2026-cı ilin aprel ayında Azərbaycanın qeyri-neft sektoru üzrə əsas ixrac ölkələri arasında ən yüksək artımlardan biri Gürcüstan istiqamətində qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə may sayında öz əksini tapıb.
Məlumata görə, aprel ayında Rusiyaya qeyri-neft məhsullarının ixracı 94,9 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 88,5 milyon dollarla müqayisədə 6,4 milyon dollar və ya 7,2% artıb.
Türkiyəyə ixrac 79,3 milyon dollar olub. Bu isə 2025-ci ilin aprel ayındakı 53,3 milyon dollarla müqayisədə 26 milyon dollar və ya 48,8% çoxdur.
Gürcüstana ixracın həcmi 55,1 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 25,1 milyon dollar təşkil edib. Beləliklə, Gürcüstan istiqamətində ixrac 30 milyon dollar və ya 119,5% artaraq iki dəfədən çox yüksəlib.
İsveçrəyə qeyri-neft ixracı 36,1 milyon dollar olub. Bu göstərici ötən ilin müvafiq dövründəki 30,8 milyon dollarla müqayisədə 5,3 milyon dollar və ya 17,2% artım deməkdir.
Ukraynaya ixrac isə 13,5 milyon dollar təşkil edib. Bu ölkəyə ixrac ötən ilin eyni dövründəki 14,2 milyon dollarla müqayisədə 0,7 milyon dollar və ya 4,9% azalıb.