Modern.az

QHT-lər 250 min avroya qədər qrant ala bilər

QHT-lər 250 min avroya qədər qrant ala bilər

7 Noyabr 2015, 17:36

Azərbaycan QHT-ləri gürcüstanlı həmkarları ilə birlikdə transmilli layihələr icra edə biləcəklər. Avropa İttifaqı (Aİ) bu məqsədlə Azərbaycan-Gürcüstan ərazi əməkdaşlığı çərçivəsində icra olunacaq layihələrə 1,35 milyon avro ayırıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan-Gürcüstan ərazi əməkdaşlığı proqramı çərçivəsində layihə müsabiqəsinə həsr olunmuş mətbuat konfransında məlumat verilib.

Şərq Tərəfdaşlığı Ərazi Əməkdaşlığı (EaPTC) proqramının direktoru Aleksey Sekarev bildirib ki, proqramın əsas məqsədi sərhədyanı ərazilərdə regionlar arasında əməkdaşlığın gücləndirilməsi vasitəsilə birgə problemlərin həlli, həmin regionların sosial-iqtisadi inkişafına nail olmaqdır.

EaPTC proqramının administrasiya rəhbəri Erk Roeloff vurğulayıb ki, Aİ bu məqsədlərə 1,35 milyon avro ayırıb. Müsabiqəyə yalnız Azərbaycan və Gürcüstan sərhədyanı regionlarda qeydiyyata alınmış təşkilatlar tərəfindən layihə təqdim oluna bilər. Hər layihə həm Azərbaycanda, həm də Gürcüstanda fəaliyyət göstərən təşkilatların birgə fəaliyyəti olmalıdır. 

Hər layihəyə 20 min avrodan 250 min avroya qədər qrant verilə bilər. Təkliflər verilməsi üçün tarix dekabrın 19-da başa çatır. Bundan sonra layihələr müstəqil ekspertlər tərəfindən 3 ay ərzində dəyərləndiriləcək. Gələn ilin mayında artıq müqavilələrin imzalanması nəzərdə tutulub. Layihələrin müddəti 6-18 ay arasında ola bilər.

Mətbuat konfransında qeyd edilib ki, proqram Azərbaycanda Gəncə-Qazax, Şəki-Qax rayonlarında, Gürcüstanda isə Kaxetiya, Kvemo-Kartli regionlarında həyata keçiriləcək.

Layihə təklifləri müsabiqəsində QHT-lərlə yanaşı, dövlət qurumları da iştirak edə bilər. Mövzulara gəlincə, müsabiqədə aşağıdakı prioritet istiqamətlər müəyyənləşdirilib: iqtisadi və sosial inkişafın dəstəklənməsi üçün birgə layihələr vasitəsilə sərhəd bölgələrində yerli icmaların həyat şəraitinin yaxşılaşdırılması; sərhəd mahiyyətli və ümumi  maraq kəsb edən digərləri; ətraf mühit, məşğulluq, ictimai səhiyyə və digər sahələrdə ümumi problemlərin həlli; mədəniyyət, təhsil və idman sahələri.

Qeyd edək ki, təşkilatlar təklif etdikləri layihələrin 10 faizini özləri maliyyələşdirməlidir.





F.Sabirqızı 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir