Modern.az

Ali Neft Məktəbi “Statoil-Azərbaycan”la Əməkdaşlıq Protokolu imzaladı

Ali Neft Məktəbi “Statoil-Azərbaycan”la Əməkdaşlıq Protokolu imzaladı

Aktual

14 Dekabr 2012, 15:02

Bu gün Bakı Ali Neft Məktəbində (BANM) bu təhsil müəssisəsi ilə “Statoil-Azərbaycan” şirkəti arasında Əməkdaşlıq Protokolu imzalanıb. Modern.az xəbər verir ki, Əməkdaşlıq Protokolunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “Statoil-Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorensen imzalayıb.

Tərəflər bəyan edib ki, bu müqavilə birgə əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə yardımçı olacaq. Sənədin imzalanması mərasimində Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şonsberinq və digər qonaqlar iştirak ediblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, bu müqavilə ilə əlaqələr genişləndirilir. “Bu şirkətlə müəyyən müddət idi ki, danışıqlar aparırdıq. Bundan sonra Norveçin bu sahə üzrə müəyyən universitetləri ilə əlaqə saxlayacağıq. Tələbələrimiz təcrübə keçmək üçün Norveç universitetlərində olacaqlar. Bu onu göstərir ki, onlar yalnız iqtisadi sahəyə deyil, həmçinin elmi sahəyə maraq göstərirlər”.

“Statoil-Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorensen bildirib ki, burada olmağından çox məmnundur. Sorensen bu ali məktəbin açılışı ilə bağlı Azərbaycan xalqını təbrik edib. “Bu il Azərbaycanda fəaliyyət göstərməyimizin 20 illiyini qeyd edəcəyik. Biz neft-qaz sahəsi ilə yanaşı, insan kapitalının inkişafına da böyük önəm veririk. Bizə Azərbaycanın insan kapitalı lazımdır. İnanıram ki, Bakı Ali Neft Məktəbi bu insanları hazırlayacaq”. 

Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şonsberinq bildirib ki, Azərbaycanda olmağı ilə fəxr edir. Səfir əməkdaşlığa dair protokolun imzalanmasının çox xoş olduğunu deyib. “Bildiyiniz kimi Norveç xalqı ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. Hər iki ölkənin xeyrinə olacaq layihələrə hər zaman dəstək verəcəyik. Bu əməkdaşlığa görə çox sevinirəm və uğurlar arzulayıram. Bunu dəstəkləyirik”.

Qəbul olunan Əməkdaşlıq Protokolunda “Statoil-Azərbaycan” şirkətinin dəstəyi ilə Bakı Ali Neft Məktəbi ilə Norveçin elm və təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, ali məktəb əməkdaşlarının Norveç Krallığına, Norveçin ali təhsil müəssisələrinin mütəxəssislərinin BANM-ə səfərlərinin təşkil edilməsi, “Statoil-Azərbaycan” şirkətinin yüksək təcrübəyə malik əməkdaşlarının BANM-in tələbələri qarşısında mühazirələr oxuması, müxtəlif istiqamətlərdə treninqlərin keçirilməsi, BANM-nin kadr potensialının inkişaf etdirilməsi məqsədi ilə Norveçin müxtəlif universitetlərində doktorantura təhsilinin təşkil olunması, BANM tələbələrinin “Statoil” şirkətinin Azərbaycanda və xaricdə fəaliyyət göstərən müəssisələrində təcrübə keçmələri üçün şəraitin yaradılması, BANM tələbələrinin və mütəxəssislərinin “Statoil-Azərbaycan” şirkətinin korporativ tədbirlərində iştirakının təmin edilməsi, internet vasitəsilə bilik və texnologiyaların BANM-ə transfer edilməsi imkanlarının yaradılması və BANM-də yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məsələlərinə dəstək verilməsi öz əksini tapıb.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı