Azərbaycanın təhsil sistemindəki gedən dəyişiklərlər təbii ki, birmənalı qarşılana bilməz. Təhsil naziri hörmətli Mikayıl Cabbarov fəaliyyətə başladığı müddətdən sonra orta məktəblərlə bağlı atdığı bir sıra addımları ədalət naminə müsbət dəyərlənbirmək olar. Xüsusilə, orta məktəblərdə yeri gəldi-gəlmədi pul yığılması, təmir adı altında, müxtəlif bəhanələrlə valideynlərdən pul tələb olunması məsələsi xeyli azalıb. Bu məsələnin birdəfəlik kökünü kəsmək üçün problemi daha da ictimailəşdirmək lazımdır.
Təəssüf ki,digər bir məsələ dərsliklərlə bağlı problem hələ də qalmaqdadır. Dərsliklər çox ağrılı bir problem olduğuna görə bu başqa bir söhbətin mövzusudur. Şagirdlərin əqli-intellektual biliklərindən tez-tez söhbət açılır. Guya kitabları bu qədər qəlizləşdirməklə azyaşlıların səviyyələrinin qaldırılmasına kömək edirlər. Əslində dərslikləri bu günə salmaqla dövlətin və valideyinlərin büdcəsinə zərbə dəyir.
Məni düşündürən, narahat edən Təhsil Nazirliyinin orta məktəblərdə dərs müddətinin artırılması ilə bağlı ortalığa atdığı məsələdir. Burada təbii olaraq bir sual ortalığa çıxır. Orta məktəb şagirdi zəif öyrənir, dərsə hazırlaşa bilmir ona görə hökmən dərs saatın uzatmaq lazımdır? Bu kökündən yanlış məsələdir. Əvvəllər dərs ili 10 il olub. Sonradan bu müddət 11-ilə qaldırıldı. Axı burada nə dəyişdi? Şagirdlər daha savadlı oldu və yaxud dərsə hazırlığı daha artdı? Əslində vaxtı uzatmağa deyil, keyfiyyətli dərs saatına keçmək lazımdır.
Bir vacib məsələni qeyd etməliyəm. Bəzi orta məktəb müəllimləri bilərkdən və bilməyərəkdən həmin o dərs saatından səmərəli istifadə etmirlər. Bəzi müəllimlər sadəcə olaraq dərsdə vaxtını keçirir və sonda şagirdın valideyninə çatdırırlar ki, pul ver sənin uşağınla əlavə məşğul olum. Bu gün təhsilin ən böyük problemlərindən, bəlkədə qorxulu tərəflərindən biri budur.
Ikincisi, həmin müəllimlər bilməyərəkdən bu dərs saatından niyə görə səmərəli istifadə edə bilmirlər?
Yeni sistemə keçidlə, hazırlanan həddindən artıq qəliz dərs vəsaitləri ilə bağlı bu müəllimlər sadəcə olaraq başlarını itiriblər. Nisbətən yaşlı olan bu insanlar yeni, anlaşılmayan bu sistemdən baş çıxara bilmirlər. Onlar həm özlərinin, həm də şagirdlərin sadəcə olaraq vaxtlarını keçirirlər.
Ona görə də dərs müddətinin bir neçə həftə uzatmaqla və yaxud 11 il yox 15 illik dərs müddətinə keçməklə nəisə dəyişməyəcək.
Müəllim otra məktəbdə mürgü vurursa, o zaman şagirdin beyininə elmdən başqa nə istəsən yerləşəcək Axı gələcəkdə həmin gənclərdən hansı normal vətəndaş yetişər. Gəlin emosionallıqdan, hay-küydən uzaq olub cəmiyyətin peyvəndini tapaq. Deyəsən bu, normal təhsildən, millətin, dövlətin inkişafına xidmət edən vicdanlı münasibətdən başlayır.
Təhsil elə bir sahədir ki, cəmiyyətin problemlərinin bir çoxunu burada axtarmaq lazımdır. Ona görə ki, bütün sənət sahibləri orta məktəb partası arxasından çıxaraq müstəqil həyata, bu cəmiyyətə yol açırlar. İkinci ailə sayılan məktəb, oradakı müəllimlər azyaşlı uşağın gələcək taleyini müəyyən edir.
Gələcək biznesmenin, polisin, həkimin, mühəndisin və s. əxlaqlı dünyagörüşü, vətəndaşlıq mövqeyi, milli kimliyi, dövlətçilik təfəkkürü məhz orta məktəb partasından formalaşır. Zəncirvari proses olan bu məqamlarda baş verən hər hansı qüsurlar gündəlik həyatımızda, cəmiyyətimizdə özünü büruzə verir.
Bir sözlə sındırılmış, zəif təhsil görən şagirddən hansı vətəndaşlıq mövqeyi gözləmək olar? Bu gün çoxlarımız bu və digər formada orta məktəblə bağlıyıq. Ola bilər təhsil üzrə ekspert deyilik, ancaq oradakı problemlərin mahiyyəti bəllidir.
Təbii ki, təhsilsizlik cəmiyyət üçün hər zaman təhlukəli olub.
Ancaq bütün problemləri təhsildə axtarmaq düzgün deyil. Çünki indiki uşaqların bir çoxunu internet məkanı, sosial şəbəkələr, bəzi tv proqramları yetişdirir. Bir çox hallarda valideynlərin etinasızlığından, yumşaq ifadə etsək məlumatsızlığından uşaqları bu faktorlar, tv-lər, internet şəbəkələri formalaşdırır. Bununda ağır nəticələri çox tezliklə özünü göstərir.
Əslində təhsilin bünövrəsi olan orta məktəbdə şagirdə və müəllimə qarşı formalaşan münasibətdən və azyaşlıya verilən bilikdən başlayır. Bu da cəmiyyətdə gənclərin necə vətənvərvər yetişməsinin ilkin addımıdır. Gəlin bu addımı elə ataq ki, sonra peşman olmayaq.
Sonda onu da qeyd etməliyəm ki, öz peşəsini sevən müəllimlər az deyil. Onlar maddi çətinliyə görə öz peşələrindən əl çəkirlər. İnanmaq istərdim ki, təhsil naziri hörmətli Mikayıl Cabbarov əsl müəllimin dəyərini özünə qaytaracaq.