Modern.az

Ermənicə bilən deputatlar: “Yan-yana oturanda nə danışdıqlarını başa düşürəm”

Ermənicə bilən deputatlar: “Yan-yana oturanda nə danışdıqlarını başa düşürəm”

Parlament

Bu gün, 15:55

Bir müddət əvvəl Baş nazirin müavini Şahin Mustafayevnin Ermənistana səfəri həm Azərbaycanda, həm də region mediasında geniş müzakirələrə səbəb olmuşdu. Onun əslən Qərbi Azərbaycanlı olması və erməni dilini bilməsi diqqət çəkən əsas faktlardan idi.

Bu mənada Milli Məclisdə erməni dilini bilən deputatların olub-olmaması da maraq doğurur. Qərbi Azərbaycanda doğulmuş deputatlarımız zamanında erməni dilini öyrənib.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, gündəlik həyatlarında ermənilərlə tez-tez təmasda olublar, odur ki, erməni dilini öyrənmək, işlətmək məcburiyyətində qalıblar:

“Son 200 il ərzində Qərbi Azərbaycan ərazisində etnik təmizləmə siyasəti həyata keçirildikcə azərbaycanlı əhali öz tarixi yerlərindən sıxışdırılıb və çıxarılıb. Soydaşlarımızın evlərinə, kəndlərinə xarici ölkələrdən gəlmə və ya gətirilmə ermənilər yerləşdirilib. Beləliklə,  kəndlər ya bütünlüklə erməniləşdirilib, ya da azərbaycanlılarla ermənilərin yaşadığı qarışıq kəndə çevrilirib. Xüsusilə belə qarışıq kəndlərdə yaşayan azərbaycanlılar istər-istəməz ya məktəbdə, ya iş yerində, ya da gündəlik həyatlarında ermənilərlə tez-tez təmasda olur, erməni dilini öyrənmək, işlətmək məcburiyyətində qalıblar”. 


Deputat bildirib ki, Qərbi Azərbaycanda rus dili ümumişlək dil olmayıb və hamı ya Azərbaycan dilində, ya da erməni dilində danışıb. Digər tərəfdən, dövlət qurumlarında bütün sənədləşmə işləri erməni dilində aparılıb. Odur ki, mən və Qərbi Azərbaycanda doğulub - böyüyən digər deputatların erməni dilini bilməsi normal haldır: “Xüsusilə sonuncu deportasiya zamanı ata-baba yurdunu tərk etmək məcburiyyətində qalan və ya bir müddət Qərbi Azərbaycanda dövlət işində çalışan hər kəs bu və ya digər dərəcədə erməni dilini bilir. O başqa məsələ ki, son 38 ildə erməni dili bir qədər də unuduldu. Bir daha qeyd etməliyəm ki, mən də daxil olmaqla, həyatının bəlli bir dövrünü Qərbi Azərbaycanda yaşamış deputatlarımız erməni dilini az-çox bilir. Xüsusilə mənim kimi Qərbi Azərbaycan məsələsi ilə məşğul olan tədqiqatçılar erməni dilində olan bəzi yazıları, mətnləri oxumaq məcburiyyətindədirlər, bunsuz mümkün deyil” , deyə o, vurğulayıb.


Deputat Hikmət Babaoğlu isə qeyd edib ki, erməni dilini orta məktəbdə öyrənib: “Qərbi Azərbaycan əsilli deputatların yaş həddinə uyğun olaraq Ermənistanda doğulub və təhsil alan hissəsi erməni dilini bu və ya digər dərəcədə bilir. Nəticə etibarilə, konkret məni nəzərdə tutursunuzsa, orta məktəbdə erməni dilini öyrənmişəm. Erməni əlifbasını bilirəm və bu günə qədər unutmamışam. Çünki bizdə mütəmadi olaraq erməni əlifbası tədrisi olunub. Erməni dilini orta məktəbdə mənimsəniləcək səviyyədə bilirəm”.

Həmsöhbətimiz deyib ki, kitab yazarkən ailə kitabxanalarındakı erməni dili üçün lüğətdən istifadə edir: “Nəzərə almaq lazımdır ki, zaman çox şeyi diktə edir və ünsiyyət vasitəsi kimi istifadə edilməyən dil də şübhəsiz ki, unudulur. Buna baxmayaraq, mən bir neçə il bundan əvvəl “Akdamardan Sarı Gəlinədək erməni yalanı” adlı kitabını yazarkən ailə kitabxanamızda olan ermənicə-azərbaycanca lüğətdən istifadə etməklə yenidən yaddaşımı bərpa etdim və bu, daimi ünsiyyətə çevirilmədiyi üçün yenə də yaddımdançıxdı”.

Müsahibimiz onun üçün erməni dilini yenidən mənimsəməyin çətin olmadığını da qeyd edib: “Amma bütün hallarda mənim üçün Ermənistanda təhsil alan və böyüyən millət vəkilləri üçün qısa müddətdə erməni dilini yaddaşında bərpa etmək çətin olmaz. Çünki bu dilin müəyyən baza hissəsi ilkin yaddaşda mövcuddur”.

Deputat Azay Quliyev qeyd edib ki, Qərbi Azərbaycanda yaşadığı müddətdə ermənilərlə Azərbaycan dilində danışıblar, onlar bizim dilimizi mükəmməl bilirdilər: “Mən 1971-ci ildə Qarakilsə (Sisian) rayonunda anadan olmuşam və orta məktəbi də kənddə bitirmişəm. Bizim Vağudi kəndində həm azərbaycanlılar, həm də ermənilər yaşayırdı. Orta məktəbi Azərbaycan dilində oxumuşam, lakin məktəbdə ayrıca erməni dili də tədris olunurdu. Biz ermənilərlə əsasən Azərbaycan dilində danışardıq, onlar bizim dili təmiz bilirdilər. Bizə də türk deyərdilər, ilk dəfə qarşılaşanda verdikləri birinci sual “ermənisən və ya türksən”? olurdu”.

Azay Quliyev bildirib ki, o zaman erməni dilində yazıb-oxumağı bacarıb, fikrini sərbəst ifadə edib: “Mənim yaşıdlarım erməni dilində danışmağa o qədər meyl etmirdi, düşünürdük ki, qoy erməni bizimlə öz dilimizdə, Azərbaycan dilində danışsın. Lakin rəhmətlik atam erməni dilini mükəmməl bilirdi, kənddə müəllim işləyirdi, Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyirdi. Atam bir müddət kənd sovet sədri vəzifəsində də işlədi. Yaxşı xatırlayıram, məktəbdə bəzən milli zəmində mübahisələr düşəndə atam ermənilərə öz dillərində tutarlı cavab verərdi. 1988-ci ilin may ayında mən orta məktəbi bitirəndə erməni dilində yazmağı və oxumağı bacarırdım, fikrimi də sərbəst ifadə edə bilirdim”. 

Azay Quliyev beynəlxalq tədbirlərdə Ermənistan nümayəndələrinin öz aralarında nə danışdıqlarını başa düşür: “İndi demək olar ki, çox sözü unutmuşam, təxminən 50 faiz ermənicə danışılanda anlayıram. Bəzən  ATƏT PA -da Ermənistan nümayəndə heyəti ilə yanaşı otururuq və ermənicə başa düşməyim qarşı tərəfin bizə qarşı istifadə etmək istədikləri məsələləri bilmək baxımından faydası da olur. Lakin fikrimi ermənicə sərbəst ifadə etməkdə çətinlik çəkirəm.  Hər halda, 38 ildir ki, bu dili istifadə etmirəm”.



Deputat Rizvan Nəbiyev bildirib ki, Basarkeçərin Qanlı kənd orta məktəbində təhsil aldığı dövrdə həftədə iki dəfə erməni dili keçilib: “Əvvəlcə bu dili erməniəsilli müəllim tədris edirdi. Sonra isə azərbaycanlı müəllim bizə erməni dilini keçirdi. Erməni əlifbasını öyrənmişdik, yazır və mətnləri oxuyurduq. Həmin dövrdə əlifbanı öyrənmişdik, erməni dilində yazırdıq, mətnləri oxuyurduq. Amma yaşlı nəslin nümayəndələri bu dildə daha sərbəst danışır və yazırdı”.
Deputat deyir ki, atası texnikum təhsilini erməni dilində alıb: “Mənim atam hətta texnikumda təhsilini erməni dilində almışdı. Texniki məsələlərlə bağlı 60-cı illərin sonlarında bu, çox vacib sayılırdı. Sonrakı dövrdə rayon mərkəzində işlədiyi zaman da o dili bilməsi müəyyən üstünlüklər yaradırdı”.

Onun sözlərinə görə ermənilər arasında da Azərbaycan dilini bilənlər olub: “1988-ci ilin dekabrında deportasiya olunandan sonra həm bu dildən istifadə, həm də onu oxumaq imkanlarımız aradan qalxdı. Bu gün də dil bilgimiz zəif səviyyədədir”.

Bizim o torpaqlarda yaşamağımızın sübutlarından biri də həmin məktəblər və təhsil idi: “Vacib olan odur ki, bizim o torpaqlarda yaşamağımızı təsdiq edən faktorlardan biri də oradakı məktəblərin mövcudluğu, bizim orada təhsil almağımız və hətta yerli dili öyrənməyimizdir”, deyə, sonda bildirib. 


Əslən Qərbi Azərbaycanın Tumanyan (Allahverdi) rayonundan olan deputat, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev erməni dilini bilmədiyini deyib: “Bizim yaşadığımız Allahverdi rayonunda erməni yox idi, ona görə də məktəblərdə bu dil keçilmirdi, mən də buna görə bilmirəm”. 


Əslən Basarkeçdən olan millət vəkili Məlahət İbrahimqızı da erməni dilini bilmədiyini açıqlayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV