Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan – Türkiyə Parlamentlərarası Dostluq qrupunun sədri Əhliman Əmiraslanov Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin Prezidenti Akkan Suver ilə görüşüb. Görüş zamanı akademik Əhliman Əmiraslanov Azərbaycan – Türkiyə münasibətlərindən söz açaraq qeyd edib ki, müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsində hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin Prezidenti Akkan Suver də Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin çox uğurla inkişaf etdiyini və bu əlaqələrin dostluq-qardaşlıq əsasında qurulduğunu bildirib.
Görüşdə o da qeyd edilib ki, Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında qardaş Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın rolu böyükdür və Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynayıb.
Görüşdə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədr müavini, Türkiyə parlamentinin sabiq deputatı Şamil Ayrım və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin İcra Şurasının üzvü Cengiz Güldamlası da iştirak edib.
Modern.az