Modern.az

İsveçdə nazir təyin olunan azərbaycanlı qızla bağlı MARAQLI FAKTLAR

İsveçdə nazir təyin olunan azərbaycanlı qızla bağlı MARAQLI FAKTLAR

Aktual

19 Oktyabr 2022, 13:08

Azərbaycan əsilli gənc Romina Purmoxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub. Baş nazir Ulf Kristersson hökumətinin 18 oktyabr 2022-ci il tarixində açıqlanan tərkibində yer alan 26 yaşlı soydaşımız İsveç tarixində ən gənc nazir hesab olunur. 

 

İsveçin azərbaycanlı naziri kimdir? 

 

Modern.az bildirir ki, Romina Purmoxtari 12 noyabr 1995-ci ildə Stokholm qraflığının Sundbyuberq dairəsində anadan olub. Upsala universitetini bitirib. 2019-cu ildən Liberallar Partiyasının İdarə Heyətinin həmsədridir. 

 

Onun namizədliyi yeni seçilmiş Baş nazir, ifrat sağçı Ulf Kristersson tərəfindən irəli sürülüb. 

 

 

Purmoxtari əslən Cənubi Azərbaycandandır. Onun atası İbrahim Purmoxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə mühacirət edib. İbrahim Purmoxtari bir neçə il öncə dünyasını dəyişib.

 

İsveçdə doğulub-böyüyən Romina ölkənin ən gənc naziri kimi diqqət mərkəzindədir. Bundan öncə İsveçin ən gənc naziri 27 yaşlı Aida Hacialiç hesab olunurdu.  

 

Qeyd edək ki, yeni formalaşmış İsveç hökumətinin tərkibi 24 nazirdən ibarətdir. Onlardan 13-ü kişi, 11-i qadındır. Nazirlərin on üç nəfəri mötədil, altı nəfər xristian demokrat, beş nəfər isə liberaldır. 
 

 

Ölkəni idarə edən 11 qadının arasında yer alan azərbaycanlı gənc nazir təyin olunana qədər Liberal Xalq Partiyasının gənclər qanadının rəhbəri vəzifəsində çalışıb. Onun siyasi profilində iqlim məsələləri prioritetlər sırasındadır.

 

Onu da bildirək ki, Romina Purmoxtari İranda 22 yaşlı Məhsa Əminin polis əməkdaşları tərəfindən döyülərək öldürülməsinə etirazını bildirib və bu ölkədə keçirilən aksiyalara dəstək nümayiş etdirib. Gənc siyasətçi çıxışlarında İranı sərt tənqid edib.  

 

O, həmçinin həftəsonu "Evin" həbsxanasında baş verən yanğından sonra İran hökumətini tənqid edən şərhləri retvit edib. Bildirib ki, həbsxanadakı qarşıdurma və yanğın zamanı 8 nəfər həlak olub. Gənc nazir İranın təzyiqləri dərhal dayandırmasına çağırış edib.

 

Bundan başqa, azərbaycanlı nazir dəfələrlə İsveçlə bağlı vacib siyasi məsələlərə özünə məxsus tərzdə münasibət bildirməsi ilə gündəmə gəlib.

 

Xanım siyasətçi, həmçinin feminst olduğunu da gizlətmir. O, mediaya müsahibələrində feminstləri dəstəklədiyini etiraf edib.

 

Gənc nazir, eyni zamanda dünyada baş verən qadın cinayətlərinə qarşı aktiv mübarizənin vacibliyini diqqətə çatdırıb.

 

Xatırladaq ki, İsveçin 10 milyon əhalisinin təxminən 20%-i xaricdə doğulanlardır. Onların çoxu Suriya, İraq, Əfqanıstan və Somali də daxil olmaqla, müharibə şəraitində olan ölkələrdən gələn qaçqınlardır. 

 

Onu da qeyd edək ki, Romina Purmoxtari fars dilini mükəmməl, Azərbaycan dilini isə nisbətən zəif bildirini söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır