Azərbaycanda ikinci Qarabağ savaşı üçün milli orduya maddi yardım kampaniyası rəsmən elan edilməsə də, müəyyən şübhəli təşəbbüslər, bir sıra qaranlıq məqamlar mövcuddur. Maraqlı burasıdır ki, bu istəyin niyəsə kasıb, yaxud nisbətən orta təbəqənin üzərində həyata keçirilməsi səyləri hiss olunur.
Nə qədər qəribədir: ön cəbhə də kasıb üçün, arxa cəbhə də!..
Ali və orta məktəb personalı sosial, mədəni, infrastruktur sahələrin bəzən “sponsor”u funksiyası ilə yükləndiyi kimi, tam təkzib olunmayan son mətbu informasiyalara istinad etsək, orduya cüzi yardımda da drijoru məchul kimsə ona “xeyriyyəçi” rolunu verib (1-2 faiz əmək haqqı tutumu ilə-müəl.).
İş adamı Hacı İbrahim Nehrəmli şiddətli atəşlər ərəfəsində orduya 50 min manat yardım edəcəyini deyəndə, bu comərdlik nümunəsinin başqa biznesmen, məmur, nazir, icra başçısı timsalında davamı gəlməliydi. Gəlməliydi ki, bu günkü istər kasıbın içindən gələn xoş təşəbbüslərə, istərsə də, oyunbazlıq edənlərin qaranlıq niyyətlərinə ehtiyac qalmasın.
Həm də Azərbaycan cəmiyyətinin çaşdırıcı çox yüksək vətənpərvərlik ovqatını üst təbəqənin beləcə fədakarlıq üslubu,- bu fiziki aktivlik və sərvətini tam xərcləmə hazırlığı kimi də ola bilərdi - daha uca bir nöqtəyə aparmalıydı.

Heç indi də gec deyil, ikinci Qarabağ savaşı yeni başlayıb. Vizual olaraq dəhşətini görə bilmədiyimiz, yeni atəşkəs razılaşması yalanları altında əsl müharibə gedir. Kasıb balalarının ayağından on günlərlə əsgər çəkməsi çıxmır. Bir aylıq müharibədə 100-dən yuxarı şəhid ailəsi meydana gəlib. Dağılmış 314 evin sakininin həyatı tar-mar olub.
Şəhid ailəsinin yanında olmaq, mülkü əhalinin əvvəlki yaşam şəraitini təcili bərpa etmək dövlətin prosedurları ilə uzun bir vaxt alır. Üstəlik, bir aylıq müharibənin belə bir hərtərəfli statistikası qarşısında dövlət xəzinəsinə düşən ağırlığı təsəvvür etmək çətin deyil.
Amma şəxsi büdcələri dövlət büdcəsi ilə eyni tərəzinin gözünə qoyula bilən məmurların maddi səviyyəsi hərbi prosesin acdığı yaraları təcili qapatmaq imkanına malikdir.
Nə qədər insafsız olasan ki, cəbhə bölgəsinin durumunu düşünməliykən, 770 milyonluq yaxtaya sahiblik, biznes imperiyasının sərhədlərini genişləndirmək haqqında fikirləşə biləsən. Cəmiyyət belə bir xisləti devalivasiya başlayanda un ticarətində şəxsi mənfəətini ortaya qoyan millət vəkillərinin simasında tanıdı. Bu xislət beynəlxalq oyunların xərclərinin bir qisminin kasıbın belinə yüklənməsindən, sosial-mədəni işlərdə müəllimlərin maaş kartına uzadılan tamahkar əllərdən tanışdır.
Nə qədər insafsız olasan ki, bu torpağın sənə doğru-əyri yollarla qazandırdığı sərvəti onun çağdaş qara gününə bəxş etməyib, öz qara günün üçün bərk-bərk mühafizə edəsən.
Deyiriksə ki, vətən hamı üçündür,- kasıb puldan qiymətli övladını, canını ortaya qoyursa, mülkü əhali taleyin acılarını qəbul edirsə, zəngin əsgəri xidmətdən gizlətdiyi oğlanlarının, atəş nöqtəsindən yüzlərlə kilometr uzaqda dayanmasının müqabilində, heç olmasa, sərvətindən keçməyə hazırlığını nümayiş etdirməlidir.
Lakin vətən naminə çağdaş səfərbərlikdə yoxsulun yeri, vəzifəsi, niyyəti bəlli, varlının yeri harda, görəvi nədən ibarət, bu, hələlik bəlirlənməyib.
Ölkənin kifayət qədər silah, texnika imkanları ola bilər. Lakin müharibə onları sıradan çıxarır və tədricən tükədir. Yerinə alıb qoymaq qlobal iqtisadi tənəzzül şəraitində daha dövlət büdcəsinin çiyinlərinə düşə bilmir. Bir tərəfdən də, Rusiyanın müdafiə naziri müttəfiqini silahlandıracağını sanki Azərbaycana qıcıq ritorikası kimi bəyan edir. Amma bizim bu müharibəni udmaq iddiamız var və politoloji rəylərə dayansaq, öndə irihəcmli əməliyyatlar, uzun bir müharibə istisna edilmir. Deməli, hədəfə çatmaq üçün ölkənin potensialına əlavə dəstəklə güc ehtiyacı yaranacaq. Bu əlavə dəstəksə, müəllimin qəpik-quruşu yox, məmurun iqtisadi imperiyası üzərində dayanmalıdır. Çünki xırda-para pullar nə qədər toplanır-toplansın, cəbhə bölgəsi üçün sərt bir rüzgar da demək deyil. Məmur sərvəti isə düşmən qarşısında təhlükəli sunami yaratmaq kimi qüdrətə sahibdir.
Kimsə deyə bilər ki, nə bilirsiniz, bəlkə nazirlərimiz, karlı məmurlarımız hərəsi orduya bir tank alıb bağışlayıb, bir şəhid ailəsini himayəyə götürüb, məgər bunu reklam etməlidir?!
Həzrəti Əlinin missiyasını örnək qəbul edənlərin özünüreklamına ehtiyac qalmır. Şəfqət və arxalıq hissini yaşayanlar üzərindəki mərhəmətli əlin sirrini, onsuz da özü faş edir.
Kritik döyüş coğrafiyası Goranboy - Ağdam - Tərtər dairəsinin deputatı Ağalar Vəliyevə aid bir ərazi olsaydı, dağılmış hər bir evin, ailənin yarasına ondan mədəd ummaq olardı. Amma Goranboy, Tərtər həm Ziya Məmmədov, həm Cahangir Əsgərov, həm Natiq Əliyev, həm Rövnəq Abdullayev kimi imkanlı olan hamının vətənidir.
Adıçəkilən millət vəkili bir neçə ailənin sosial yükünün ağır tərəfindən yapışmağına şübhə yeri qoymur, çünki çoxları onu adının çəkilməsini istəməsə də belə, tamaşaçısı olduğu bir verilişə çıxıb kömək istəyən əlilə Qaradağ rayonunda təmirli mənzil açarını bağışlayan birisi kimi yaxşı tanıyır. Oxşar niyyətlərin aidiyyatı olduğu Tərtər rayonunda yerinə yetirilməsi informasiyaları da artıq ictimai rəyə yerli sakinlərin özü tərəfindən verilib.
Bəs, başqalarının timsalında belə misallar varmı? Hələlik yox.

Məsələ burasındadır ki, reklam, lovğalıq kimi görünən xeyirxahlıq indiki məqamda həm daxili, həm xarici auditoriya üçün çox vacib addım çəkisi daşıya bilər.
Bu varsa, bunu elan etmək ona görə lazımdır ki, cəmiyyət özünü bir az da ürəkli hiss etsin. Düşmənsə qorxudub boşaltmağa çalışdığı ərazilərin sinəsində kasıb-varlı vəhdətindən hörülən zirehi, dəbilqəni hədəfə almaqdan usansın.
Ön cəbhəni öhdəsinə götürən kasıb arxa cəbhədəki güclərdən o zaman gileyli olmayacaq ki, vətən üçün xərclənməli pullar xərclənəcək.
Pul xərclənəndə bərəkətli olur.
Həm də azad olmuş vətən torpağı o pulları, xərcləyən kəslərə mütləq geri qaytaracaq.
Silahlı Qüvvələrə Yardım Fondu, şəhid ailələri, dağılmış evlər zəngin təbəqənin comərdliyini gözləyir. Onların yeri və görəvi buradadır...