İsrail Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla birbaşa əlaqələri dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
İsrailin xarici işlər naziri Gideon Saarın nümayəndəsinin sözlərinə görə, bu addım cari ilin iyun ayından qüvvədədir və yalnız Kallasla təmaslara aiddir. O bildirib ki, İsrail Aİ institutları və üzv dövlətlərlə konstruktiv əməkdaşlığı davam etdirir. Həmçinin Gideon Saarın Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri və digər avropalı rəsmilərlə sıx əlaqələri saxladığı qeyd olunub. Nəşrin məlumatına görə, Kallasla İsrail arasında əlaqələr iyun ayında baş verən açıq qarşıdurmadan sonra kəsilib. Buna səbəb Kallasın İsrailin fələstinlilərlə rəftarını Cənubi Afrikadakı aparteid rejimi ilə müqayisə etməsi barədə yayılan məlumatlar olub. Bundan sonra Gideon Saar Kallasın sözlərini geri götürməyəcəyi təqdirdə onunla bütün təmasları dayandıracağını bəyan edib. K.Kallasın tərəfdarları isə münasibətlərdəki gərginliyin digər səbəblərindən biri kimi 2025-ci ildə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Aİ ilə İsrail arasında Assosiasiya Sazişinin fəaliyyətinin qismən dayandırılması və İsrail universitetlərinə Avropa maliyyə dəstəyinin məhdudlaşdırılması təklifini göstərirlər. Onların fikrincə, Kallasın İsraillə münasibətlərində yaranan gərginlik onun tutduğu vəzifənin xarakteri ilə də bağlıdır. Belə ki, Aİ-nin xarici siyasət rəhbəri qurumun üzv dövlətlərinin ümumi mövqeyini təmsil etməlidir. Həmin ölkələrin bir çoxu İsrailin Qəzza zolağındakı siyasətini tənqid edir. “Politico” yazır ki, yaranmış vəziyyət beynəlxalq arenada Avropa İttifaqını kimin təmsil etməsi məsələsini də gündəmə gətirib. Nəşr bu baxımdan Ukrayna ilə bağlı sülh danışıqlarını da nümunə göstərir. Belə ki, Avropa liderləri münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar qrupuna Kallası daxil etməyiblər. Avropa Parlamentinin liberal fraksiyasından olan deputatı, İnkişaf Komitəsinin sədri Barri Endryus isə hesab edir ki, İsrailin Aİ-nin ali nümayəndəsini faktiki olaraq dialoqdan kənarlaşdırmasına imkan verilməsi və Yaxın Şərq üzrə əməkdaşlığın Aİ müqavilələrinə, eləcə də beynəlxalq hüquq normalarına uyğun qurulmaması qurumun beynəlxalq nüfuzuna zərər vurur. Onun sözlərinə görə, bu vəziyyət Avropa İttifaqının mühüm qlobal aktor kimi mövqeyini zəiflədir.