Modern.az

1233 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib  

1233 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib   

Aktual

27 Noyabr 2017, 13:37

Xaricdə yaşayan və xarici ölkələrin vətəndaşlığını qəbul etmək üçün müraciət edən  azərbaycanlıların sayında artım müşahidə olunur. Bəs əcnəbilər Azərbaycan Respublikasının vətəndaşlığını hansı şərtlərlə qəbul edə bilərlər?  

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Modern.az-a açıqlamasında əcnəbilərə Azərbaycan vətəndaşlığının qanunla tənzimlənmiş müəyyən hallarda verildiyini qeyd edib:

““Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun 5-ci maddəsində göstərilir:

“Son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan Azərbaycan Respublikasının Konstutsiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən və digər şərtlərə cavab verən şəxslər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər”.

Təbii ki, 5 illik şərtdən kənar hallar da ola bilər. Məsələn, şəxsin mədəniyyət, idman və ya müxtəlif sahələrdə yüksək naliyyətləri olduqda və ya şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda vətəndaşlıq üçün müraciət edə bilər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun bu göstəriciləri dəyərləndirilməli və əsaslandırılmalıdır. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası da var ki, burada həmin əsəslandırmaya baxaraq şəxsə vətəndaşlıq verilir”.


Vətəndaşlığa qəbul üçün tələb olunan sənədlər:

  1.   Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket
  2.  4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil;
  3.  Yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  4. Dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
  5. Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
  6. Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;
  7. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
  8. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  9. Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) ;
  10.  “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.



Azər Allahverənovun sözlərinə görə, 2013-2016-cı illər və 2017-ci ilin 1-ci yarımilində ümumilikdə 1233 nəfər şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.

 

"Bunlardan 797 nəfər vətəndaşlığı olmayan şəxs olub. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş şəxslərin 671 nəfəri kişi, 562 nəfəri isə qadınlar təşkil edib".


Nəzrin Rüstəmova

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir