Modern.az

“Elə istəyərdim ki, Şükür indi yanımda olsun” - Şəhid Milli Qəhrəmanın xanımı 

“Elə istəyərdim ki, Şükür indi yanımda olsun” - Şəhid Milli Qəhrəmanın xanımı 

Aktual

22 Oktyabr 2022, 14:54

Şəhid Milli Qəhrəman Şükür Həmidovun anım günüdür. 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, Azərbaycan torpaqlarının işğaldan azad edilməsində böyük şücaət göstərmiş polkovnik Həmidovun şəhadətə ucalmasından iki ik ötür.

 

Doğma yurdunun - Qubadlı rayonunun azadlığı uğrunda canını fəda etmiş Milli Qəhrəmanın ailə üzvləri hələ də onun yoxluğu ilə barışa bilmirlər.

 

Şükür Həmidovun xanımı Könül Həmidova anım günündə həyat yoldaşı ilə bağlı xatirələrini Modern.az-la bölüşərək, geridə qalan iki ilin onlar üçün neçə keçməsindən danışıb.

 

(Milli Qəhrəman Şükür Həmidov qızı ilə)

 

Könül xanım deyir ki, Şükür Həmidovsuz keçən hər saniyə sanki bir ildir:

 

“Artıq iki ildir ki, Şükür aramızda yoxdur. Onun yoxluğu bizim üçün çox çətindir. Bəzən deyirlər ki, yaralar getdikcə sağalır, amma elə deyil. Sağalmaz yara məhz bu imiş. Ən böyük arzum idi ki, son nəfəsimədək Şükür yanımızda olsun, bizim hər günümüzə şahid olsun. Bu gün biz öz sevincimizi onsuz yaşaya bilmirik”.

 

Şəhid polkovnikin ən böyük arzusu qızının tələbə adını qazanması olub.

 

“Bu il qızım tələbə adını qazandı. Atasının ən böyük arzusu idi ki, o universitetə qəbul olunsun. Elə istəyirəm ki, Şükür bu günü görsün, indi yanımızda olsun. Amma bizi bu sevincimizlə tək qoydu.

 

Elə bir an yoxdur ki, onu xatırlamayaq. Hər günümüz onun adi ilə başlayıb, onun adı ilə bitir. O, elə ata, elə ailə başçısı olub ki, hər dəfə xatırladıqca göz yaşlarımızı tuta bilmirik. Şükür bizim qəlbimizə, ruhumuza elə hopub ki, hər saniyə ağlımızdadır”- deyə şəhid xanımı söyləyib.

 

Xatırladaq ki, Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub. O, ailədə 10 uşaqdan biri olub. Ş.Həmidov 1990-1993-cü illərdə C.Naxçıvanski adına Hərbi liseydə təhsil alıb.

 

2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib.

 

Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.

 

Vətən müharibəsində Ş.Həmidov Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib.

 

Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

 

Prezident İlham Əliyevin sərəncamı ilə Şükür Həmidov Vətən müharibəsindəki iştirakına görə “Vətən uğrunda” medalı ilə təltif edilib. Ona ölkə başçısının sərəncamları ilə Şükür Həmidov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və “Zəfər” ordeni ilə təltif edilib.

 

Milli Qəhrəmanın 1 oğlu və 1 qızı var.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək