Modern.az

Blinken köməkçisini Bakıya göndərir - ABŞ ilə münasibətlər düzəlir?

Blinken köməkçisini Bakıya göndərir - ABŞ ilə münasibətlər düzəlir?

Analitika

5 Dekabr 2023, 15:24

ABŞ-nin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn bu həftə Azərbaycana səfər edəcək. "Ceyms O'Brayn Bakıda Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədilə Azərbaycanın vəzifəli şəxsləri ilə görüşəcək”,- ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

 

Hazırda Azərbaycan-ABŞ əlaqələri gərgindir. O'Braynın Senatdakı təxribatçı açıqlamaları Azərbaycanın etirazına səbəb olmuşdu. Prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.

 

Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

 

Bəs təxribatçı açıqlamaları ilə yadda qalan amerikalı diplomatın Bakıya səfəri iki ölkə arasındakı gərginliyin aradan qalxmasına, münasibətlərin normallaşmasına kömək edə biləcəkmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, ABŞ Azərbaycanın idarə edilə biləcək dövlət olmadığını dərk edib:

“ABŞ Azərbaycanla münasibətdə çubuğun başını çox əydi. Daha sonra dərk etdi ki, Azərbaycan onun istədiyi şəkildə idarə edə biləcəyi dövlətlərdən deyil. ABŞ istəyirdi ki, Ermənistana olan münasibətini Azərbaycana qarşı da sərgiləsin.Ancaq bu ölkə Azərbaycana eyni təzyiqlərlə hansısa nəticə əldə olunmayacağını anladı. Özləri cənab Prezident İlhama Əliyevə zəng etdilər ki, ABŞ rəsmiləri Azərbaycana gəlib gedə bilsin. Cənab Prezident də adekvat münasibət ortaya qoyaraq, Azərbaycan rəsmilərinin də ABŞ-yə gedib gəlməsi şərtilə bu ölkənin rəsmi şəxslərinə səfər üçün icazə verdi. Əslində, Blinken öz təkliflərini geri çəkdi. Hətta ilk səfəri təklifi irəli sürən O'Braynın özü edəsi oldu.Təbii ki, siyasətdə belə hallar olur. Bu da siyasəti aparanların naşılığından və qarşı tərəfi düzgün qiymətləndirməməsindən irəli gəlir”.

M.Quliyevin fikrincə, səfərlər ölkələrarası münasibətləri normallaşdıra bilər:

 

“Azərbaycan heç bir dövlətlə, o cümlədən ABŞ-la münasibətləri gərginləşdirməkdə maraqlı deyil. Bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulmasının tərəfdarıdır. Gediş-gəlişlər, görüşlər, telefon danışıqları münasibətlərin daha da isinməsinə töhfə verə bilər.  Yeri gəlmişkən, cənab prezidentin də söylədiyi kimi bölgə problemlərini elə region dövlətləri özləri həll etməlidir. Amerikadan, Fransadan, Almaniyadan verilən müəyyən sifarişləri biz qəbul etmirik.Müstəqil siyasət yürüdürük. İstənilən halda münasibətlərin qorunub saxlanması tərəfdarıyıq. Azərbaycan dövləti və cənab prezident bu xətti tutur. Ən doğru yol da məhz budur”.

 

Milli Məclisin digər bir deputatı Vüqar İskəndərov vurğulayıb ki, ABŞ Azərbaycanla münasibətlərin yumşalmasına ehtiyac olduğunu anlayıb:

 

“Müstəqillik əldə edildikdən sonra Azərbaycan Cənubi Qafqazda ABŞ-nin həmişə tərəfdaşı olub. İkitərəfli əlaqələrdə Azərbaycan özünü layiqli dost ölkə kimi göstərib. ABŞ-nin yaratdığı koalisyaya qoşulmuşuq, Azərbaycan hərbçiləri antiterror fəaliyyətlərində iştirak edib, eləcə də enerji məsələlərindəki mövqelərimiz ölkəmizin ABŞ ilə münasibətlərinə töhfə verib. 44 günlük Vətən müharibəsindəki qələbə və birgünlük antiteror əməliyyatları erməni lobbisinin əlində qalan ABŞ senatının və bir çox deputatlarının açıq aşkar ölkəmizə qərəzini göstərməyə başladı. Əvvəldən bilirdik ki, Bayden ermənipərəstdir. Onun siyasi  fəaliyyətində bu çalarlar tarixən özünü göstərib. Son zamanlar ölkəmizə qarşı qərəz, bəyanatlar münasibətlərin gərginləşməsinə səbəb olub. Mövcud vəziyyətdə ABŞ Azərbaycandan adekvat yanaşma görüb. Yəni rəsmi Bakı da eyni soyuqluğu göstərib. Diplomatiya ilə onlara "necə münasibət göstərəcəksinizsə, elə də cavab alacaqsınız" mesajını vermişik. Bu yaxınlarda ABŞ dövlət katibi Antoni Blinkenin cənab Prezidentə zəng edib, münasibətlərin yumşalması üçün referanslar etməsi, O'Braynın Bakıya gəlməsinə şəraitin yaradılması ABŞ-nin artıq münasibətlərin yumşalmasına ehtiyac olduğunu anladığını göstərir. Super dövlət gördü ki, Azərbaycana  hədə-qorxu gəlmək, ona qarşı qadağalarla siyasət yürütmək mümkün deyil. Azərbaycan milli maraqlarına uyğun siyasət sərgiləyir. Öz xarici siyasətində milli məsələlərini prioritet götürür”.

V.İskəndərov Ceyms O'Braynın Azərbaycana səfərinin bir çox məsələlərə aydınlıq gətirəcəyini düşünür:

“Prezident İlham Əliyev Azərbaycan diplomat və siyasilərinin ABŞ-a getmələrinə icazə verilməsi şərtilə O'Braynın səfərinə icazə verdi və müsbət cavab aldı. Bu, ABŞ-nin Azərbaycanla münasibətlərə yenidən baxmağa məcbur olduğunu deməyə əsas verir. O'Braynın ölkəmizə gözlənilən səfəri iki ölkə arasındakı mövcud gərginliyin aradan qaldırılmasına, münasibətlərin normallaşmasına xidmət edə bilər. Bunun üçün ABŞ rasional siyasət yürütməli, beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Azərbaycan suverenliyinə hörmət əsasında bərabərhüquqlu siyasət həyata keçirməlidir”.

 

Politoloq Elxan Şahinoğlu isə şəxsən ABŞ dövlət katibi Antoni Blinkenin indiyə qədər balansı qoruduğunu və Azərbaycan əleyhinə bəyanatlar vermədiyini diqqətə çatdırıb:

 

“O'Brayn konqresdə Azərbaycan əleyhinə çıxış etdikdən sonra ölkələrarası münasibətlər gərginləşdi. Buna səbəb noyabrın 23-də Vaşinqtonda keçirilməsi gözlənilən nazirlər səviyyəsində görüşdən Azərbaycanın imtina etməsi oldu. Daha sonra Azərbaycan, ümumiyyətlə, ABŞ-nin vasitəçiliyindən imtina etdi. O'Brayn məntiqsiz çıxışı ilə ABŞ-Azərbaycan münasibətlərinə böyük zərbə vurmuş oldu. Doğrudur, daha sonra ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng etdi və O'Braynın faktiki yanlışlarını qeyd etdi. Konqresdə demişdi ki, Azərbaycan və Amerika rəsmilərinin qarşılıqlı səfərləri də dondurulur. Prezident İlham Əliyev də O'Braynın Azərbaycana səfərinin sözügedən qərarın ləğv edilməsilə, mümkün olacağını bildirdi. Antoni Blinken artıq qərarın ləğv olunduğunu açıqlayıb. Blinkenin özü indiyə qədər balansı qoruyub və heç vaxt Azərbaycan əleyhinə fikirlər səsləndirməyib. Təəssüf ki, onun əməkdaşları konqresdəki dinləmələrdə Azərbaycana qarşı əsassız, ədalətsiz çıxışlar edir”.

Politoloq ABŞ-Azərbaycan münasibətlərinin hansı halda axarına düşəcəyindən də bəhs edib:

 

“O'Brayn Azərbaycana gələcəksə, əməkdaşlıqdan danışacaq. Amma bundan əvvəl konqresdə səsləndirdiyi fikirlərdən imtina etməlidir. Biz açıqlamalara, bəyanatlara yox, atılan addımlara fikir verməliyik. ABŞ-nin Azərbaycana qarşı atdığı addımlara diqqət yetirməliyik. Məsələn bir müddət əvvəl 907-ci düzəliş yenidən qüvvəyə minib. Bu, çox xoşagəlməz addımdır. ABŞ administirasiyası keçmiş illərdə olduğu kimi 907-ci düzəlişi dondurmalıdır.Bu halda ABŞ-Azərbaycan münasibətləri yenidən öz axarına qayıda bilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok