Modern.az

Ərdoğan özünə azərbaycanlı müşavir təyin edə bilər

Ərdoğan özünə azərbaycanlı müşavir təyin edə bilər

Aktual

5 İyun 2023, 18:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də keçirdiyi andiçmə mərasimindən sonra Nazirlər Kabinetinin yeni tərkibini elan edib. Açıqlamada yalnız nazirlərin və vitse-prezidentin adları yer alıb. 

 

Digər önəmli dövlət qurumları ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan ölkənin xarici işlər naziri təyin edilib, ancaq onun yerinə kimin gətirildiyi məlum deyil. Mətbuatda Fidanı Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının əvəz edəcəyi bildirilir.

 

Eyni zamanda, Türkiyə Prezidentinin müşavirlərinin də dəyişib-dəyişmədiyi bəlli deyil. Ərdoğanın neçə müşavirinin olduğu zaman-zaman Türkiyə mətbuatında müzakirə mövzusuna çevrilib. Əvvəlki dövrdə Türkiyə liderinin 20-yə yaxın müşavirinin olduğu qeyd edilirdi. Yeni siyasi dönəmdə müşavirlərdən kimlərin vəzifədən gedəcəyi, kimlərin postlarında qalacağı sual doğurur. Bundan əlavə, Ərdoğanın müşavirləri arasında azərbaycanlı siyasətçinin olması məsələsi də böyük maraq doğurur.


Türkiyə parlamentinin sabiq deputatı, AKP funksioneri Yunus Kılıç Modern.az-a açıqlamasında deyib ki, prezidentin müşavirlərinin sayı çoxdur. Lakin onların fəaliyyəti ilə bağlı hər hansı qərar verilməyib.

 

"Müəyyən vaxtlarda cənab Prezident onları təyin edir. Böyük ehtimalla yeni dövrdə onların bir çoxu fəaliyyətinə davam edəcək. Yalnız müəyyən dönəmdən sonra yeni müşavirlər təyin oluna bilər. Hazırda bu məsələ gündəmdə deyil”, - deyə Y.Kılıç bildirib.

 

Onun sözlərinə görə, Ərdoğanın özünə azərbaycanlı müşavir təyin etməsi onun müstəsna səlahiyyətində olan məsələdir.

 

Qeyd edək ki, Ərdoğanın yeni hökumətdə neçə müşavirinin olacağı sosial mediada və mətbuatda müzakirə edilən əsas mövzulardan biridir. Bəzi jurnalistlər Türkiyə liderinin özünə azərbaycanlı müşavir təyin edəcəyi barədə xəbərlər yayıb. Hələlik bu barədə rəsmi açıqlama yoxdur, ancaq Ərdoğanın Azərbaycana həddindən artıq önəm verdiyini nəzərə alsaq, belə bir təyinat istisna edilməməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi