Modern.az

Azərbaycanda və dünyada boşanmalar...  

Azərbaycanda və dünyada boşanmalar...   

Hadisə

31 Oktyabr 2018, 09:55

Son dövrdə dünyada boşanmalar artaraq çox təhlükəli bir həddə çatmış və ailə qurumu süquta doğru irəliləməkdədir. Artıq Avropada, ABŞ və Rusiya kimi ölkələrdə boşanma səviyyəsi bağlanan nikahların səviyyəsini keçmişdir.

     
Bu gün, biz Qərb ölkələri və Rusiyanın statistik rəqəmlərinə diqqət yetirsək görərik ki, orada boşanmalarla bağlı vəziyyət Azərbaycan ilə müqayisədə iki və üç dəfə daha gərgindir. Bu gün, dünyada boşanmaların bağlanan nikahların nisbətinə görə faiz rəqəmləri təqribən aşağıdakı cədvəldəki kimidir. 

 

Faiz

Ölkə və regionlar

67-71%

Portuqaliya, Belqiya

62-65%

Çexiya, Macarıstan, İspaniya

51-58%

ABŞ, Rusiya, Pribaltika ölkələri

 

42-48%

Hollandiya, Norveqiya, Almaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Ukrayna, Moldova, Belorusiya, Finlandiya, Şimali Avropa ölkələri

35-40%

Cənubi Koreya, Yaponiya

25-30%

Qazaxıstan, İtaliya, Yunanıstan, Polşa, Rumınya, İsrail, Sinqapur, Tayland

20-25%

Horvatiya, Serbiya, Çin, Səudiyyə Ərəbistanı (21%)

15-20%

CAR, Azərbaycan, Gürcüstan, Ermənistan, Misir, Türkiyə

10-15%

Makedoniya, Çernoqoriya, İran (14%)

5-10%

Özbəkistan, Tacikistan (6%), Suriya, Yamayka

1-5%

Vyetnam, Çili

    
 
Avropada 1960-2010 illərində nikahlara görə boşanmaların həcminə diqqət yetirəndə görürük ki, boşanmaların səviyyəsi 1960-cı ildə 10%-dən 2010-cu ildə 50-%-ə qədər yüksəlmişdir. Yəni, Avropada 1960 və 1970-ci illərdə 10 ailədən biri dağılırdısa, 2010-cu ildə artıq iki ailədən biri dağılır. Bu proses, yalnız artan xətt üzrə irəliləyir. 

    
1980-2010-cu illərdə nikahlara görə boşanmaların həcmi 20%-dən 50%-ə qədər, yəni, təqribən 30% artmışsa, davam edən bu dinamika yaxın 30 ildə (2040) 80%-ə yüksələ bilər. 

     
Azərbaycanın KİV-də və ictimaiyətində boşanmaların artması ilə əlaqədar həyacan siqnalı çalınır. Bu mövzunun, sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilməsi də bunu təsdiq edir. İnsanlar həm DSK-nın KİV-də təqdim olunan statistikasına, həm də öz şəxsi müşahidələrinə və ya təcrübələrinə əsaslanaraq mövcud durumun səbəblərini və ondan çıxış yollarını düşünürlər.

2010-2017-ci illərdə bağlanan nikahlara (79172-62923-ə qədər azalmış) nisbətdə boşanmaların səviyyəsi (9061-14514) 11.4%-dən 23%-ə qədər, yəni, iki dəfədən çox artmışdır. Biz, DSK-nın rəqəmlərinin rəsmi olduğunu və qeyri-rəsmi boşanmaların az olmadığını nəzərə alsaq, bu gün Azərbaycanda bağlanan nikahlara nisbətdə boşanmaların səviyyəsinin 23%-dən də çox olduğunu söyləyə bilərik. Deməli, bu gün, Azərbaycanda bağlanan hər 4 nikahdan biri pozulur. Bu gün, Azərbaycanda 23%-i keçən boşanma səviyyəsi Avropa ölkələrində 1980-ci ildə müşahidə olunmuşdur. Biz, eyni temp və eyni qayda ilə irəli getdiyimiz və heç bir tədbir görmədiyimiz təqdirdə, 30-35 ildən sonra eyni aqibət ilə üzləşmək ehtimalımız yüksəkdir.

    
Evliliklərin ölkələr üzrə davametmə müddətinə diqqət yetirəndə görürük ki, Azərbaycanda, həmçinin digər postsovet ölkələrində boşanmalar əsasən evliliyin 5 ilədək olan müddətində baş verir. 2010-cu il göstəricilərinə görə, Azərbaycanda evlənənlərin 38%-i 5 ildən, 23% 5-9 ildən, yəni evlənənlərin 61%-i 10 ildən sonra boşanırlar. 10-19 ildən sonra dağılan ailələr 26%, 20 və daha çox ildən sonra pozulan nikahlar 13% təşkil edilər. Ermənistanda isə, əksinə, ən çox boşanmalar 20 və daha çox evlilik dövründə baş verir (diaqram 5.2).

     
 2015-ci ilin DSK göstəricilərinə görə, kişilərdən 12764 nəfər boşananların yaş qruplarına görə bölgüsündə 25-29 (2262), 30-34 (2366), 35-39 (1699), 40-44 (1103) yaşlılar, qadınlardan 12764 nəfər boşananların yaş qruplarına görə bölgüsündə 20-24 (2037), 25-29 (2836), 30-34 (2159), 35-39 (1391), 40-44 (904) yaşlılar üstünlük təşkil edirlər. Yəni, boşanan qadınlar arasında əsas yaş hədləri 20-34, boşanan kişilər arasında əsas yaş həddi 25-35-dir (diaqram 5.3).

     
Qadınlar arasında boşananların sayı kişilərdən 8 dəfə çoxdur (6.6 %-in 0.8 %-ə nisbətində). Çünki kişilər qadınlara nisbətən daha tez təkrar nikaha daxil olurlar. Keçmiş həyat yoldaşından ayrılsa da, hələ də rəsmi nikahı (1.1%) və qeyri-rəsmi nikahı (0.4%) davam etdirənlər, qeyri-rəsmi boşananlar (2.5%) və digərlərinin ümumi göstəricisi 4.1%-dir.

      
 Boşanmaların yüksək olduğu yerlər - Bakı 11.6%, Abşeron, Dağlıq Şirvan, Gəncə-Qazax və Şəki-Zaqatala bölgələri, boşanmaların aşağı olduğu yerlər isə, Quba-Xaçmaz bölgəsidir (0.4%). Şəhər əhalisi arasında kəndlilərə nisbətən boşananların sayı iki dəfə çoxdur. Bu, 5.4%-in 2.5%-ə, başqa mənbələrə görə 8.6%-in 3.8%-ə nisbətindədir [47].

     
Xüsusilə, 30-cu illərdə və 1990-2017 illərdə ailə qurumunun gərgin durumu diqqətimizi daha çox çəkir. Bu rəqəmlər göstərir ki, bu gün boşanmalar barədə çalınan həyəcan siqnalı əbəs deyildir. Əslində, bu proses, artıq, 70-ci illərdən başlamışdır. Çünki 70-ci illərdən başlayaraq, boşanmaların bağlanan nikahların nisbətinə görə faiz rəqəmləri 15%-in üzərində olmuş və artmaqda da davam edir. Bu rəqəmlər, bizə bir çox gerçəkləri düşünməyə və onların səbəblərini anlamağa vadar edir. Bu məsələ barədə düşüncələr aşağıdakı sualları meydana çıxarır: İkinci dünya ölkələri sırasına aid edilən Azərbaycanın və digər oxşar ölkələrin ailə qurumları yaxın gələcəkdə Qərb ölkələrində olan böhran vəziyyətinə gələ bilərmi? Azərbaycan ailəsi, ailə qurumunun artıq iflas etdiyi Qərb cəmiyyətinin durumuna düşə bilərmi?      

Bu suallara cavab vermək üçün ilk öncə ailə qurumunun zəifləməsinə şərait yaradan amilləri müəyyənləşdirmək lazımdır
 

Boşanmalara səbəb olan amillər

    
Son dövrdə ETİ və İKT-nin xeyli irəli getməsi dünyanın qloballaşmasına, dünyagörüşü paradiqmalarının bir-birinə yaxınlaşmasına səbəb olur və nəticədə, dünya xalqları bir-birinə yaxınlaşdığı kimi, onların problemləri arasında da oxşar əlamətlər artmağa başlayır. İkinci-üçüncü dünya ölkələri inkişaf etmiş Qərb ölkələrini özlərinə nümunəvi model hesab edir və beynəlxalq təşkilatlar da dünyanı Qərb inkişaf modelinə uyğunlaşdırmaq istiqamətində çoxtərəfli qlobal siyasət həyata keçirir. Həyata keçirilən bu siyasətin nəticələri boşanmaların ortadan qalxmasına və ailə qurumunun möhkəmlənməsinə deyil, onun zəifləməsinə, boşanmaların artmasına şərait yaradır. Deməli, beynəlxalq siyasətin əsas hədəfi bu problemlərin artması deyil, onların həll olunması istiqamətində dəyişməlidir. 

      
Diqqəti çəkən məqamlardan biri də odur ki, hansı ölkələrdə modernləşmə prosesi nə qədər çox irəli gedirsə, boşanma səviyyələri də bir o qədər çox olur. Lakin, Moldova və Belorusiya kimi ölkələrin boşanma səviyyəsi Avropa ölkələri ilə eyni səviyyəyə gəlsə də, modernləşmə səviyyəsi onlardan xeyli geridədir. Buna görə də, boşanma səbəbləri mürəkkəb xarakterli sosial hadisədir. Onun ortaya çıxmasında bir çox tarixi-mədəni, sosial-psixoloji və mövcud sosial-iqtisadi problemlərin kompleks təsiri vardır. 

    
Dünyada boşanmaların səbəbləri barədə müəyyən araşdırmalar aparılır və statistik məlumatlar ortaya qoyulur. Çünki diaqnostika olmadan sosial xəstəliyin müalicəsi mümkün deyildir. Azərbaycanda da boşanmaların səbəblərini müəyyənləşdirmək üçün, onların ayrıca statistikasını ortaya qoymağa ehtiyac vardır. Azərbaycanda məhkəmələrə təqdim olunan iddia ərizələrinin böyük bir qismində boşanma səbəbi kimi evli cütlüklərin “xasiyyət uyğunsuzluğu” göstərilir. Əslində, mentalitetdən irəli gələrək əsas səbəblər bu bəhanə altında gizlədilir. Bu isə, problemin araşdırılmasını çətinləşdirir. Lakin, müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar və müşahidələr ümumi mənzərəni görməyə imkan verir.  

    
 Boşanmaların səbəblərini iki aspektdə araşdırmaq daha doğru olardı: subyektiv və obyektiv. Subyektiv amillərin sayı və müxtəlifliyi həddən artıq çoxdur. Əslində, onları məcazi mənada səbəb adlandırmaq olar. Biz, onlara aludə olsaq, boşanmaların əsas səbəblərini görə bilməyəcəyik. Çünki zahirdə nümayiş olunan subyektiv amillərin təməlində obyektiv səbəblər dayanır. Onlar subyektlərin, ümumi cəmiyyətin davranışlarını müəyyənləşdirən və şüuraltı qatlarında mövcud olan stereotiplərdir. Onlar, kültürdən ənənəvi şəkildə gələn və obyektiv aləmdə baş verən dəyişikliklərdən kültürə daxil olaraq bizi özünün təsiri altına alan amillərdir. Biz, onların axarına düşərək, kortəbii şəkildə obyektiv proseslərin icraatçısına çevrilirik. Biz zahiri amilləri gördüyümüz halda, onun mahiyyətində gizli olan obyektiv səbəbləri görə bilmirik. Problemin həlli isə, onları görməkdən keçir.

      
Günü-gündən artan və ailənin süqutuna şərait yaradan boşanmaların səbəbləri cəmiyyəti düşündürür. Boşanma səbəbləri hər bir ölkə və xalq üçün eyni ola bilməz. Çünki fərqli mentalitet, özünəməxsus sosal-mədəni inkişaf tarixi və fərqli sosial-iqtisadi inkişaf səviyyələri və digər amillər burada xüsusi rol oynayır.

      
Bununla yanaşı, hər bir ölkə daxilində fərqli stratifikasiyalar arasında da fərqli səbəblər ola bilər. Məsələn, Rusiyada boşanmalara səbəb olan amillər arasında əyyaşlıq və narkomanlıq amili 41% ilə ön cərgədə gedir. Daha sonra evsizlik (26%), qohumların ailə işlərinə müdaxiləsi (14%) və sonsuzluq (8%) problemləri üstünlük təşkil edir. 

     
Türkiyədə boşanmalara səbəb olan amillər arasında qadın (61.5%) və kişinin (40.2%) ailədə bir-birinə münasibətdə məsuliyyətsiz və laqeyd davranmaları ön cərgədə gedir. Daha sonra maddi sıxıntı (qadınlar 42.6%, kişilər 17.8%) və zorakılıq (qadınlar 36.4 %, kişilər 2.5 %) halları boşanmalara səbəb olur.


Azərbaycanda boşanmaların səbəbləri ilə bağlı açıq statistika ortada yoxdur. Bu məlumatlar nə DSK-nin, nə də AQUPDK-nin rəsmi internet səhifəsində yer alır. Lakin AQUPDK-nin bu səpgidə sosioloji araşdırmalardan və məhkəmə sənədlərindən müəyyən məlumatlar əldə etdiyi anlaşılır. AQUPDK-nin rəsmisi Aynur Veysəlova mətbuata verdiyi müsahibəsində bildirir: “Boşanmaların altında çoxsaylı və dərin mənəvi-psixoloji amillər dayanır. Daha sonra gəlir reproduktiv sağlamlıqdakı problemlər, zərərli vərdişlərə aludəçilik, məişətdaxili zorakılıq, xəyanət və altıncı yerdə gəlir sosial vəziyyət. Biz özümüz 2 minə yaxın respondent arasında online sorğu keçirmişik. Orada iştirakçılar da sosial-maddi durumu səbəblər sırasında 6-7-ci yerdə qeyd ediblər. Yəni, bu səbəb sıralamada Ədliyyə Nazirliyindən aldığımız məlumatlarda və bizim sorğumuzda təxminən eyni yerdə dayanır.” [50].

       
Göstərilən bu boşanma səbəblərinin də zahiri-subyektiv və daxili-obyektiv tərəfləri vardır. Biz, bu məlumatlarına əsaslanaraq, Azərbaycanda boşanmaların səbəblərini aşağıdakı ardıcıllıqda təhlil etməyə çalışacağıq:

  1. Çoxsaylı və dərin mənəvi-psixoloji amillər
  2. Reproduktiv sağlamlıqdakı problemlər
  3. Zərərli vərdişlərə aludəçilik
  4. Məişətdaxili zorakılıq
  5. Xəyanət
  6. Sosial-iqtisadi vəziyyət
           

Boşanma səbəbləri: individualizm

 AQUPDK-nin sədri Hicran Hüseynova bildirib: “Araşdırma göstərir ki, boşanma hallarının səbəblərindən biri də kişilərin məsuliyyətlərini bilməmələridir. Məcburi şəkildə qurulan ailələr də bir neçə il keçdikdən sonra dağılır." [49].

   
AQUPDK-nin rəsmisi Aynur Veysəlova bildirir: “Bu gün boşanmaların əsasında insanların ailə institutuna münasibətindəki dəyişmələr, sosial-mənəvi məsuliyyətin aşağı olması dayanır. Bir çox hallarda insanlar ailəyə toya qədərki dövr kimi yanaşır. Toydan sonrakı birgə yaşayış, ər-arvad qarşısında, daha sonra uşaqlar qarşısında mənəvi-sosial məsuliyyət barədə düşünmürlər. Təəssüflər olsun ki, bu gün bu məsuliyyət hissi çox aşağıdır. Ailə qurmağa çox primitiv hal kimi yanaşırlar. Sonra isə, davam gətirə bilməyərək boşanırlar. Bilirsiniz, 15-20 il əvvəl insan boşanmışam deyəndə bir balaca narahat olurdu. Amma bu gün istər qadın, istərsə kişilər arasında belə narahatlıq hiss olunmur” .

   
AQUPDK-nin rəsmisinin ifadələri müvafiq təşkilatların araşdırmalarının və müşahidələrinin nəticəsidir. İnsanların, xüsusilə gənclərin ailəyə münasibətdə məsuliyyətlərinin azalması bütün dünyada (əsasən Qərbin sənaye şəhərlərində) müşahidə olunan bir prosesdir. Türkiyədə də boşanmaların əsas səbəbləri arasında məsuliyyətsizlik və laqeydlik ön yerdə durur.

   
2014-2016 illərində Azərbaycanda uşaqlarını bilərəkdən baxımsız qoyduğuna görə 660 valideyn məsuliyyətə cəlb edilib, həmçinin, bu müddətdə avaraçılıq və dilənçiliklə məşğul olan 1464 uşaq polis orqanları tərəfindən aşkarlanıb. Təbii ki, bu rəsmi rəqəmlər gerçəkliyin cüzi bir qismini əks etdirir. Ailələrdə məsuliyyətsiz və laqeyd valideynlərin qayğısından məhrum olan minlərlə uşaqlar vardır ki, cəmiyyət onların problemlərindən xəbərsizdir. Yaxud, minlərlə ailələr vardır ki, onların bütün maddi-mənəvi yükü anaların üzərinə yüklənmişdir. Görünən odur ki, ənənəvi olaraq ailədə məsuliyyət daşıyan ataların böyük bir qismi son dövrdə öz ənənəvi məsuliyyət hissini itirir və ailəsinə qarşı laqeydlik xəstəliyinə tutulurlar. Belə ailələrdə qadınlar bütün maddi-mənəvi yükü (həmçinin, ərə baxmaq) çəkə bilmədikləri təqdirdə, nə qədər çətin olsa da boşanmaya qərar verirlər. Qadınların, ailəsinə (həyat yoldaşı və uşaqlarına) maddi-mənəvi məsuliyyət hissi ilə yanaşan kişilərdən ayrılması halları geniş yayıla bilməz. Çünki kişilərin ailəsinə görə çəkdiyi maddi-mənəvi məsuliyyət hissi qarşılıqlı sevgi və hörmətin təməlində dayanır. 

   

Ailədə fərdləri bir-birinə bağlayan yalnız qan qohumluğu deyil, həmçinin, oxşar fiziki, zehni, emosional, psixiki xüsusiyyətlər, ümumi məişət, ortaq dəyər və əxlaq normalarıdır. Əslində, bu mürəkkəb və kompleks maddi-bioloji, mənəvi-psixoloji elementləri bir araya gətirən və onları tənzimləyən mexanizm hüquq sistemidir. Nikah müqaviləsi ilə başlayan bu hüquqi sistem, ata, ana və övladların qarşılıqlı maddi-bioloji və mənəvi-psixoloji münasibətlərinin təməlində dayanır. Hüquq normaları əsasında öz vəzifələrini dərk edən yetkin tərəflər (qadın və kişi) hüququn müxtəlif formaları (dövlət qanunları, dini hökmlər, adət və örflər) qarşısında məsuliyyət daşıdıqlarını qəbul edirlər. Əks təqdirdə, tərəflər arasında məsuliyyət hissi formalaşa bilməz və deməli, ailə qurumu yarana bilməz. 

   

İnsan fenomeni, fərqli (bəzən zidd) fiziobioloji və fiziopsixoloji xüsusiyyətlərə malik olan qadın və kişi cinsindən ibarətdir. Bu fərqlilikləri və ziddiyyətləri bir araya gətirən fiziopsixoloji mexanizm nəslin davam etdirilməsi, bioloji tələbatların yerinə yetirilməsi, qarşılıqlı cazibə hisslərindən (məhəbbət) yaranan yaxınlaşma zərurətidir. Bu zərurət, onları nikah müqaviləsində, ailə qurumunda bir araya gətirir. Ailə, bir hüquqi qurum kimi, onlara müəyyən vəzifə və məsuliyyətlər verməklə, onlar arasındakı ziddiyyət və fərqlilikləri tənzimləyir. Bu baxımdan, hüquq, tərəflərin maraqlarını tənzimləyən yüksək avtoritetə çevrilir. Tərəflər ailədə öz hüquq, vəzifə və məsuliyyətlərindən imtina etdikləri halda, ailə qurumu bir sosial varlıq kimi təhlükə altında qalır.

  
 
Bununla yanaşı, KİV-dən və şəxsi müşahidələrdən əldə olunan məlumatlara əsasən demək olar ki, müasir dövrdə gənclərin ailə həyatına münasibəti, sovet dövründə evlilərin ailəyə olan münasibətindən çox fərqlənir. Yaşlı nəsil, ailəyə xüsusi bir dəyər verdiyi halda, bir qisim gənclər artıq ona bir dəyər kimi baxmırlar. Buna görə də, bu gənclər üçün ailənin qurulması böyük bir tarixi gün olmadığı kimi, onun dağılması da bir faciə deyildir. Çünki gənc valideynlərin övladlarına olan münasibətində də müəyyən laqeydlik hissi formalaşıbdır. Bu tendensiya, bütün gənclərə sirayət etməsə də, KİV-dən, sosioloji araşdırmalardan və şəxsi müşahidələrdən əldə olunan məlumatlara əsasən demək olar ki, tədricən kütləviləşir. Bu, yanlız Azərbaycanda deyil, modernləşmə və qloballaşma prosesindən sürətlə keçən bütün cəmiyyətlərdə kütləvi hal alır. 

   
Nə baş verir? Nəyə görə gənclərdə laqeydlik, eqoistlik, məsuliyyətsizlik hissləri güclənir? Nədən ənənəvi ailədə ataların daşıdıqları maddi-mənəvi məsuliyyət hissi, anaların fədakarlıq xüsusiyyətləri, ailə qurumu ilə bağlı kollektiv dəyərlər tədricən zəifləyir?

    
Biz düşünürük ki, mövcud tendensiyanın təməlində obyektiv səbəblər dayanır. Onlar aşağıdakılardır:

  1. Cəmiyyətdə individual dəyərlərin kök salması və real-emosional ünsiyyətin qeyri-emosional virtual ünsiyyətlə əvəz olunması;
  2. Qadınların cəmiyyətdə iqtisadi müstəqilliyinin artması və gender rollarının kişi = qadın formulu istiqamətində tədricən dəyişməsi.

     
İnternet bəşəriyyət tarixinə daxil olan ən böyük bir ixtiradır. Onun müsbət tərəfləri olduqca çoxdur. Lakin, internetdə insan və cəmiyyət üçün təhlükəli olan amillər də kifayət qədərdir. Onlardan biri, insanların tabuların, dəyərlərin və sərhədlərin olmadığı virtual aləmi, tabuların, dəyərlərin və sərhədlərin olduğu real aləmdən daha çox sevmələri və ona aludə olmalarıdır. Bu aləmin sakinləri həmçinin, sosial şəbəkələrdə, pornoqrafik saytlarda, qorxulu oyunlarda iştirak etmək və psixikası pozulmuş terrorçu, manyak, əxlaqsız fərdlərlə əlaqə yaratmaq imkanlarına sahib olurlar. Bunlar, yanlız, həmin insanların mənəvi-psixoloji durumunun dəyişməsinə deyil, həmçinin, onların ətrafında olan insanlar ilə münasibətlərinin də dəyişməsinə şərait yaradır. Ailə üzvlərindən hər birinin gizli virtual aləmi real ailə mühitinin birliyini parçalayır və onun yerində formalaşan boşluq tədricən ailənin “qara dəliyi”nə çevrilir. Bu tendensiyanın inkişaf etməsi, cəmiyyətin də eyni aqibət ilə üzləşməsinə şərait yaradır. 

   
Son dövrdə ictimaiyyətdə ətraf aləmə qeyri-emosionallığı, diqqətsizliyi, laqeydliyi, eqoizmi və real aləmdən daha çox virtual aləmə bağlılığı ilə seçilən, sərhədsiz və tabusuz virtual aləmin sakinləri kimi qeyri-məhdud zaman və məkan, əxlaq və dəyər anlayışlarına, fərqli psixika, davranış və həyat tərzinə malik olan və reallıqla uzlaşa bilməyən bir “robot nəsildən” bəhs olunur. Fərqli mühitdə yetişən yaşlı nəsil, bunları daha aydın şəkildə müşahidə edə bilir. Məsələn, ictimai yerlərdə olarkən və yolda gedərkən gözləri mobil telefonlarda olan, qulaqları qulaqçıqlar ilə qapanan, ətrafında baş verənləri görüb-eşitməyən, əksər hallarda avtobuslarda uşaq və yaşlılara yer verməyən, qonşu və qohumlarla əlaqə qurmağa meyil etməyən, ailədə valideynlərin, məktəb və universitetlərdə müəllimlərin, cəmiyyətdə yaşlıların avtoritetini qəbul etməyən, ailə üzvləri ilə az ünsiyyətdə olan, həyatının böyük bir hissəsini internetdə hərəkətsiz şəkildə keçirən, dostlarını, gələcək həyat yoldaşını ünsiyyət qurduğu virtual aləmdə axtaran bir nəsil mövcuddur. Əslində, cəmiyyətdə və şəxsiyyətin formalaşması prosesində baş verən bu hadisələri individualizm kimi səciyyələndirmək olar.

   
 İndividualizm dəyərləri Azərbaycanda hələ SSRİ dövründən kök salmağa başlamışdı. Bolşevik inqilabı feodal sistemin bütün kollektivçilik ənənələrini ortadan qaldırmaqla, individualizmə yol açdı. Lakin, sonradan sosializm ideologiyası istiqamətində fərdləri əmək kollektivlərində və “sovet vətəndaşı” kimliyində birləşdirməyə çalışdı. Bu kollektivçilik əvvəlki fundamental etnik və dini kollektivçilik dəyərlərindən fərqlənirdi. Kənd və rayonlarda isə, bu siyasət kolxoz və sovxoz səviyyəsində həyata keçirildi. Lakin, bölgələrdə şəhərdən fərqli olaraq, ailə-qohumluq institutuna əsaslanan ənənəvi kollektivizm dəyərləri özünü qoruyurdu. Çünki şəhərlərə nisbətdə modernləşmə prosesləri zəif gedirdi.

    
 SSRİ-nin süqutu və sosializmin iqtisadi sisteminin çöküşü əmək kollektivizmini də ortadan qaldırdı. Etnik, dini, ideoloji kollektiv dəyərlər yenidən gündəmə gəldi. Lakin, bunlar pərakəndə xarakter daşıdı. Bütün cəmiyyəti bir araya gətirən milli ideya axtarışı aktuallaşdı. Buna paralel şəkildə qloballaşma prosesləri də son 30 ildə öz işini gördü.

      
 Artıq, son 30 ildə hökm sürən qloballaşma şəraitində və milli-mənəvi boşluq mühitində bir nəsil yetişdi. Bu nəsil valideynlərinin mənəvi varisi ola bilməzdi. Çünki valideynlərinin inandığı və yaşadığı dəyərlər sistemi çökmüşdü. Onlar öz valideynlərindən həyat yolu barədə də məsləhət ala bilməzdilər. Çünki baş verən hadisələr hamı üçün qeyri-müəyyən idi. Belə bir durumda, hər kəs öz yolunu axtarmalı idi. Məhz, bu axtarış individual dəyərlərin ortaya çıxmasına və inkişaf etməsinə təkan verdi. Əslində, bunun özünüdərk ilə bağlı müsbət tərəfləri də vardır. Lakin, qloballaşma və onun nəhəng kütləvi mədəniyyəti bu özünüdərk prosesinin inkişaf etməsinə mane olur və onu internet vasitəsilə yönləndirir.

      
90-cı illərdən ölkədə internetin genişlənməsi, individualizm dəyərlərinin tədricən gənclər arasında sürətlə yayılmasına şərait yaratdı. Bakı şəhərində kollektivizm dəyərləri bölgələrə nisbətdə çox zəif idi. Bölgələrdə ənənəvi kollektivizm dəyərləri öz varlığını bu və ya digər şəkildə qoruyub saxlayır. Çünki qloballaşmanın təsiri periferiyalara daha gec çatır. Lakin, bölgələrdə sosial-iqtisadi durumun çətin olması, bölgə əhalisinin şəhərlərə miqrasiya etməsinə səbəb oldu. Əslində, bu miqrasiya şəhərlərdə transformasiya proseslərinin sürətini bir qədər ləngitdi. Çünki şəhərlərdə kollektiv dəyərləri qoruyub saxlamağa çalışan və bu münasibətləri inkişaf etdirmək üçün qohumlar (və ya tayfalar) arasında evlənən bölgə əhalisinin qohumbazlıq, tayfabazlıq davranışları davam etməyə başladı. Azərbaycanda toy və yas adətləri, xalq və dini bayramlar (novruz, qurban, ramazan) da ənənəvi kollektivizm dəyərlərini mühafizə edən mexanizm kimi dəyərləndirilə bilər.   

    
İnsanlarda (xüsusilə, gənclərdə) məsuliyyət hissinin azalması və laqeydliyin artması, individualizm dəyərlərinin kollektivizm dəyərləri üzərində üstünlük qazandığını göstərir. İndividualizm, boşanmalarda dərin mənəvi-psixoloji amillərin mənşəyində, gənclər arasında ailəyə münasibətin dəyişməsində, sosial-mənəvi məsuliyyətin aşağı olmasında, insanların son dövrdə bir-birinə olan laqeyd münasibətlərində özünü biruzə verir.  

       
İndividualizm dəyərləri ilə yaşayan ailələrdən fərqli olaraq, kollektivizm dəyərlərinin qorunduğu ailələrdə boşanma halları az olur. Çünki bu ailələrdə olan münaqişələrə yaxın qohumlar, nəslin ağsaqqal və ağbirçəkləri müdaxilə edir və onun aradan qaldırılması üçün vasitəçi olurlar. Bu tip ailələrdə evliliklər əsasən qohumlar arasında baş verdiyi üçün, ailənin dağılması kooperativ maraqlara cavab vermir. Kollektivizm mühitində cəmiyyətin ağır sosial-iqtisadi və psixoloji yüklərini bir ailə deyil, kollektiv institut öz üzərinə götürərək paylaşır. İndividualizm dəyərləri ilə yaşayan ailələrdə isə, bunun əksi müşahidə olunur. İndividual mədəniyyətli ailələrdən fərqli olaraq, kollektiv mədəniyyətli ailələr sosial təkamül prosesində, sosial-iqtisadi inkişafda daha çox rəqabət gücünə malikdirlər. Buna görə də, İslam dinində qohumluq, qonşuluq institutlarının qorunub saxlanılması dini vəzifə kimi dəyərləndirilir.

    
Azərbaycanda internetdən ilk istifadə 1993-cü ildən başlamış, 2006-cı ildən “odnoklassniki” və daha sonra “Facebook” sosial şəbəkəsindən istifadə olunmuşdur. Bu gün, onların sayı daha çoxdur. 2010-cu ildən başlayaraq sosial şəbəkələrdən istifadə kütləviləşmişdir. Azərbaycanda 2010-2017-ci illərdə bağlanan nikahlara (79172-62923-ə qədər azalmış) nisbətdə boşanmaların səviyyəsi (9061-14514) 11.4%-dən 23%-ə qədər, yəni, iki dəfədən çox artmışdır. Lakin, 1993-2010-cu illərdə bağlanan nikahlara (60028 - 79172-ə qədər artmış) nisbətdə boşanmaların sayı (6564 - 9061) 10.9%-dən 11.4%-ə qədər, yəni, cəmi 0.5% artmışdır. Maraqlıdır ki, sosial şəbəkələrdən istifadə kütləviləşməyənə qədər Azərbaycanda 17 il ərzində boşanma səviyyəsi artmadığı təqdirdə, sosial şəbəkələrdən istifadə kütləviləşəndən sonra boşanmaların səviyyəsi cəmi 7 il ərzində 12% artmışdır.Biz qeyri-rəsmi rəqəmləri də nəzərə salsaq, bunun daha çox olduğunu söyləyə bilərik.

 
 Azərbaycanda boşanmaların səviyyəsinin 7 il ərzində (2010-2017) 12%-dən çox artımın olması nə ilə izah oluna bilər?

   
Azərbaycanda boşanmaların səviyyəsi son 50-60 ildə heç bir zaman 7 il ərzində (2010-2017) olan kimi 12% artmamışdır. 1945-1960 illərdə bu rəqəm 1%-dən 6%-dək, 1960-1965 illərdə 6%-dən 9%-dək, 1965-1975 illərdə 9%-dən 15%-dək, 1975-1990 illərdə 15%-dən 19.2%-dək təşkil etmişdir. Göründüyü kimi, son 7-8 ildə boşanmaların səviyyəsi digər illərə nisbətdə xeyli irəli getmişdir. Bunun səbəbini, sosial-iqtisadi problemlərdə axtarmaq da doğru olmazdı. Çünki Azərbaycanda 2010-2017 illərdə sosial-iqtisadi durum heç də 60-70-ci illərdə olan sosial-iqtisadi durumdan aşağı olmamışdır. Halbuki, həmin dövrlərdə boşanmaların səviyyəsi müqayisədə aşağı olmuşdur. Azərbaycanda 2010-2017 illərdə boşanmaların səviyyəsinin sürətlə artmasının əsas səbəblərindən birinin sosial şəbəkələr olduğu şübhə doğurmur.  

 

Orkhanrza.com-un açıqladığı yeni statistik məlumatda qeyd olunur ki, 2018-ci ildə Azərbaycanda aktiv Facebook istifadəçilərinin sayı 1.73 milyon təşkil edir. Bunların 68.2%-ni (1.18 milyon) kişi, 31.8%-ni (0.55 milyon) qadınlar təşkil edir. 

     
İstifadəçilər Facebook-a daha çox mobil cihazlardan daxil olur. Statistika göstərir ki, istifadəçilərin 9%-i Facebook-a yalnız kompüterdən daxil olur. 25% həm kompüter, həm mobil cihazlardan daxil olursa, 66% istifadəçilər Facebook-a yalnız mobil cihazlardan daxil olurlar.

Mobil cihazlar arasında Android əməliyyat sisteminə malik telefonlar üstünlük təşkil edir. Facebookda istifadəçilərinin 200 mini münasibət vəziyyətini (relationship status) subay olaraq, 190 mini isə evli olaraq qeyd edib [58].

2016-2017-ci il məlumatları da göstərir ki, Azərbaycanda Facebook istifadəçilərinin sayı 1,75 milyon, Instagram istifadəçilərinin sayı isə 1,66 milyona çatıbdır (ümumi sayı 2,5 milyondur). 

Onlardan 840 mini yalnız Facebook, 750 mini yalnız Instagram, 910 mini isə hər ikisinin istifadəçisidir [58]. “Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 2014cü ildə 1%-dən aşağı düşübdür. 

   
 İstifadəçilərin yaşına baxanda görürük ki, Facebook və Instagram auditoriyaları təxminən eynidir. Lakin, 36-45 yaşlarda Instagram istifadəçilərinin sayı Facebook ilə müqayisədə xeyli çoxdur. Facebook və Instagram istifadəçilərinin cins nisbətinə diqqət yetirəndə görürük ki, hər ikisində qadın və kişilərin nisbəti təqribən eynidir.  

 

   
2016-2017-ci illərlə 2018-ci il arasında müqayisə aparanda məlum olur ki, Facebook istifadəçilərinin sayı 1,75 milyondan 1.73 milyona enmiş, xüsusilə qadın istifadəçilərin sayı təqribən iki dəfə azalmışdır. Yaş fərqinə diqqət yetirsək görərik ki, digər yaş qruplarında qadınların sayı təqribən iki dəfə azalsa da, 36-45 yaş qrupunda onların sayı təqribən iki dəfə çoxalmışdır.

    

 Facebook istifadəçilərinin 200 mini subaydırsa, 190 mini evli, 18 mini nişanlıdır. Təbii ki, bu statusların əksəriyyəti gerçəkliyi əks etdirmir. Lakin, həqiqət odur ki, əhalinin bütün yaş qrupları ailə vəziyyətindən və cinsindən asılı olmayaraq virtual aləmdə sosial şəbəkələrin istifadəçiləridirlər.


Azərbaycanda 20-35 yaş arasında boşananların əksəriyyət təşkil etməsini, onlar arasında 61%-nin evlilik müddətinin 5-9 ildən artıq davam etməməsini və bu yaş qrupunda evli olanların aktiv internet istifadəçiləri olduğunu nəzərə alsaq deyə bilərik ki, bu yaş qrupunda olan insanlar arasında boşanmaların əsas səbəblərindən biri sosial şəbəkələrdir.  


Əslində, bu proseslər internetin inkişaf etdiyi bütün dünya ölkələrində gedir. “Slater and Gordon” hüquq firması müəyyən edib ki, dünyada hər 7 ailədən biri sosial şəbəkələr ucbatında dağılır. Dünyada hər 5-ci cütlüyün sosial şəbəkələrdə həyat yoldaşının ona xəyanət edib-etmədiyini araşdırır, hər 4-cü cütlük ən azı həftədə bir dəfə öz tərəf-müqabili ilə internetdən istifadəyə görə mübahisə edir. Bu tendensiya, ilbəil artır.

      Sosial şəbəkələr ailəyə və ailə üzvlərinə aşağıdakı mənfi təsirləri göstərirlər:

  1. Öz həyatının böyük bir hissəsini sosial şəbəkələrdə keçirən insanların bir-birinə vaxt ayırması mümkün olmur. Həyat yoldaşı və uşaqlar özlərinə daha çox vaxt sərf edilməsini və daha çox diqqət edilməsini tələb edirlər. Bu tələbat ödənilmədikdə, onların hər biri öz virtual aləminə çəkilir və ailədə, cəmiyyətdə emosional münasibətlər azalaraq soyuqlaşır, nəticədə ailə və cəmiyyətdə fiziki baxımdan bir yerdə olan fərdlər, mənəvi-psixoloji baxımdan bir-birindən təcrid olunurlar. Beləliklə, mənəvi-psixoloji bağlılığı itirən fərdlər fiziki bağlılığa da ehtiyac hiss etmirlər.
  2. Sıx internet istifadəçilərinin diqqəti ətraf aləmdən virtual aləmə yönəlir. Bu isə, onlarda real ünsiyyət və emosional yetkinlik problemləri yaradır. Özünü həyatda reallaşdıra bilməyən bu fərdlər özlərini virtual aləmdə reallaşdırmağa çalışırlar. Nəticədə, onlar öz içinə qapanan, eqoist, kompleksli insanlar kimi ətrafdakılar üçün maraqsız bir obyektə çevrilirlər. Belə insanlar ailə həyatı üçün yararsız olurlar. Çünki ailənin təməlini fədakarlıq, sevgi və mehriban ünsiyyət təşkil edir.
  3. İndividualizm dəyərləri əsasən şəhər mühitində şəxsin eqoizm, müstəqillik, özgələşmə hissini artırır və onu tənhalığa, qapalı həyat tərzinə, qeyri-ənənəvi və aqressiv davranışlara, milli dəyərlərdən uzaqlaşaraq qloballaşma dəyərlərinə sövq edir. Bu cür insanlar hesab edirlər ki, ailə onun şəxsi azadlığını məhdudlaşdırır və özü üçün yaşamağa mane olur. Çünki ailə, övlad əlavə bir yükdür və ya şəxsi həyatını yaşamaq, karyerasını qurmaq üçün bir maneədir. Ailə həyatı qurmadan da nəsli davam etdirmək və həmçinin, öz şəxsi həyatını istədiyi kimi yaşamaq mümkündürsə, ailə qurmaq üçün də zərurət ortadan qalxır.
  4. Evlilərin sosial şəbəkədən mütəmadi şəkildə istifadə etmələri, ailədə evli cütlüklərin bir-birinə olan qarşılıqlı etimadını zəiflədir. Nəticədə, onlar bir-birindən əsaslı və ya əsassız olaraq şübhələnməyə başlayırlar. Sonra bu zəmində baş verən ilkin anlaşılmazlıqlar ailənin dağılmasına təkan verir. Çünki onlar, bir-birini anlamağa şərait yaradan emosional yetkinlik hissindən məhrumdurlar.

    5.     Sosial şəbəkələr xəyanət hadisələrinin genişlənməsinə operativ şərait yaradır. Çünki mobil telefonlar vasitəsilə sosial şəbəkələrə daxil olmaq, orada operativ əlaqə yaratmaq və xəyanətin məxfiliyini qoruyub saxlamaq imkanları daha da artır. Lakin, xəyanətlər gec-tez özünü biruzə verir və nəticədə, boşanmalar, bəzən cinayət hadisələri baş verir.

    Araşdırmalar göstərir ki, internet cəmiyyətdə individualizm dəyərlərinin inkişafına şərait yaradır. Kollektiv dəyərlər virtual məkanda sosial şəbəkələrdə formalaşır. Lakin, bu virtual əlaqələr real ünsiyyətin azalmasına səbəb olur. İnsanlararası qarşılıqlı ünsiyyətin zəifləməsi, fərdin psixikasında eqoizm, narsizm, özünəqapanma kimi xüsusiyyətlərin formalaşmasına və inkişafına şərait yaradır. Beləliklə, cəmiyyətdə insalarası ünsiyyət və qarşılıqlı məsuliyyətin nəticəsində yaranan kollektiv dəyərlər iflas edir. Bu dəyərlərin başında gələn ailə qurumudur. Deməli, ailənin dağılmasının və boşanmaların artmasının birbaşa və dolayı olaraq sosial şəbəkələrlə əlaqəsi vardır. 

         Bunun qarşısını almaq üçün, insanların kütləvi şəkildə bir yerə toplanmasını və ünsiyyət qurmasını təmin edən tədbir və layihələrin həyata keçirilməsinə ehtiyac vardır. Bunlar aşağıdakılar ola bilər:

    -        Parkların sayının artırılması;

    -        parklarda gənclərin kollektiv idman oyunlarının təşkili;

-        şəhərsalma layihələrində həyatyanı sahələrin genişləndirilməsi və orada bütün yaş qruplarının əylənməsini təmin edən sahələrin ayrılması;

-        Xalq oyunlarının (əvvəlki küçə oyunlarının) müasirləşdirilməsi və onların həyata keçirilməsi üçün parklarda, həyətyanı sahələrdə şəraitin yaradılması;

-        parklarda, ictimai yerlərdə yarışların təşkil olunması və qaliblərin mükafatlandırılması;

-        ödənişsiz futbol və voleybol sahələrinin artırılması;

-        açıq səma altında yaradıcılıq sahələrinin ayrılması və s.  

 

Reproduktiv sağlamlıq problemləri

   
 Boşanmaların səbəbləri arasında ən başlıcası reproduktiv sağlamlıq problemləridir. Bu səbəblər, adətən hər iki tərəfdən məhkəmələrdə “xasiyyət uyğunsuzluğu” adı altında gizli saxlanılır. Çünki boşananların həm qürurunun sınmaması, həm də sonradan təkrar ailə qurması üçün sağlamlıq problemləri gizlədilir.

     AQUPDK-nin rəsmisiboşanmaların səbəbi ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb: “Rəsmi olaraq boşanmalar zamanı 70-80 faiz hallarda əsas səbəb tərəflər arasında anlaşılmazlıq, xasiyyətin uyğun gəlməməsi göstərilir. Bundan sonrakı yerlərdə xəstəliklər, ailə münaqişələri, sonsuzluq gəlir. Lakin araşdırmalara əsasən, boşanmaların qeyri-rəsmi səbəbləri arasında ilk yerdə sonsuzluq durur. İl ərzində baş verən 12 min boşanma faktından 7-8 minində ailələrdə uşaq yoxdur. Son 5 il ərzində həm rəsmi, həm də qeyri-rəsmi statistikada sonsuzluğun artması qeydə alınıb”

     
AQUPDK-nin rəsmisinin verdiyi məlumat diqqətçəkicidir. Boşanmaların 60-70%-nin sonsuzluqdan irəli gəldiyini və bunun ilbəil artdığını nəzərə alsaq təhlükənin nə qədər ciddi olduğunu anlamalıyıq. Bu tendensiya, ailələrin dağılmasına və nəticədə genofondun məhv olunmasına yönəlibdir. 

     
Biz əsas evlilik yaşında olan (20-40) insanların xəstəlikləri arasında ailə həyatına mənfi təsir göstərən xəstəliklərə diqqət yetirsək, onların ilbəil artdığını görərik.

 

Vədxassəli yenitörömələr digər xəstəliklər arasında 1.4% təşkil edir. Xüsusilə, bu, 30 və yuxarı yaşlardakı qadınlar arasında geniş yayılır. İlk dəfə qoyulmuş diaqnozla qeydə alınmış qadın xəstələrin arasında əsasən bədxassəli yenitörömələrin ümumi sayı 2000-2016 illərdə 2431-dən 5572-ə yüksəlmişdir. O cümlədən, 2000-2016 illərdə uşaqlıq boynunun və cisminin, ciftin (321-dən 682-ə), yumurtalığın (126-dan 331-ə), uşaqlıq boynunun eroziyası və ektropionu (4462-dən 7849-a), menstruasiya dövrünün pozulması (3076-dan 10946-a), qadın sonsuzluğu (726-dan 2208-ə), hamiləlik, doğuş və zahılıq dövründə (12666-dan 57581-ə) yüksəlmişdir .

      
14-29 yaşarası gənclərdə (qadın və kişilərdə) cinsi xəstəliklər artır. 2007-2016 illərdə sidik-cinsiyyət sisteminin xəstəlikləri (17181-dən 33042-ə), hamiləlik, doğuş və zahılıq dövründə (16525-dən 37974-ə), anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları (604-dən 912-ə) yüksəlmişdir.

     
 30 və daha yuxarı yaşlarda (qadın və kişilərdə) da cinsi xəstəliklər artır. 2007-2016 illərdə sidik-cinsiyyət sisteminin xəstəlikləri (36063-dən 54679-a), hamiləlik, doğuş və zahılıq dövründə (12815-dən 19607-ə) yüksəlmiş, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları isə enmişdir (348-dən 272-ə).

     
Əhali arasında sifilis xəstəliyinin səviyyəsi 2012-ci ildən bu günə kimi artan xətt üzrə yüksəlir. Eynilə, qadınların hamiləlik riskini artıran abortların sayı 2003-cü ildə bu günə kimi artan xətt üzrə davam edir (diaqram 5.7). Azərbaycanda intim xidmətlərin qeyri-rəsmi şəkildə mövcud olması isə, onların tibbi nəzarətə götürülməsinə mane olur və nəticədə, siflis, spid kimi bir çox xəstəliklərin meydana çıxmasına şərait yaradır. 

     
Göründüyü kimi, qadın və kişilərdə sağlam övlad dünyaya gətirməklə bağlı ciddi problemlər mövcuddur və onların sayı get-gedə daha da artmaqdadır. Təbii ki, bu problemlərin dərinləşməsi ailələrin dağılmasına birbaşa təsir göstərir.

    
Ailələrin dağılmasında ailədaxili zorakılıq hallarının özünəməxsus payı vardır. Ailədaxili zorakılıq hallarının ortaya çıxmasına səbəb olan amillər müxtəlif ola bilər. Burada, narkomaniya və alkoqolizm, əsəb və psixi xəstəliklər, qısqanclıq, xəyanət və digər bu kimi amillər səbəb kimi göstərilə bilər.

    
Ailələrin dağılmasına, ailədaxili zorakılıq hallarının artmasına və hətta, dəhşətli ailə cinayətlərinin ortaya çıxmasına səbəb olan amillərdən ən başlıcası əsəb və psixi xəstəliklərdir. Bu xəstəliklər, bəzən özünü biruzə vermir və müəyyən məqamlarda fəallaşır. Evlənənlər ilk dövrlərdə bu kimi halları müşahidə etməyə də bilərlər. Lakin, ailə qurulduqdan sonra belə hallar üzə çıxır. Azərbaycanda sinir sistemi xəstəlikləri sürətlə inkişaf edir. Təbii ki, belə bir mühitdə yaşamaq və övlad böyütmək çox təhlükəlidir.

    
 2007-2016 illərdə 14-29 yaşarası gənclərdə (qadın və kişilərdə) psixi pozğunluqlar və davranış pozğunluqları 3983-dən 3704-ə enmiş, lakin, sinir sistemi xəstəlikləri 7230-dan 13206-a yüksəlmişdir. Bu xəstəliklər, ümumi xəstəliklər sırasında 8.8% təşkil edirlər. 2007-2016 illərdə 30 və daha yuxarı yaşlarda (qadın və kişilərdə) psixi pozğunluqlar və davranış pozğunluqları 7652-dən 4830-a enmiş, lakin, sinir sistemi xəstəlikləri 17409-dan 26005-ə yüksəlmişdir. Bu xəstəliklər, ümumi xəstəliklər sırasında 8.9% təşkil edirlər (DSK). Sinir sistemi xəstəliklərinin təqribən iki dəfə artması, cəmiyyətdə və ailədə aqressiyanın da iki dəfə artdığını göstərir.

     
 Evlilik yaşında olan insanların cinsi xəstəliklərə məruz qalması və bu xəstəliklərin sayının ilbəil artması, sinir sistemi xəstəliklərinin artması müvafiq sahələr üzrə dövlət qurumlarının (Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi) və mütəxəssislərin məsuliyyətlərini artırır. Bunun səbəbləri arasında genetik məhsulların (GMO) istehlakı da dayana bilər. Düzdür, Azərbaycanda GMO məhsullarının istehlakına rəsmi qadağa qoyulmuşdur. Lakin, GMO toxumları qadağadan əvvəlki illərdə kənd təsərrüfatında özünə yer etmişdir. Boston alimlərinin empirik araşdırmaları sübut etmişdir ki, GMO məhsulları hormonal balansın pozulmasına, spermatoidlərin tərkibinin zəifləməsinə, sonsuzluq xəstəliyinin ortaya çıxmasına, hətta, psixoloji problemlərin yaranmasına birbaşa təsir göstərir [64]. Eyni zamanda, bioloji elmlər doktoru İrina Yermakovanın da araşdırmaları bunu təsdiq edir [65]. Son dövrdə psixoloji problemlərlə əlaqədar olan intihar hallarının artmasında da bu amillərin rolu ola bilər.   


Zərərli vərdişlərə aludəçilik (alkoqolizm və narkomaniya)

       
Azərbaycanda alkoqolizmə, içkiyə meyillik səviyyəsi yüksək deyildir. Əsasən, əhalinin böyük bir qismi yalnız şənlik məclislərində, yeni il bayramında spirtli içkilərdən istifadə edir. SSRİ dövründən fərqli olaraq son dövrdə milli-mənəvi dəyərlərə qayıdış, içkiyə meylin qismən azalmasına səbəb olmuşdur. Azərbaycanda alkoqolizm səviyyəsi əsasən əhalinin hər 100.000 nəfərinə 5-10 rəqəmi arasında qalxıb enir.

     
Alkoqolizmin yaşandığı ailələrdə boşanmalar geniş yayılmışdır. Rusiyada boşanmaların 41%-i alkoqalizm və narkomaniya ilə əlaqədardır. Azərbaycanda narkomaniya meyillilik səviyyəsi alkoqolizmdən 3-4 dəfə çoxdur. Azərbaycanda narkomaniyanın səviyyəsi əsasən əhalinin hər 100.000 nəfərinə 20-25 rəqəmi arasında qalxıb enir (2006-2010 illərində 25-35 rəqəmi arasında olmuşdur). 

      
Azərbaycanda narkomaniyanın və alkoqolizmin artması ailələrin dağılma səviyyəsinə adekvatdır. Çünki bu xəstəliyə tutulan insanlar ailə qurumunun qorunub saxlanılması ilə əlaqədar olan bütün funksiyalarını itirirlər və öz zərərli vərdişləri ilə mexaniki olaraq ailənin dağılmasına xidmət edirlər. Belə insanlar nəinki ailə üçün, hətta, cəmiyyət üçün yararsız və təhlükəli mənbəyə çevrilirlər. Ailədə və cəmiyyətdə müşahidə olunan bir çox münaqişələrin, zorakılıq hallarının və cinayətlərin əsasında bu zərərli vərdişlər dayanır.   

      
Azərbaycanda əsasən gənclər arasında yayılan narkomaniya və alkoqolizmin qarşısını almağın ən optimal yolu, islami dəyərlərin orta məktəb dərsliklərində geniş təbliğ olunması, spirtli içkilərin qiymətlərinin bir neçə dəfə yüksədilməsi, narkomaniya ticarəti mənbələrinin aşkar olunaraq ləğv edilməsi və zərərli vərdişlərə aludəçilərin reabilitasiyası və sosial həyatda fəallaşması ilə bağlı dövlət layihələrinin həyata keçirilməsi məqsədəuyğundur.  


Boşanmalarda xəyanət amili

    

Xəyanət məsələsi daima boşanmalara və hətta ağır cinayətlərə səbəb olan amil olmuşdur. Şəriət məhkəməsi ilə idarə olunan bəzi müsəlman ölkələrində xəyanət, zina halı kimi həm kişilər, həm də qadınlar üçün cinayət hadisəsi və günah hesab olunur. Xüsusilə, evli insanlara münasibətdə bu cinayətin şərtləri daha ağırdır. Lakin, sekulyar dövlətlərdə zina, cinayət hadisəsi və günah hesab olunmur. Azərbaycan dünyəvi bir dövlət olduğu üçün, zina ilə bağlı cinayət məsuliyyəti yoxdur. Çünki Azərbaycan 70 il sovet dövlətinin tərkib hissəsi olmuş və müstəqillik illərindən sonra da dünyəvi dövlət kursunu davam etdirmişdir.

    
Buna baxmayaraq, Azərbaycan cəmiyyətində mövcud olan keçmiş ənənələr milli şüurda xəyanət hadisəsinə qarşı sərt münasibət sərgiləyir. Maraqlıdır ki, bu münasibət əsasən qadın xəyanətinə qarşı yönəlibdir. Əksər hallarda, cəmiyyətdə kişi xəyanətinə münasibət o qədər də ciddi deyildir. Əksər kişilər və bəzi qadınlar, evli kişilərin xəyanət etməsinə normal bir hadisə kimi baxırlar. Onlar, ailənin maddi təminatını ödəməklə öz vəzifələrini yerinə yetirdiklərini düşünürlər. Qadınların ənənəvi olaraq kişilərdən iqtisadi asılılığı, onları bu rəzalətə dözməyə vadar edir və ya boşanmaya getməsinə səbəb olur.

   
KİV-də ağır ailə durumları ilə bağlı məlumatlar vardır: 5 il ailəli olan qadın öz əri barədə deyir: "Daim başqa qadınlarla gəzməklər, kef həyatı. Yəni, bir sözlə ailəsini görmürdü ki, var, ya yoxdur. Sonda dözmədim, ayrıldım. Heç bir qadın alçalmağa layiq deyil. Hal-hazırda oğlumu təkcə böyüdürəm. Ən azından təhqirlərdən, alçalmalardan azadam" . 

    
Adətən, ailəyə ən çox xəyanət edənlər kişilərdir. Çünki kişilərin xəyanəti cəmiyyətdə adi bir hal kimi qəbul edildiyi halda, qadınların xəyanəti ağır sosial qınaq ilə üzləşir. Qadınların xəyanəti ən yaxşı halda ailənin dağılması ilə nəticələnirsə, kişilərin xəyanəti təsadüfi hallarda boşanmaya səbəb olur. Çünki xəyanətə məruz qalan kişilər öz qohumları, qonşuları, əmək kollektivi arasında öz nüfuzunu tamamilə itirirsə, xəyanətə məruz qalan qadınlar bu cür aqibətlə üzləşmirlər. Lakin, individualizmin inkişaf etdiyi böyük şəhərlərdə bu kimi hallar tədricən ortadan qalxdığı üçün, xəyanət hadisəsi adiləşir. Məsələn, Qərb ölkələrinin bəzi ailələrində qadın və kişi bir-birinin kənardakı intim həyatlarına müdaxilə etmir və bunu norma kimi qəbul edirlər. Bu cür ailələr, əslində formal şəkildə mövcuddurlar. Son dövrdə Bakı şəhərində belə ailələrin sayı artmışdır.

    
Qadınların cəmiyyətdə iqtisadi müstəqilliyi artdıqca, yəni, gender bərabərliyi öz töhvəsini verdikcə, onların ərlərindən iqtisadi asılılığı azalır. Artıq, bu şərtlər çərçivəsində meydana çıxan bərabərlik, kişilərin davranışlarının dəyişməsinə səbəb olur. Çünki kişilər anlayırlar ki, xəyanətlərinin qarşılığında qadınlar onları tərk edərək müstəqil yaşamaq iqtidarındadırlar. Kişilər öz xəyanətlərini davam etdirdikləri təqdirdə, ya onların ailələri dağılır, ya da qadınlar da ailəni davam etdirmək şərti ilə gizli xəyanət yolunu seçirlər. Son dövrdə sosial şəbəkələrin geniş yayılması və mobil telefonların sonsuz imkanları həm qadınlara, həm də kişilərə xəyanət etmək üçün münbit şərait yaradır. Təbii ki, bu gizlilik gec və ya tez üzə çıxdığı üçün, boşanmalar və cinayət hadisələri artır.    

     
Son dövrdə xəyanət hallarının genişlənməsi üçün münbit şərait yaranmışdır. Mobil telefonlar vasitəsilə qadın və kişilərin sosial şəbəkələrdə yeni dostlar, həmsöhbətlər ilə tanış olması və onlarla əlaqələr yaratması asan bir məsələyə çevrilmişdir. Bu imkanların genişlənməsi, evlilərin daima bir-birinə şübhə ilə yanaşmasına, bir çox hallarda əsassız qısqanclıq və şübhə hallarının ortaya çıxmasına səbəb olur. Bu kimi halların davam etməsi, nəticədə ailədaxili münaqişələrə və boşanma hallarına səbəb olur. Bu kimi hallar, əksər hallarda xəyanət kimi başa düşülür.

    
Sosial şəbəkələr xəyanət hadisələrinin genişlənməsinə operativ şərait yaradır. ABŞ-nın ailə hüququ üzrə vəkillər akademiyasının araşdırmaları sübut etmişdir ki, ABŞ-da hər 5 boşanma işinin 1-nin (80%) səbəbi sosial şəbəkələr (xüsusilə, Facebook 66%) vasitəsilə baş verən xəyanət ilə bağlı olmuşdur. Almaniyada isə, hər 4 boşanma işinin 1-nin səbəbi sosial şəbəkələr vasitəsilə baş verən xəyanətlərdir [67].2016-cı ildə Azərbaycanda qeydə alınan (13114) boşanmalardan 413-ü xəyanət səbəbindən baş vermişdir. Ancaq bu rəqəmin daha çox olduğunu ehtimal etmək olar.

      
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzuyla əlaqədar təcrübəsində baş vermiş ailədaxili münaqişələrdən danışır. Hadisə rayonların birində baş verib: “Qadının əri evliliklərinin elə ilk həftəsində qızı evdə qoyub Rusiyaya gedir. Evdə tək qaldığından qayınanasıgil gəlin əriylə internet üzərindən danışsın deyə evə kompüter alır. “Facebook”da qeydiyyatdan keçən qız bir oğlanla tanış olur. Bir müddət danışıb dərdləşirlər. Qız ərinin onu qoyub getdiyini və tək darıxdığını deyir. Həmin oğlan da başlayır bu qıza sevgidən, eşqdən danışmağa. Beləcə, qızı ələ alır. Və bir gün qız bu oğlana görə evdən qaçır. Təsadüfən polis onların olduqları məkanda reyd keçirir və qız aşkarlanır. Hüquq mühafizə orqanları qızı göndərdilər bizim sığınacağa. Burda psixoloji və digər yardımları göstərmək istəsək də, qohumlarının basqısıyla qız evinə qayıtdı. Sonra eşitdik ki, əri təcili Rusiyadan qayıdıb. Qızın ailəsi baş vermiş hadisəni oğlanın ailəsindən gizlətsə də, oğlan məsələni öyrənir və qızı öldürməklə hədələyir. Atasının evində bir müddət qalandan sonra o qız yenə evdən qaçdı. Hazırda qızın harda və kiminlə olduğu haqda heç bir məlumat yoxdu”.

     
M. Zeynalova oxşar hadisələrin baş verdiyini bildirir. O, bildirir ki, nəinki evli qadınlar, hətta subay qızlar da internetin qurbanına çevrilir. Yeni tanışlar bir yolla qızın şəklini əldə edir və bundan sonra onun şəklini internetdə yayacağı ilə şantaj edib, pul tələb edənlər də var.

    
Sosial şəbəkələrdə xəyanətlə bağlı əhvalatlar vardır. Onlardan biri də mühafizəkar ailədə böyümüş, sevən və sevilən evli bir qadının hekayəsidir: “Mən internetə qoşulduqdan sonra məni əyləndirə biləcək nə var idisə sevinclə oraya daxil olurdum. Hətta vəziyyət o yerə çatmışdı ki, ərim hər gün işə gedən kimi kompüter qarşısında əyləşir, internetdə vaxt keçirirdim. Aradan bir müddət keçdikdən sonra onun evdə olduğu zamanlarda belə kompüter qarşısında vaxtımı keçirməyə başladım. Ancaq ərim məndən nə iş gördüyümü soruşmurdu, çünki mənə etibar edirdi. Beləcə günlər keçirdi. Bir gün internetdən istifadə edən bir rəfiqəm mənə “çat” proqramından danışdı. “Çat çox əyləncəlidir. İnsanlar bu proqramda bir-biriləri ilə ünsiyyət qurur, danışırlar. Vaxtın necə keçdiyini hiss eləmirsən”, - dedi. Rəfiqəmin şirnikləndirici sözlərindən sonra “çat”a daxil oldum - kaş olmayaydım.. Mən çatda yalnız ötəri söhbətlərlə aldanacağını, kiminləsə bir müddətliyinə ünsiyyət quracağımı zənn edirdim. Ancaq bu proqrama daxil olduqdan sonra heç də düşündüyüm kimi olmadı. Çatda bir oğlanla tanış oldum. Hər gün onunla virtual şəkildə görüşür və söhbət edirdik. Tanış olduğum oğlan mənə öz yüksək əxlaqı ilə digərlərindən fərqli bir təsir bağışlayırdı. Çatda daha əvvəl ünsiyyət qurduğum insanlardan onun kimisinə rast gəlməmişdim. Ərimi daha əvvəl heç kimi sevmədiyim qədər sevməyimə baxmayaraq, saatlarla çatda vaxt keçirir və tanış olduğum oğlanla danışırdım. Ərim həmişə evə gəldikdə məni kompüterin qarşısında tapır, internetdə bu qədər vaxt keçirməyimə hirslənirdi. Mən isə bir insanı bəyənmişdim və onunla yalnız onu bəyəndiyim üçün danışırdım. Günlər keçdi və bu bəyənmə sevgiyə çevrildi. Çatdakı tanışıma ərimdən daha çox bağlandım. Artıq həyat yoldaşımın əsəbindən “qaçıb” çatda onunla söhbətimə davam edirdim...

     
Bir dəfə yenə həyat yoldaşımla mübahisə etdiyim zaman özümü ələ ala bilmədim və onunla dalaşdım. Bundan sonra o, internet abunəliyini ləğv etdi və kompüteri apardı. Mən ərimə qəzəblənmişdim. Çünki ilk dəfə idi ki, mənə qarşı belə rəftar edirdi. Onu daha da əsəbləşdirmək üçün çatda danışdığım adamla telefonla əlaqə saxlamaq qərarına gəldim. Çatdakı tanışım əvvəllər onunla danışmağım üçün mənə yalvarmasına baxmayaraq, bunu qəbul etmirdim, indi isə... Bir gün ona zəng etdim, danışdıq. Elə bu andan etibarən ərimə olan XƏYANƏTİM başladı. Hər səhər həyat yoldaşım işə getdiyi zaman oğlana zəng edir, danışırdım. Yeni sevgilim mənə ərimdən ayrılacağım təqdirdə evlənməyi vəd edir və onunla görüşməyim üçün çox yalvarırdı. Onun istəklərinin arxasınca sürükləndim və oğlanla görüşdüm. Görüşlərimiz bir qadının ərinə xəyanət etdiyi zaman yol verə biləcəyi ən böyük günaha düşənə qədər davam etdi; aramızda intim münasibət baş verdi. Çatda tanış olduğum insanı sevmişdim. Ərimdən boşanmaq qərarına gəldim. Ona: “Səndən boşanmaq istəyirəm”, - dediyim zaman o: “nə üçün?” - deyə soruşdu. Aramızda problemlər çoxalmışdı və mən artıq dözə bilmirdim. Artıq ərimi xoşlamırdım. 

    
Ərim onu başqası ilə aldatdığımdan şübhələnmişdi və məsələnin iç üzünü araşdırırdı. Bir dəfə telefonda biri ilə danışdığımı başa düşdü. Ona həqiqəti açıb söylədim. Bütün bunların müqabilində ərimin mənə xoş münasibət göstərməsinə baxmayaraq, onu istəmədiyimi, artıq onunla yaşamaqdan xoşlanmadığımı dedim. Ərim isə bu vəziyyəti hamıya “ağ” eləmədi. O: “Səni sevirəm, ancaq evliliyi davam etdirə bilmərəm. Allah sənin və bizim günahlarımızı bağışlasın. Ailənə mənimlə yaşamaq istəmədiyini, bir-birimizə uyğun olmadığımızı başa düşdüyünü deyərsən”, - dedi. Halbuki, ərimin xoşlamadığı yeganə şey internetdən qaynaqlanan adi problem idi. Mənə qarşı heç vaxt kobud rəftar etməmişdi, heç bir qüsuru da yox idi. Yalnız interneti evdə istəmədiyini demişdi. Mən isə kor idim və hər şeyi ancaq iş-işdən keçdikdən sonra başa düşə bildim; internetdə tanış olduğum gəncin sözləri mənim ərimdən ayrılmağıma səbəb olmuşdu.

   
Yeni sevgilim mənə: “Səndən başqasından xoşlanmadım. Həyatımda səndən daha şirin bir qızla tanış olmadım. Sən həyatımda gördüyüm ən yaxşı insansan”, - deyirdi. Ancaq sonda bu xainin sözlərinin məni ildırım kimi vuracağını haradan biləcəkdim? Ərimdən boşandıqdan sonra o: “Əgər evlənsəm əsla tanımadığım, yaxud çatda tanış olduğum bir şəxslə evlənmərəm. Tanış olduğum şəxs sənin kimi yaşı çox və ağılsız biridirsə, heç evlənmərəm... Bir qızı sevsəm və bu qız çatda tanış olduğum və evlənməyi düşündüyüm bir insan belə olsa, yeniyetmə olanına üstünlük verər, onunla tanış olar və onu istədiyim kimi istiqamətləndirərəm. Ancaq sənin kimi evli olduğu halda ərinə xəyanət edən biriylə əsla!!!”

   
 İndi çaşqınam, nə edəcəyimi bilmirəm. İntihar etməyi belə fikirləşirəm. Bəlkə siz bu sətirləri oxuduğunuz zaman mən artıq həyatda olmayacam. Bəlkə də Allah mənə doğru yolu göstərib qaranlıq yoldan uzaqlaşdıracaqdır. Allaha əmanət olun!”.

     
Psixologiya Konsultasiya Mərkəzinin (PCC) rəhbəri, psixoloq Elnur Rüstəmov deyir ki, sosial şəbəkələr ailə daxili münasibətlərin pozulmana şərait yaradır: “Sosial şəbəkələr bu işdə insanları təhrik edir, ailədaxili münasibətlərin pozulmasına rəvac verən funksiyanın yerinə yetirir. İnsanlar, xüsusən də ailələr diqqətli olmalı, qabaqlayıcı tədbir görmək lazımdır. Söhbət ailədən gedirsə, mövcud problemin həlli yollarından biri sosial şəbəkələrin, mobil telefonların şifrəsi olur. Bu şifrəni həyat yoldaşlarının bilməsi vacibdir. Ən azından bu tərəflər arasında məsuliyyət, güvən yaradacaq. Yox, əgər kiminsə xislətində xəyanət etmək varsa, o başqa adla sosial şəbəkədə qeydiyyatdan keçəcək və məqsədinə çatacaq. Elə ailələr var ki, qadının ehtiyatdan 1-2 dənə də telefonu var. Kişi evə qalxanda gizlədir. Bu ayrı bir problemdir. Ümumi problemdən danışırıqsa, ailə daxili münasibətlər şəffaf olmalıdır və tərəflərin bir-birinin qarşısında öhdəliyi olmalıdır”.

 

Boşanmalarda sosial-iqtisadi vəziyyətin rolu

         
Tədqiqatlar göstərir ki, sosial-iqtisadi gərginlik dövrlərində boşanmaların sayı, sosial-iqtisadi inkişaf və sabitlik dövrlərindən daha çox olur. Həqiqətən də, bu gün inkişaf etmiş varlı Qərb ölkələri boşanmaların səviyyəsinə görə öndə gedirlər. İnkişaf səviyyəsinə görə geridə qalan yoxsul ölkələrdə isə, boşanmaların səviyyəsi çox aşağıdır. Maraqlıdır ki, ölkələrdə iqtisadi böhran dövrlərində boşanmaların sayı azalır. Məsələn, 2008-ci il iqtisadi böhranında İspaniyada boşanmaların səviyyəsi əvvəlki ilə nisbətdə 12% aşağı düşmüşdür. Alimlərin araşdırmalarına görə, bu böhran, ev təsərrüfatını birgə idarə edən çütlüklərə maliyyə ehtiyatlarına qənaət etməyə və daha çox maddi rifahı qorumağa imkan verir. 

     
İnkişaf etmiş varlı Qərb ölkələrində patriarxal dəyərlərin zəifləməsi və gender bərabərliyinin inkişaf etməsi, qadınların təhsil və peşəkarlıq səviyyəsinin yüksək olması, qadınların cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirak etməsi, cəmiyyətdə qadın əməyinə şərait yaradan modern əmək bölgüsünün geniş yayılması, dövlətin uşaqlara qayğı ilə bağlı güzəştli sosial dövlət siyasəti həyata keçirməsi, qadınların iqtisadi müstəqilliyinə, onların ailədə kişidən asılılığının azalmasına şərait yaradır. Belə bir şəraitdə, qadınların ailəyə bağlılığı zəiflədiyi kimi, kişilərin də ailəyə bağlılığı zəifləyir. Nəticədə, ailə üzvləri arasında emosional bağlılıq, qarşılıqlı məsuliyyət hissi zəifləyir və ailə qurumu öz əhəmiyyətini itirir. Bu proseslərin nəticəsində ənənəvi ailənin dəyərlərini bölüşməyən qeyri-ənənəvi ailə modelləri (vətəndaş nikahları, homoseksual nikahlar) meydana çıxır. Bunlar kişi = qadın gender bərabərliyi formulu əsasında baş verir.  

     
 İnkişaf səviyyəsinə görə geridə qalan yoxsul ölkələrdə isə, boşanmaların səviyyəsinin çox aşağı olmasının səbəblərini ilk növbədə onda axtarmaq lazımdır ki, bu ölkələrdə patriarxal dəyərlərin güclü olması və gender bərabərliyinin olmaması, qadınların təhsil və peşəkarlıq səviyyəsinin aşağı olması, qadınların cəmiyyətin sosial-iqtisadi həyatında iştirak etməməsi, cəmiyyətdə qadın əməyinə şərait yaradan əmək bölgüsünün olmaması, dövlətin uşaqlara qayğı ilə bağlı güzəştli sosial dövlət siyasəti həyata keçirməməsi, qadınların ailədə kişidən asılı olmasına şərait yaradır. Belə bir şəraitdə, qadınların ailəyə bağlılığı güclənir, kişilərin isə, ailənin maddi təminatına cavab verən şəxslər kimi məsuliyyəti daha da artır. Nəticədə, ailə üzvləri arasında emosional bağlılıq, qarşılıqlı məsuliyyət hissi güclənir və ailə qurumu yeganə mövcudiyyət forması kimi öz əhəmiyyətini artırır. Bunlar kişi = qadın + 2, 3, 4 və s. gender bərabərsizliyi formulu əsasında baş verir.  

   
Azərbaycanda əvvəllər mövcud olan zəif və gizli fərqliliklər, 90-cı illərdən sonra güclü və açıq formaya keçid etdi. Azərbaycan cəmiyyətində insanlar artıq ideoloji baxışlarına, dünyagörüşü səviyyələrinə və maddi durumuna görə bir neçə kateqoriyaya bölünmüşlər. Bu bölgü, bir çox insanların psixoloji vəziyyətinə və ailələrin qurulmasına böyük təsir göstərir. Bunları nəzərə almadan qurulan ailələrdə boşanma riskləri böyük olur. Çünki bir-birinə zidd olan psixoloji enerjilər fərqli geyim, davranış normaları, dünyaya baxışları və həyat tərzləri ilə seçilirlər. Əslində, ailə quran insanların dini baxışları, dünyagörüşləri, sosial-iqtisadi vəziyyətləri, təhsil səviyyələri, peşə sahələri nə qədər bir-birinə yaxın olsa, bir o qədər boşanmaların sayı az olar. Azərbaycanda evliliklər adətən ideoloji baxışlarına, dünyagörüşü səviyyələrinə və maddi durumuna görə eyni kateqoriyaya aid olan insanlar və ailələr arasında daha çox baş verir. Həmçinin, evlənənlərin, ailələrin nikaha qədər bir-birini tanıması ilə bağlı ciddi problemləri mövcud deyildir. Evlənəndən sonra cütlərin (dini, ideoloji) baxışlarında baş verən dəyişikliklərlə bağlı ailə münaqişələrinin yaranması və boşanma halları geniş yayılmamışdır.

    
Boşanmaların əsas səbəblərindən biri ailələrin iqtisadi vəziyyəti hesab olunur. Çünki ailədə kişinin ənənəvi funksiyası ailənin maddi təminat məsələsini həll etməkdir. Sosial-iqtisadi böhran vəziyyətində ortaya çıxan bir çox problemlər (işsizlik, yoxsulluq, borclanmalar) psixoloji gərginliyə və bunun nəticəsi olaraq ailələrin daxilində münaqişələrin yaranmasına və nəticədə boşanmaların meydana çıxmasına səbəb olur. Çünki ailə qurumu, yaşayış minimumunun altında böyük bir risk ilə üzləşir. Ailənin varlığı üçün ən təhlükəli iqtisadi durum, valideynlərin (əsasən atanın) uşaqların zəruri tələbatlarını ödəmək iqtidarında olmaması və ya bu məsuliyyətdən boyun qaçırmasıdır. Dövlət, ailənin qorunmasında maraqlı olduğu üçün, daima yoxsul ailələri sosial yardımlar vasitəsilə qorumağa çalışır.  

      
Azərbaycanda 1935-2016 illərdə boşanmaların səviyyəsinə diqqət yetirəndə görürük ki, iqtisadi böhran illərində boşanmaların səviyyəsi yüksək, iqtisadi rifah illərində isə aşağı olmuşdur:

  1. 1.     Azəbaycanda iqtisadi böhran illərində boşanmaların səviyyəsi

-        1935-1944 illər arasında bağlanan nikahlara nisbətdə boşanmaların səviyyəsi 46%-dən 28.9%-ə enmişdir. Deməli, məlum 20-30-cu illərin dərin iqtisadi böhran dövründə boşanmaların səviyyəsi çox yüksək olmuşdur.  20-30-cu illərin kart sistemi ilə müşayiət olunan aclıq dövründə Rusiyanın bir çox kəndlərində milyonlarla insan aclıqdan ölmüş və yerdə qalanlar isə, şəhərlərə köçmək məcburiyyətində qalmışlar. Bu, ənənəvi ailə qurumunun şəhər mühitində dağılmasına və transformasiya olunmasına səbəb olmuşdur. Şəhərlərdə ailəni saxlamaq üçün, qadınlar da kişilərlə bərabər işləməyə məcbur olmuşlar. Bunlar, əvvəlki kimi çoxuşaqlı ailə modelinin ortadan qalxmasına səbəb oldu. Eyni zamanda, 30-cu illərin repressiyalar dövrü olduğunu nəzərə alsaq, əsasən kişi əhalinin kütləvi şəkildə repressiyalara məruz qaldıqlarını və bunun boşanmışlar kimi qeydə alındığını söyləyə bilərik.      

-        1975-1990 illərdə bağlanan nikahlara nisbətdə boşanmaların səviyyəsi 15%-dən 19.2%-dək artmışdır (cədvəl 1). Bu dövrdə də, SSRİ iqtisadiyyatında geriləmə müşahidə olunmuşdur. “Perestroyka” adı altında aparılan islahatlar isə, onun süqutuna səbəb olmuş və Azərbaycan digər postsovet ölkələri kimi çətin keçid dövrünü yaşamışdır. 

-        2011-2016-cı illərdə bağlanan nikahlara nisbətdə boşanmaların səviyyəsi 11%-dən 19.7%-dək artmışdır. Bu dövrdə, dünyada 2008-ci ildən başlayan böyük iqtisadi böhranın başlaması, neft qiymətlərinin kəskin aşağı düşməsi hadisəsi baş vermişdir. Bu böhranın nəticələrinin Azərbaycan iqtisadiyyatına müəyyən təsiri olduğu üçün, ailələrə də müəyyən təsiri olmuşdur.

 

  1. 2.     Azəbaycanda iqtisadi rifah illərində boşanmaların səviyyəsi

-        1945-1960 illərdə bağlanan nikahlara nisbətdə boşanmaların səviyyəsi 1%-dən 6%-dək, 1960-1965 illərdə 6%-dən 9%-dək təşkil etmişdir. Ümumiyətlə, bu illər, SSRİ iqtisadiyyatının sürətlə inkişaf etdiyi illər hesab olunur. SSRİ bu dövrdə sərbəst boşanmalara məhdudiyyətlər qoymuş, abortlara qadağalar qoymuş, doğuşların artmasına həvəsləndirmiş (pul mükafatları və güzəştlərlə), subayların, tənhaların və az uşaqlı ailələrin üzərinə vergi qoyulmuşdur. Məhz, bu dövrdə SSRİ-də nuklear və övladmərkəzli ailə modelinin yaranmasına şərait yaratdı.

-        1993-2010 illərdə bağlanan nikahlara nisbətdə boşanmaların səviyyəsi 10-11% olmuşdur (cədvəl 1). 1993-cü ildən əvvəlki illərə diqqət yetirəndə boşanmaların səviyyəsinin yüksək olduğunu görürük. Lakin, 1993-2010-cu illərdə bu səviyyə təqribən iki dəfə aşağı düşür. Bu illər, əslində əsrin müqaviləsi adlandırılan neft sazişlərinin bağlandığı, neftin qiymətinin yüksək olduğu və gəlirlərin artdığı dövrdür.

    
Bu göstəricilər təsdiq edir ki, boşanma səviyyəsinin qalxıb enməsində sosial-iqtisadi durumun özünəməxsus yeri vardır. Boşanmaların əsas səbəblərindən biri sosial-iqtisadi vəziyyət hesab olunsa da, onu ümumi bir hal kimi qəbul etmək doğru olmazdı. Əgər belə olsaydı, o zaman boşanmalar yalnız yoxsul ailələrdə və yoxsul ölkələrdə yüksək səviyyədə olmalı idi. Halbuki, biz bunun əksini müşahidə edirik. Yəni, maddi təminatı yüksək və orta olan ailələrdə, iqtisadi baxımdan ən inkişaf etmiş ölkələrdə boşanma səviyyəsi daha yüksəkdir. Boşanmaların həcmi 20-25% qədər olan ölkələrin əksəriyyətində əhalinin iqtisadi durumu yüksək deyildir. Əksinə, iqtisadi durumu yüksək olan ölkələrin əksəriyyətində (Ukrayna, Moldova, Belorusiya və digər istisnalar olmaqla) boşanmaların səviyyəsi çox yüksəkdir (42-67% arası) (cədvəl 2). Lakin, bir məsələni də diqqətə almaq lazımdır ki, Rusiyanın və Qərb ölkələrinin multikultural cəmiyyətləri daxilində boşanmalara qarşı olan konservativ dini və etnik icmalar da mövcuddur.

   
Tədqiqatçılar nə qədər paradoksal olsa da, Avropada boşanmaların səviyyəsinin artmasının əsas səbəbini, əhalinin rifah halının yüksək olması və dövlətin sosial yardımlarının artması ilə əlaqələndirirlər. Çünki cinslərin iqtisadi müstəqilliyi və dövlətin onlar üzərində himayəsi (uşaqlara dövlət yardımı) fərdlərin tək qalması və tənhalıq şəraitində çətinliklərlə üzləşməsi problemlərini ortadan qaldırır. Bu baxımdan, ailə sosial-iqtisadi güvənlik qurumu kimi öz əhəmiyyətini itirir. Belə bir şəraitdə fərdlər, məsuliyyətləri şərtləndirən ənənəvi ailədən imtina edərək, məsuliyyətləri şərtləndirməyən yeni ailə modellərinə və ya tənha yaşamağa üstünlük verirlər. Belə yeni ailə modellərindən biri də qeyri-rəsmi vətəndaş nikahlarıdır. Bu nikahlar, artıq modern və iqtisadi inkişaf etmiş ölkələrin əhalisi üçün daha əlverişli olduğu görünür. 

   
Lakin, biz düşünürük ki, boşanmalarda iqtisadi göstəricilər səthi xarakter daşıyır. Əslində, bunun təməlində gender bərabərliyi ilə bağlı müəyyən problemlər dayanır. Kişi = qadın gender bərabərliyi formulu ailə qurumunun varlığı üçün təhlükədir. Çünki bu bərabərlik şəraitində kişi öz ənənəvi məsuliyyətini itirir və onun bir hissəsini (yarısını) qadının üzərinə yükləyir. Bəzi hallarda isə, kişi öz məsuliyyətindən tamamilə imtina edir. Belə bir durumda, kişi, qadının gözündə öz əhəmiyyətini itirir. Təbii ki, bunun nəticəsi boşanmalara gətirib çıxarır. Çünki ənənəvi-psixoloji olaraq qadının şüurunda ər ailənin məsuliyyətini daşıyan şəxsdir. Əgər dövlət gender siyasəti vasitəsilə bu funksiyanı onun əlindən alıb qadına verirsə, kişi öz ənənəvi gender funksiyasını və gender rolunu itirir. Bu isə, maskulinliyin iflası və feminliyin inkişafı deməkdir. Buna görə də, son dövrdə dünyanın modernləşmiş cəmiyyətlərində kişilərdə feminləşmə, qadınlarda maskulinləşmə prosesləri gedir.    

   
 Kişi = qadın + 2, 3, 4
və s. gender bərabərsizliyi formulu isə, qadınların istismar olunmasına və zorakılığa məruz qalmasına səbəb olur. Bu formulun tətbiq olunduğu cəmiyyətlər patriarxal cəmiyyətlərdir. Qadın bu cəmiyyətlərdəki ailələrdə iqtisadi asılılıq durumundadır. Buna görə də, orada boşanmalar çox aşağı səviyyədir. Ancaq, bu cəmiyyətlər inkişaf edə bilmirlər. Çünki qadınların təhsil səviyyəsinin və dünyagörüşünün aşağı səviyyədə olması, ailədə şəxsiyyətin formalaşmasına mənfi təsir göstərir. Kölə qadın azad insan yetişdirə bilməz. Bu baxımdan, gender bərabərsizliyi düzgün çıxış yolu deyildir.  

    
O zaman, hansı yol daha doğrudur?

   
Biz düşünürük ki, kişi = qadın + 1 gender formulu daha məqsədəuyğundur. Bu formul, tam bərabərliyi və sərt bərabərsizliyi istisna edir. Dövlət gender siyasətində bu formula əsaslansa, boşanmaların səviyyəsi azalar və cəmiyyətin hormonal inkişafında meydana çıxan disbalans sabitləşər. Bu formula, qadınların sosial-iqtisadi azadlığını qorumaq şərti ilə, kişilərin ailə üzərindəki məsuliyyətini artırır.

     Kişi = qadın + 1 gender formulu aşağıdakı tədbirlərin həyata keçirilməsini şərtləndirir:

-        Təlim və tərbiyə prosesində cinsi identiklik amillərini nəzərə almaq;

-        Təhsildə kadr məsələsi və tədris metodikasında feminləşmə proseslərinin səviyyəsini kişi = qadın + 1 gender formuluna uyğunlaşdırmaq və təhsili fenimləşmə təhlükəsindən qorumaq;

-        kişlərin ailə üzərində məsuliyyətini artırmaq üçün, işsiz kişilərin sayını minimuma endirmək;

-        kişiləri döyüş idman növlərinə cəlb etmək üçün, tədris müəssisələrində döyüş idman növləri ilə bağlı ödənişsiz icbari seksiyaların yaradılmasını təmin etmək;

-        tədris müəssisələrində peşə sənətlərinin praktiki öyrədilməsi ilə bağlı fənlərin tədrisini gücləndirmək

KİV-də, tədris proqramlarında və digər təbliğat vasitələrində kişilərin ailə üzərindəki ənənəvi məsuliyyətini xatırladan təbliğlərin yayılmasını təmin etmək və s.       


Azərbaycan ailəsi: dünən və bu gün

Cəmiyyət etnik, tayfa və məzhəb identikliyində bir araya gəlsələr də, öz ənənəvi sosial-iqtisadi funksiyaları, həyata baxışları, zövqləri və gəlir səviyyələrinə görə bir-birindən seçilirdilər. Feodal cəmiyyətində hər bir təbəqəyə məxsus ailə formaları və ailə dəyərləri var idi. İnsanlar öz fərdi keyfiyyətlərinə görə deyil, mənsub olduqları qrupa xidmətlərinə görə dəyər qazanırdılar. Bu cəmiyyətdə “kimlərdənsən”, “haradansan” sualı məqbul idi. Hər hansı şəxsin kim olması əhəmiyyət daşımırdı. Onun kimlərdən olması ilə, artıq onun kim olduğu müəyyən edilirdi. Sosial təbəqələr arasında inteqrasiya prosesləri çox zəif olduğu üçün, sosial birlik kövrək xarakter daşıyırdı. Bütün cəmiyyəti birləşdirmək və xalq fenomenini yaratmaq üçün, adətən hökmdara (xana) itaətdən və dini-siyasi ideologiyadan (qızılbaşlıq) istifadə edirdilər. Lakin, xalqı inteqrasiya edən əsas amil ümumişlək dil və xalq arasında təşəkkül tapan din idi. Bu nə saraylarda danışılan dilə, nə də dini-ideoloji səviyyədə təbliğ olunan dinə uyğun gəlirdi. Xalqı yaradan və onu birləşdirən xalq dili və xalq islamının sintezindən formalaşan xalq mədəniyyəti idi. O, saray mədəniyyətindən fərqlənirdi. Məhz, əsrlərlə davam edən bu ənənə, XX əsrin ortalarında ortaya çıxan orta statistik “azərbaycanlı ailəsi” modelinin tarixi sosial-mədəni bazisini təşkil etdi.       

   
Zadəgan ailələri individualizmə meyilliliyi, rasionallığı, sivilizasiya identikliyi, qeyri-ənənəviliyi və dəyişkənliyi ilə rəiyyət (qara camaat) ailələrindən fərqlənirdilər. Onlar subkültür bir təbəqə kimi, xalq mədəniyyətinə sivilizasiya elementlərini ötürürdülər. Buna görə də, onlar cəmiyyətdə avanqard rolunda çıxış edirdilər. Onlar individual dəyərlər çərçivəsində təlim və tərbiyə olunduqları üçün, şəxsiyyət rolunda çıxış edirdilər. Rəiyyət ailələri isə kollektiv dəyərlər sisteminin ayrılmaz bir parçası olduqları üçün, şəxsiyyət yetişdirə bilmirdilər (xalq yaradıcılığında olduğu kimi). Bu gün orta statistik “azərbaycanlı ailəsi”ndə müşahidə olunan individualizm dəyərləri öz mənşəyini buradan götürür. Çünki elit və sadə xalq ailələri arasında ziddiyyət XX əsrdə tədricən azalmış (xüsusilə, milli burjuaziya səviyyəsində) və sovet dönəmində orta statistik “azərbaycanlı ailəsi” modelində birləşmişdir.  

      
XVIII-XIX əsrlərdə orta statistik “azərbaycanlı ailəsi” anlayışı mövcud deyildi. Ailələr arasında ümumi fərqlər dini və etnik mənsubiyyətə görə müəyyən olunurdu (müsəlman ailəsi, yəhudi ailəsi, xristian ailəsi, türk ailəsi, ləzgi ailəsi və s). Cəmiyyətdə sosial təbəqələşmə və sinfi diskriminasiya güclü olduğu üçün, vahid sosial ideya və vahid ailə modeli ola bilməzdi. Sosial təbəqələr arasında fərq, bütün səviyyələrdə özünü kəskin şəkildə göstərirdi. Buna görə də, qədim və orta əsrlərdə zadəgan ailələrinin maraq və mənfəətləri üzərində qurulan dövlətlərin sosial inteqrasiya sistemi çox zəif idi. Onlar, bu sistemi dini və məzhəb identikliyini ilə saxlamağa çalışırdılar. Lakin, XIX əsrin ortalarından başlayaraq sənayenin tədricən inkişafı, XX əsrin əvvəllərində Bakıda fərqli bir cəmiyyətin formalaşmasına səbəb oldu. Kəndlərdən və müxtəlif qonşu ölkələrin ərazisində şəhərə işləmək üçün gələn kəndlilər yeni çoxmillətli fəhlə sinfinə çevrildi. Artıq, XX əsrin əvvəllərində Bakının əhalisinin çoxusu çoxsaylı və çoxmillətli fəhlələrdən təşkil olundu. Fəhlələrin ailələri isə, kiçik nuklear-monoqam ailələrdən ibarət idi. Onların ağır məişət şəraiti və məvacibləri, ailədə uşaqlarının sayına da təsir göstərirdi. Sənayeləşmə, yeni tipli şəhərlərin yaranmasına və əhalinin burada mərkəzləşməsinə şərait yaratmaqla, yeni tipli kiçik nuklear-monoqam ailələrin ortaya çıxmasına səbəb oldu. Burada formalaşan beynəlmiləl mühit qarışıq nikahların artmasına, eyni zamanda, yeni keçid mərhələsində formalaşmaqda olan sosial mühit sosial təbəqələşmənin qismən zəifləməsinə yol açmaqla, müxtəlif təbəqələr arasında evliliklərin artmasına şərait yaratdı. Bu proseslər, SSRİ dövründə “sovet ailəsi” ideologiyasının təsiri altında daha sürətlə inkişaf edərək “azərbaycanlı ailəsi” fenomenini ortaya qoydu.

  
  Sovet dövründə aparılan urbanizasiya siyasəti nəticəsində Bakı ailə modeli tədricən ümumiləşərək Azərbaycan ailə modelinə çevrilmişdi. Bu, şəhərlərdə və inzibati mərkəzlərdə özünü göstərirdi. Lakin, ucqar əyalətlərdə bu proses daha ləng getdiyi üçün, oralarda 20-30-cu illərədək olan ənənəvi böyük ailə modelinin bəzi ənənələri davam etməkdə idi. 90-cı illərdə sosializmdən qlobal kapitalizmə keçid mərhələsində sovet ailə modelinin formalaşması prosesi dayandı və ailə qurumunun varlığına təsir edən yeni sosial fenomenlər cəmiyyətə daxil oldu. Hal-hazırda, cəmiyyətə daxil olan yeni sosial proseslərin təsiri ilə formalaşmaqda olan yeni ailə münasibətləri ilə yanaşı, yekunlanlaşmamış və tənəzzülə uğrayan sovet ailə modeli, ona paralel şəkildə feodal ənənələrin davamı olan əyalət ailə modelləri mövcuddur.

     
XX əsrdə məişət texnikasının inkişaf etdirilməsi (paltaryuyan, qabyuyan, tozsoran və s.) və cəmiyyətdə məişət xidmətlərinin (uşaq baxçaları, ucuz iaşə mərkəzləri, çamaşırxanalar, yarımfabrikatlar, fast food və s.) ucuzlaşdırılması nəticəsində qadınların ailə-məişət işlərinə ayırdıqları vaxt azaldı və onların sosial işlərə cəlb olunmasına şərait yarandı. Böyük sənayeçilər, qadının ucuz əməyindən yararlanaraq daha böyük gəlir əldə etmək üçün, “qadın azadlığı” şüarları adı altında onu, ailədən sosial həyata (təhsil, iş həyatı, karyera) cəlb etdilər. Qadının işləməsi və hüquqlarının təkmilləşdirilməsi, eyni zamanda, dövlətlərin ailəyə maddi dəstəyi, onun iqtisadi baxımdan kişidən asılılığını tədricən azaltdı və onun daha müstəqil olmasını təmin etdi. Qadının iqtisadi baxımdan güclü olması, ailədə kişinin patriarxal liderliyini tədricən ortadan qaldırdı. Bu sosial-inqilabi proses, ailə və cəmiyyətə gender bərabərliyi ideyasını gətirdi. Bu proseslər “azərbaycanlı ailəsi”ndə patriarxal dəyərlərin zəifləməsinə və ona adekvat olaraq boşanmaların artmasına şərait yaratdı. Çünki qadınların şüurunda stereotipləşən ənənəvi kişi obrazı ictimai arenadan yox oldu. 

    
Məişət texnikasının və sosial məişət xidmətlərinin inkişafı, yalnız qadını deyil, həmçinin kişini də ailə həyatından ayırdı. Çünki bununla, onun qadınlardan asılılığı azaldı və daha müstəqil olmasını təmin etdi (Bu proses, ucqar kənd yerlərində zəif, inkişaf etmiş sənaye şəhərlərində isə daha sürətlə gedir). Xidmət sahələri inkişaf etdikcə və məişət avadanlıqları modernləşdikcə, uşaqları dünyaya gətirmənin alternativ variantları meydana çıxdıqca ailə qurumu da öz əhəmiyyətini itirir. Biz bunu, modernləşmənin ən yüksək səviyyəsində olan Avropa ölkələrində müşahidə edirik. 

        
Abortlar və müasir kontraseptiv vasitələr qadınların kişilər üzərində dominantlığını bir müddət saxladı. Lakin, sonradan genetik testlərin, surroqat analığın, laboratoriya üsulu ilə uşaqların meydana çıxması, böyük şəhərlərdə intim xidmətlərin genişlənməsi, qadının bu manipulyasiya vasitəsini əlindən aldı. Artıq, qadının kişini əlində saxlaması mümkün olmadı. Yəni, mövcud reallıq qadının kişidən, kişinin isə qadından asılılığını ortadan qaldırmaqla, ailənin süqutuna şərait yaratdı. İnkişaf etmiş ölkələrdə dövlətin uşaqlara sosial yardımlarını artırması həm boşanan kişilərin maddi yükünü (aliment) azaltdı, həm də qadınlara imkan yaratdı ki, onlar ərə getmədən nikahdan kənar uşaq dünyaya gətirsinlər. Azərbaycanda nikahdan kənar doğulan uşaqların nikahdan olan uşaqlara görə nisbəti 1990-2016-cı illərdə 3.4%-dən (5000) 17%-ə (25.000) qədər (2004-cü ildə 20%-ə) yüksəlmişdir. Yəni, son 26 il ərzində abortlar 5 dəfə artmışdır.

     
 Kişilər, bioloji ehtiyaclarını təmin etmək və öz nəslini davam etdirmək üçün, artıq bir ailə institutuna və nikahda olan bir qadına ehtiyacı olmur. Kişilər aliment yükündən və ailənin məsuliyyətindən qurtulmaq üçün, qadını tanımadan belə surroqat analıq, yumurtalığın donorluğu vasitəsilə övlad sahibi ola bilərlər. Dünyanın bir çox ölkələrində intim xidmətlərin rəsmiləşdirilməsi, kişilərin qadınlara olan tələbatını bir qədər də azaldıbdır.

 
  Araşdırmalar göstərir ki, modernləşmə və elmi-texniki inkişaf prosesləri sürətləndikcə, cəmiyyət öz ənənəvi qurumlarını, həmçinin, ailə qurumunu itirir. İtirmə və yenilənmə hadisələri ictimai şüurda qeyri-müəyyənlik yaradır və psixoloji həyəcan siqnallarını gücləndirir. Xüsusilə, həssas insanlar bu dəyişikliklər dalğasında ağır stresslərə məruz qalırlar. Qeyri-dinamik ənənəvi cəmiyyətlərdə bu proseslər baş vermir. Çünki onlar, hər şeyin əvvəlcədən necə olacağını təxmin edən müəyyənlik durumunda yaşayırlar. Sovet insanlarında anlaşılmaz xoşbəxtliyin sirri bu idi.

   
   Qapalı sovet sistemində formalaşan ənənəvi ailə qurumu, artıq açıq qlobal sistemin içinə daxil olmuş və onun xarakterinə uyğun transformasiya mərhələsinə keçid etmişdir. Bu prosesin formalaşmasına və sürətlənməsinə təkan verən əsas vasitə, müasir qlobal informasiya əsrinin icadı olan internetdir. Dünyada araşdırmalar sübut edir ki, sosial şəbəkələr boşanmalara güclü təsir göstərir. Maraqlıdır ki, sosial şəbəkələrdən istifadə kütləviləşməyənə qədər Azərbaycanda 17 il ərzində boşanma səviyyəsi artmadığı təqdirdə, sosial şəbəkələrdən istifadə kütləviləşəndən sonra boşanmaların səviyyəsi cəmi 7 il ərzində 12% artmışdır. Ancaq, burada internetin xəyanətlərdə oynadığı rolu deyil, daha çox, onun insanların ünsiyyətində və psixoloji strukturunda oynadığı rolu gündəmə gətirmək lazımdır. Çünki müşahidələr göstərir ki, internet yeni tip ifrat individualist şəxslərin formalaşmasına təsir göstərir. Bu şəxslərdə formalaşan eqoizm xüsusiyyətləri və ünsiyyət problemləri, ailə qurumunun dağılmasına və zəifləməsinə səbəb olur. Çünki ailə fədakarlığa, qarşılıqlı məsuliyyətə əsaslanan sosial varlıqdır.

   
 Boşanmaların səviyyəsinin artmasında qadınların iqtisadi müstəqilliyinin artmasının və gender rollarının transformasiyasının mühüm təsiri vardır. Qadınların iqtisadi müstəqilliyinin artması və gender rollarının transformasiyası isə, cəmiyyətdə gedən fundamental proseslərin varlığından xəbər verir. Buna görə də, cəmiyyətdə boşanmaların artan xətt üzrə dinamikası, artıq ənənəvi ailə qurumunun tənəzzülə doğru getdiyini göstərir. 

  
  Qadınların sosial həyatda aktivləşməsi, onların gəlir əldə etməsi, yüksək vəzifələrə seçilməsi kişilərin ənənəvi patriarxal avtoritetini zəiflədir. Bu proseslər ailənin daxili strukturuna da təsir edir. Ailədə sosial baxımdan fəal olan və gəlirləri kişinin gəlirlərindən yüksək olan qadının nüfuzu bəzi hallarda kişinin ənənəvi nüfuzunu zədələyir. Bu rəqabətə dözə bilməyən kişilərin bəziləri məğlub olmaqdan daha çox boşanma yolunu seçirlər. İqtisadi baxımdan müstəqil olan qadının kişidən asılılığı və ailəyə bağlılığı da zəifləyir. Qadın gücləndikcə, kişi dözümsüz olmağa başlayır. Qadınlar müstəqil olduqca, onların gözündə zəif kişilər avtoritet olmaqdan çıxır. Bununla barışmağa məcbur olan kişilər isə, ailə qarşısında öz maskulin məsuliyyət hissini tədricən itirərək feminləşirlər. Bu isə, qadın üçün faciədir. Çünki bunlar onun təbiətinə ziddir.

  
 Ailədə və cəmiyyətdə kişini lider kimi görmək istəyən qadınlar, onu başqa gender rolunda görməyə psixoloji baxımdan hazır deyildirlər. Onların görmək istədikləri kişilər isə, onlarla öz məsuliyyət və vəzifələrini bölüşməyi fikirləşmirlər (yəni, onlar, ailədə ənənəvi itaətkar qadından başqasını qəbul etmirlər). Bu ailələrin dağılmasının əsas səbəblərindəndir. Bu tendensiya ailəni tamamilə məhv edə bilər. Avropada ailə qurumunun dağılmasının səbəbi gender siyasətinin ifrat həddə çatdırılması və kişilərin ailədə maskulin vəzifələrindən imtina edərək feminləşmələridir. Gender bərabərliyi prinsiplərinin tətbiqi ailədə artdıqca, ilk növbədə patriarxal ailələr, ikinci mərhələdə qadınların lider olduğu ailələr və üçüncü mərhələdə gender bərabərliyinin təmin olunduğu ailələr dağılır. Hər üç variantda ailənin dağılması labüddür. Deməli, boşanmaların qarşısını almaq üçün, ailədə və cəmiyyətdə kişilərin üzərinə düşən vəzifə və məsuliyyətin tam bərabər şəkildə deyil, kişilərə bir pillə artıq şəkildə, yəni qadın=kişi+1 formulu əsasənda bölüşdürülməsi daha məqsədəuyğundur. Buna görə də, Azərbaycan ailə modelində dövlət “yumşaq patriarxallığın” qorunmasını təmin etmək üçün müəyyən tədbirlər görməlidir.  

      Araşdırmalar göstərir ki, ailə sosial bir qurum kimi daim dəyişikliyə məruz qalır. Azərbaycan ərazisində ailə qurumu son iki əsrdə bir neçə dəfə dəyişmişdir:

  1. AXC-nin meydana çıxmasına qədərki dövrdə təbəqələşmiş patriarxal Azərbaycan ailə modelləri aqrar feodal sistemdən tədricən sənaye kapitalizminə doğru inkişaf edərək qismən milli burjuaziyanın nümunəsində bütövləşmiş, rasionallaşmış, modernləşmiş və individuallaşmışdır. Lakin, AXC-nin dağılması, bu prosesi dayandırmışdır.
  2. XX əsrin 30-40-cı illərində Stalin rejiminin yaratdığı sovet ailə modeli cərçivəsində “azərbaycanlı ailəsi” modeli yaranmış və 50-60-cı illərdə o, milli dəyərlər çərçivəsində inkişaf edərək orta statistik “azərbaycanlı ailəsi” modelinin ortaya çıxmasına səbəb olmuşdur. Bu ailə modeli nuklear-monoqam olmaqla yanaşı, yumşaq patriarxal ailə xarakteri almışdır. Çünki repressiyalar və müharibə nəticəsində kişilərin sayının azalması, cəmiyyətin və ailənin feminləşməsinə şərait yaratmışdır.
  3. SSRİ-nin süqutu və qloballaşma proseslərinin intensivləşməsi, əsasən sovet dövründə meydana çıxan ailə qurumunu dağıtmaqdadır. Çünki sovet dövründə həyata keçirilən yumşaq dövlət patriarxal ailə siyasəti gender bərabərliyi ilə, kollektiv əmək dəyərləri individualizm dəyərləri ilə, ictimai mülkiyyət xüsusi mülkiyyət ilə, sosial bərabərlik sosial təbəqələşmə ilə, vahid dövlət ideologiyası fərdi dəyərlərlə əvəz olundu. Təbii ki, bu dəyişikliklərin fonunda sovet ailə modelinin qorunub saxlanılması mümkün deyildir. Çünki sovet dövründən fərqli olaraq, cəmiyyət dünyaya açıqdır. Bu model, sovet nəsli tarix səhnəsini tərk etdikcə tədricən ortadan qalxır. Çünki qloballaşma dövründə dünyaya gələn yeni nəsil yeni sosial-mədəni tələblərə uyğun yaşamaq istəyir. Buna görə də, ənənəvi ailə qurumu tənəzzülə doğru gedir.  

      
Müasir sosial inkişaf mərhələsində bütün cəmiyyəti bir araya gətirən vahid ideyanın ortaya qoyulması və onun əsasında yeni ailə modelinin yaradılması mümkün görünmür. Bu gün, individualizm və sosial qrup identiklikləri daha çox aktualdır. Tədricən əhali arasında azərbaycanlı kimliyi kontekstində aktuallaşan etnik, dini və məzhəb identiklikləri, vesternizasiya təmayülləri ümummilli kimliyin fövqünə çıxır. Cəmiyyətdə fərqli dünyagörüşü və paradiqmalara istinad edən fərqliliklər tədricən daha da artır. Əslində, bu fərqliliklər hər bir dövrdə olmuşdur. Sadəcə, totalitar dövlət çərçivəsində total dövlət ideologiyaları bu fərqlilikləri üstünü örtmüşdür. SSRİ-nin 60-70-ci illərdən başlayaraq tədricən liberallaşması, 90-cı illərdə sovet kimliyinin ortadan qalxması ilə nəticələndi. Bu proseslərin nəticəsində ortaya çıxan multikultural mühit, cəmiyyətin totalitar deyil, multikultural dəyərlər əsasında idarə olunmasını zəruri etdi.

     
 Bu gün Azərbaycanda sosiomədəni fərqlilikləri əhatə edən universal dəyər azərbaycançılıq ideyası çərçivəsində olan milli dövlətçilik və azərbaycan dilidir. Azərbaycançılıq multikultural ailə siyasətinin həyata keçirilməsini zəruri edir. Bu siyasət, fərqli ailə modellərinin cəmiyyətin harmonik inkişafına mane olmaması prinsipini rəhbər tutaraq onların sosial mühitdə inteqrasiyasını və qorunub saxlanılmasını təmin edir. Tədricən milli dəyərlər ilə qlobal dəyərlərin arasında sərhədlərin itməsi təhlükəsini önləmək üçün, azərbaycan dilinin və milli dövlətçilik ideyasının inkişaf etdirilməsi vacibdir. 

  

Tövsiyələr

1. Kişi = qadın + 1 gender formulu aşağıdakı tədbirlərin həyata keçirilməsini şərtləndirir:

-      Təlim və tərbiyə prosesində cinsi identiklik amillərini nəzərə almaq;

-      Təhsildə kadr məsələsi, tədris proqram və metodikasında feminləşmə proseslərinin səviyyəsini kişi = qadın + 1 gender formuluna uyğunlaşdırmaq və təhsili feminləşmə təhlükəsindən qorumaq;

-      kişlərin ailə üzərində məsuliyyətini artırmaq üçün, işsiz kişilərin sayını minimuma endirmək;

-      kişiləri döyüş idman növlərinə cəlb etmək üçün, tədris müəssisələrində döyüş idman növləri ilə bağlı ödənişsiz icbari seksiyaların yaradılmasını təmin etmək;

-        tədris müəssisələrində peşə sənətlərinin praktiki öyrədilməsi ilə bağlı fənlərin tədrisini gücləndirmək;

-        KİV-də, tədris proqramlarında və digər təbliğat vasitələrində kişilərin ailə üzərindəki ənənəvi məsuliyyətini xatırladan təbliğlərin yayılmasını təmin etmək və s.      

2.Evlilik yaşında olan insanların cinsi xəstəliklərə və övlad dünyaya gətirmə problemlərinə məruz qalma dinamikası sürətlə artdığı üçün, Qida Təhlükəsizliyi Agentliyi bunun konkret səbəblərini ortaya qoymalı və milli genofondun qorunması istiqamətində onlara qarşı konkret mübarizə aparmalıdır.      


3. İnsanların kütləvi şəkildə bir yerə toplanmasını və ünsiyyət qurmasını təmin edən tədbir və layihələrin həyata keçirilməsinə ehtiyac vardır. Bunlar aşağıdakılar ola bilər:

-      Parkların sayının artırılması;

-      parklarda gənclərin kollektiv idman oyunlarının təşkili;

-      şəhərsalma layihələrində həyatyanı sahələrin genişləndirilməsi və orada bütün yaş qruplarının əylənməsini təmin edən sahələrin ayrılması;

-      Xalq oyunlarının (əvvəlki küçə oyunlarının) müasirləşdirilməsi və onların həyata keçirilməsi üçün parklarda, həyətyanı sahələrdə şəraitin yaradılması;

-      parklarda, ictimai yerlərdə yarışların təşkil olunması və qaliblərin mükafatlandırılması;

-      ödənişsiz futbol və voleybol sahələrinin artırılması;

-      gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinin təmin olunması;

-      açıq səma altında yaradıcılıq sahələrinin ayrılması və s.  



Rauf Tofiq oğlu Məmmədov,

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, 
fəlsəfə üzrə fəlsəfə doktoru
[email protected]

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?