“Hesab edirəm ki, ötən ildə Azərbaycan hökumətinin fəaliyyəti qənaətbəxş olub. Bununla sosial sahənin inkişafına da şərait yaradılıb”.
Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. O, baş nazir Artur Rasizadənin Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən qeyd edib ki, ölkəmiz bir çox uğurlara imza atıb. Onun sözlərinə görə, baş nazirin hesabatı hərtərəfli hazırlanıb və sosial məsələlər bu məruzədə ətraflı şəkildə təhlil olunub.
Musa Quliyev bununla yanaşı, Azərbaycanda olan problemlərə də toxunub: “Əsas problemlərdən biri də Qarabağ əlillərinin pensiya təminatı ilə bağlıdır. Pensiya-sığorta sisteminə keçid zamanı bəzi uyğunsuzluqlar yarandı. Hansı Qarabağ əlilinin 5 illik əmək stajı var idi, onlar pensiya alırdılar. 5 il stajı olmayanlar isə pensiya yox, müavinət alır. Bu müavinət 60 manat məbləğindədir. Təklif edirəm ki, stajı az olan Qarabağ əlillərinə də verilən müavinət minimum pensiya həddinə çatdırılsın”.
O, ölkədə sosial evlərin tikilməsinin vacibliyini də vurğulayıb. Musa Quliyev orta tibb təhsilində olan problemlər barədə də danışıb: “Orta tibb təhsilli kadrların yetişdirilməsi qənaətbəxş deyil. Dünyanın heç bir yerində orta tibb təhsili ilə bağlı belə bir sistem yoxdur. Xarici ölkələrdə onların bilik və bacarıqları təkmilləşdirilir”.
Aqşin Kərimov