yalnış formada çatdırmağa çalışırlar. Onlar iddia edirlər ki, guya Eldar İbrahimov deyib ki, torpaqları camaatın əlindən alacaqlar, yaxud kooperasiya adı altında yenidən keçmiş kolxoz sistemi bərpa olunacaq və sair... Bunların heç bir əsası yoxdur. Axı, hansı kolxoz quruluşunun bərpasından söhbət gedə bilər? Biz bəyəm təzədən kolxoza qayıdacağıq? Axı, Konstitusiyamız özü buna imkan vermir. Heç kimsə istəsə də bunu edə bilməz. Ona görə bu məsələnin, bu müzakirələrin mahiyyətini anlayıb, sonra onları insanlara çatdırmaq lazım idi…

- Yenidən kooperasiya ilə bağlı məsələyə qayıtmaq istərdik.  Doğrudan da, bu məsələ gündəmə gələn vaxtdan bu yana bəzi dairələrdə keçmiş kolxoz sisteminin bərpa olunacağı ilə bağlı fikirlər, əndişələr, narahatçılıqlar ortaya qoymaqdadır. Sizcə, bunlara əsas varmı?

- Mən bir daha təkrar etmək istərdim ki, kooperasiya ilə bağlı qanun, o cümlədən, kooperasiya heç bir halda kolxoz quruluşunun bərpası kimi başa düşülməməli və qəbul edilməməlidir. Bunlar tamamilə ayrı-ayrı məsələlərdir. Bunları heç bir halda bir-birilə qarışdırmaq və eyniləşdirmək olmaz. Kooperasiya qanununa gəlincə, orada göstərilir ki, kooperativlərə daxil olmağın və oradan çıxmağın özü könüllülük prinsipinə əsaslanır. Bu, heç kim üçün məcburi deyil. Bu gün Azərbaycanda cəmi 179 kənd təsərrüfatı kooperativi mövcuddur ki, onlar da 1996-cı ildə qəbul edilmiş  və sonradan qüvvədən salınmış «Kooperasiya haqqında» qanuna və 1999-cu ildə qəbul edilmiş Mülki Məcəllənin müvafiq maddələrinə uyğun olaraq yaradılıb. Bu kooperativlərin hər birinə də 30 hektar kənd təsərrüfatına yararlı, o cümlədən, 6,8 hektar əkin yeri düşür və sair.  Bu, başqa müzakirənin predmetidir. Söhbət ondan gedir ki, kooperasiya istehsalçıdan tutmuş, istehlakçıya qədər uzanan bir sistemdir. Belə demək mümkünsə, məsələn, mən pomidor, soğan, kartof istehsal edirəm, amma istəyirəm ki, onu saxlayıb, qışda bir az baha satım. Ona görə mənə lazımdır ki, başqa bir nəfər də kömək etsin. Yəni, onun emal müəssisəsi, saxlama kamerası olsun, aparsın, anbarda saxlasın, sonra isə qışda çıxarıb baha satım. Yaxud da pomidor istehsal edirəm, ancaq istəyirəm ki, ondan sok hazırlayım. Bunun üçün də emal zavodu lazımdır. Kooperasiya olan zaman bunlar bir araya gəlib, bu məsələni həll edə, həm özləri qazana, həm də insanlar ucuz, keyfiyyətli məhsul əldə edə bilərlər. Və ya xüsusi mülkiyyətdə olan fermerlər ikisi, üçü bir yerdə birləşir ki, daha güclü olsun. Biri var ki, 5 hektar yeri becərəsən, bunun üçün böyük zəhmət sərf edəsən, yatırım qoyasan, biri də var ki, 100 hektarlarla torpağı becərəsən, həm özün qazanasan, həm də insanlar. Bunun ən optimal və ən düzgün yolu da kooperasiyadan, birləşib kooperativlər yaratmaqdan keçir. Onu da deyim ki, bu gün dünyanın, xüsusilə, Avropanın ən aparıcı, ən inkişaf etmiş ölkələri kooperasiya sisteminə üstünlük verirlər. Məsələn, Almaniyada bir fermer öz mal-qarasının südünü sağır, süd bidonunu da qoyur qapısının ağzına. Südü gəlib yığıb aparan isə ayrı adamdır. O adam səhər bidonu qaytarıb gətirəndə  həm də südün pulunu verir. Yəni, bunlar hamısı birləşəndə bir kooperasiya, kooperativ yaranır. Söhbət bundan gedir. Biz də bu gün tələm-tələsik bu qanunu qəbul etmək fikrində deyilik.  Bu qanunla əlaqədar təkmilləşmə işləri davam edir. Bu vaxta qədər bu sənədin açıq ictimai müzakirələri keçirilib, konkret olaraq Gəncə Aqrar Universitetində bu məsələni bu sahənin insanları ilə geniş müzakirə etmişik. Bundan başqa, Lənkəran, Sabirabad və Quba rayonlarında bununla bağlı müzakirələr aparılıb. Özü də hansı alimi, hansı mütəxəssisi dindirirsən deyir ki, biz gələcəkdə kooperasiyasız məhsul bolluğuna nail ola bilmərik. Kooperasiya keyfiyyətli, ucuz məhsul bolluğu deməkdir. Kooperasiya bazarda qiymətlərin bahalaşmasının qarşısını təbii yolla almaq deməkdir. Məhsul bol olanda təbii ki, ucuz qiymətə də satılacaq.  Bu qanunun mahiyyəti də məhz bundan ibarətdir. Eyni zamanda, bu məsələ sırf könüllülük prinsipinə əsaslanır. Kimi istəyəcək birləşəcək, kim də istəməyəcək birləşməyəcək.Yuxarıda da qeyd etdim ki, hazırda 179 kənd təsərrüfatı kooperativi var. Bunlardan məgər kimsə xahiş edib ki, gedin kooperativ yaradın? Özləri  bir araya gələrək bu kooperativləri yaradıblar. 
Bu gün Qubada alma becərən, yığan insanlar, fermerlər birləşib, kooperativlər əmələ gətiriblər. Yəni, sabah həm işləyə, həm özlərini dolandıra, həm də insanları ucuz və keyfiyyətli məhsullarla təmin edə bilsinlər. Bu məsələyə dair yeni bir qanunun qəbulunda əsas məqsədlərdən biri də kooperasiyanın inkişafına dövlət himayəsinin təmin edilməsidir. Çünki hər bir yenilik dövlətin dəstəyi sayəsində həyata keçirilir. Bununla əlaqədar layihədə kooperasiyanın inkişafı üçün dövlətin və bələdiyyələrin üzərinə müəyyən öhdəliklər qoyulması nəzərdə tutulur. Məlumat üçün onu da nəzərinizə çatdırmaq istəyirəm ki, dünyada ilk dəfə kənd təsərrüfatı kooperasiyası Şimali İtaliyanın Florensiya bölgəsində südçülük sahəsində yaranıb və sonradan kənd təsərrüfatının başqa sahələrini əhatə etməklə digər bölgələrə və ölkələrə yayılıb. Hazırda Avropanın inkişaf etmiş ölkələrində, o cümlədən, Yaponiyada istehsal edilən kənd təsərrüfatı məhsullarının 63 faizi kooperativlərin payına düşür.
Finlandiyada istehsal edilən südün 65-70 faizini öz məhsulları ilə Azərbaycan alıcılarına da yaxşı tanış olan «Valyo» kooperativi emal edib satır. Bu ölkələrdə kənd təsərrüfatı kooperasiyası bir iqtisadi sistem kimi formalaşıb və hər bir istehsalçı da bir neçə kooperativin üzvü ola bilər. Bizim də məqsədimiz qabaqcıl dünya dövlətlərinin bu gözəl təcrübəsindən yararlanmaq, o cümlədən, kənd təsərrüfatı kooperasiyasının hüquqi bazasını yaratmaqdan ibarətdir. İndi kimlərsə insanları çaşdırması, onları indiki iqtidarın apardığı uğurlu sosial-iqtisadi islahatlara qarşı qaldırmaq istəməsi heç bir halda yolverilən və qəbuledilən deyil. Hər bir adamın vicdanı olmalıdır və məsələlərə də vicdanla yanaşılmalıdır.

- Bu qanun layihəsi parlamentin 30 dekabr tarixli iclasının müzakirəsinə təqdim edilməli idi, ancaq sonradan bu sənədin müzakirələri təxirə salınıb. Bəs, bu təxirəsalınma nə ilə bağlıdır?

- Bu, sırf texniki məsələdir. Burada başqa bir problem  yoxdur. Sonuncu iclasda gündəliyə  cəmi 4 məsələ salınıb ki, onların da müzakirəsi çox güman, çox çəkməyəcək.  Çünki sonuncu iclas yeni il bayramı ərəfəsinə düşür. Eyni zamanda, bu sessiyadan cəmi bir ay sonra fevralın 1-də parlamentin yaz sessiyası öz işinə başlayacaq. Fikrimiz var ki, həmin sessiyaya qədər, yaxud, sessiya ərzində kənd təsərrüfatı kooperasiyası sisteminə üstünlük vermiş, bu yöndə böyük nailiyyətlər əldə etmiş ölkələrə - ya Hollandiyaya, ya İtaliyaya, ya da Finlandiyaya gedib, onların təcrübələri, anoloji qanunvericilik aktları ilə tanış olaq, geriyə qayıtdıqdan sonra bir daha sözügedən sənəd üzərində işləri davam etdirərək, onu təkmil formada yaz sessiyasının müzakirəsinə çıxaraq və qəbuluna nail olaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı