Modern.az

Jurnalistika fakültəsinin dekan əvəzi: “Yeniliklərimiz olacaq” - AÇIQLAMA

Jurnalistika fakültəsinin dekan əvəzi: “Yeniliklərimiz olacaq” - AÇIQLAMA

16 May 2017, 09:50

Bir neçə gün öncə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni təyinat oldu.

Beynəlxalq Jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlu Jurnalistika fakültəsinə dekan əvəzi təyin edildi.

Bununla bağlı Vüqar Zifəroğlu Modern.az-la öz təəssüratlarını bölüşüb. Onun sözlərinə görə,  yeni vəzifə təyinatı özü üçün gözlənilməz olub:

“Doğrusu, dekan əvəzi olmağı heç gözləmirdim. Həqiqətən də qəfil baş verdi. Bunu tam səmimiyyətimlə deyirəm. Hətta vəzifə mənə təklif olunanda bir qədər tərəddüd etdim. Dekan vəzifəsi son dərəcə məsuliyyətli işdir. Jurnalistika fakültəsi ilə bağlı isə bu, ikiqat məsuliyyət hissini artırır. İnformasiya texnologiyalarının yüksək inkişaf etdiyi, medianın gündəlik, adi həyatımıza birbaşa təsir etdiyi bir dönəmdə yaşayırıq. Jurnalistika bu gün cəmiyyət üçün ən önəmli, əhəmiyyətli sahələrdən biridir. Təbii ki, bu ixtisasın tədrisi, elmi istiqamətlərinin öyrənilməsi ilə məşğul olan struktura rəhbərlik etmək, bu baxımından böyük məsuliyyətdir. Ümid edirəm ki, ustad müəllimlərimizin, müəllim həmkarlarımın da yardımı ilə rəhbərliyin, hörmətli rektorumuz akademik Abel Məhərrəmovun etimadını doğruldacam”.

V.Zifəroğlu təyinatla əlaqədər ətrafdan aldığı reaksiyalardan da söz açıb:

“Reaksiyaların müsbət olduğunu deyə bilərəm. Ətrafdakıların müsbət dəstəyi, təbriklər məni mənəvi cəhətdən rahatlatdı. Sizin vasitənizlə bütün jurnalist həmkarlarıma, qələm dostlarıma, o cümlədən mənim üçün həmişə qol-qanad olan əziz tələbələrimə təşəkkür edirəm”.

V.Zifəroğlu  fakültə üçün gələcək planlardan da danışıb:

“Təbii, yeniliklər olacaq. Tələbələrimizin praktik vərdişlərə yiyələnməsini təmin etmək məqsədi ilə daha aktiv iş həyata keçirməyə çalışacağıq. Mətbuat Şurası ilə çox yaxın təmasda olub müştərək layihələr üzərində işləyəcəyik. Rayonlarda universitetimizin, jurnalistikamızın, fakültəmizin təbliğindən tutmuş müxtəlif yazı müsabiqələrinin keçirilməsinə qədər fərqli planlarımız, ideyalarımız var. Belə layihələrin həyata keçirilməsi tələbələrdə stimul yaradılması baxımından son dərəcə önəmlidir”.

Qeyd edək ki, BDU-nun Jurnalistika fakültəsində dekan seçkiləri oktyabrda keçiriləcək.
Bu təyinatadək fakültənin dekanı vəzifəsini müvəqqəti olaraq professor Cahangir Məmmədli icra edirdi.

Günay RƏSULQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir