Türkiyəli futbolçu Məsud Özilin uyğur türkləri ilə bağlı Çinə qarşı reaksiyasına ABŞ-dan dəstək gəlib.
Modern.az xəbər verir ki, ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo “Arsenal”da oynayan türkiyəli futbolçuya dəstək nümayiş etdirib.
“Çin Kommunist Partiyasının təbliğat qurumları Məsud Özilə və “Arsenal”a bütün mövsüm boyu senzura qoya bilər, ancaq həqiqət üstün gələr. ÇKP uyğurlara və digər dini azlıqlara yönəlmiş ağır insan haqları pozuntusunu gizləyə bilməz”,- deyə Pompeo "Tvitter" hesabında yazıb.
Qeyd edək ki, Özil Çinin Şərqi Türküstandakı insanların zorakılığa məruz qalmasına sərt reaksiya göstərmiş və buna səssiz qalan müsəlman dünyasını qınamışdı. Çinin Mərkəzi Televiziyası da (CCTV) Özülin bu paylaşımına cavab olaraq “Arsenal”-“Manchester City” matçını yayımlamamışdı.