Avropanın aparıcı iqtisadi və siyasi güclərindən biri olan Almaniya ilə Azərbaycanın münasibətlərində yeni əməkdaşlıq imkanları gündəmə gəlir. Prezident İlham Əliyevin 2026-cı ilin iyulunda Almaniyaya səfəri zamanı imzalanmış Birgə Bəyannamə, Azərbaycan - Almaniya Biznes Şurasının yaradılması barədə razılaşma və indi Almaniyanın xarici işlər naziri Yohan Vadefulun Bakıya səfəri ikitərəfli əlaqələrin daha konkret məzmun qazanması üçün yeni siyasi və iqtisadi zəmin formalaşdırır. Azərbaycan-Almaniya münasibətlərinin perspektivləri təkcə iqtisadi maraqlarla da məhdudlaşmır. Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar, Avropanın enerji təhlükəsizliyi, Orta Dəhlizin artan əhəmiyyəti və regionda davamlı sülhün təmin olunması iki ölkə arasında dialoqun strateji çəkisini artırır. Bu prosesdə parlament diplomatiyasının, deputatlar arasında birbaşa təmasların və qarşılıqlı etimadın da xüsusi yeri var.
Modern.az - açıqlamasında Milli Məclisin Azərbaycan - Almaniya parlamentlərarası işçi qrupunun sədri Nurlan Həsənov bildirib ki, Almaniya Azərbaycan üçün Avropada mühüm siyasi və iqtisadi tərəfdaşlardan biridir:
“İki ölkə arasında münasibətlərin inkişafı üçün geniş potensial mövcuddur. Hesab edirəm ki, Almaniyanın xarici işlər naziri Yohan Vadefulun Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni dinamika qazandırmaq, mövcud əməkdaşlığı daha konkret layihələrlə zənginləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə qeyd etmək istərdim ki, 2026-cı ilin iyulunda Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı ikitərəfli tərəfdaşlığın strateji gündəliyinə dair Birgə Bəyannamənin imzalanması, eləcə də Azərbaycan - Almaniya Biznes Şurasının yaradılması haqqında razılaşma münasibətlərimizin inkişafı üçün yeni imkanlar açıb. Almaniya xarici işlər nazirinin Azərbaycana səfərini də məhz bu siyasi dialoqun davamı və əldə olunmuş razılaşmaların praktik əməkdaşlığa çevrilməsi baxımından qiymətləndirmək lazımdır. Azərbaycan bu gün Cənubi Qafqazın aparıcı iqtisadi güclərindən biri olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan və regionda yeni geosiyasi reallıqların formalaşmasına təsir göstərən dövlətdir. Almaniya isə Avropa İttifaqının aparıcı ölkələrindən biri olaraq Azərbaycanla əməkdaşlığın genişləndirilməsində mühüm imkanlara malikdir”.

İşçi qrupunun sədri qeyd edib ki, iqtisadi əməkdaşlıq baxımından əsas prioritetlərdən biri Almaniya investisiyalarının Azərbaycana daha fəal cəlb edilməsi, sənaye, müasir texnologiyalar, rəqəmsallaşma, logistika və peşə təhsili sahələrində birgə layihələrin həyata keçirilməsidir:
“Azərbaycan - Almaniya Biznes Şurasının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, növbəti mərhələdə biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, investisiya forumlarının keçirilməsi və Almaniya şirkətlərinin Azərbaycanın sənaye parklarında, o cümlədən regionlarda həyata keçirilən layihələrdə iştirakının təşviq edilməsi məqsədəuyğun olardı. Eyni zamanda, Azərbaycanın Orta Dəhlizin inkişafında artan rolu Almaniya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün yeni perspektivlər açır. Almaniya şirkətlərinin bu istiqamətdə infrastruktur və logistika layihələrində iştirakı hər iki tərəfin iqtisadi maraqlarına cavab verə bilər. Enerji sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. 2026-cı ildə Azərbaycan qazının Almaniyaya ixracına başlanması enerji tərəfdaşlığımızın inkişafında mühüm addımdır. Bununla yanaşı, əməkdaşlığımız yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmamalıdır. Azərbaycanın bərpaolunan enerji potensialı, yaşıl enerji dəhlizlərinin inkişafı və enerji infrastrukturunun modernləşdirilməsi Almaniya şirkətləri üçün yeni imkanlar yaradır. Bu istiqamətdə texnologiya transferi və birgə investisiya layihələrinin həyata keçirilməsi perspektivli hesab edilə bilər”.
N.Həsənov söyləyib ki, təhsil və humanitar əməkdaşlıq münasibətlərin uzunmüddətli inkişafı üçün mühüm istiqamətlərdəndir:
“Xüsusilə Almaniyanın dual peşə təhsili modelindən daha geniş istifadə edilməsi, universitetlər arasında birgə proqramların təşkili, tələbə və tədqiqatçı mübadiləsinin artırılması, eləcə də gənclər arasında əlaqələrin gücləndirilməsi vacibdir. Almaniyanın bu sahədə zəngin təcrübəsinin Azərbaycanın insan kapitalının inkişafına töhfə verə biləcəyini düşünürəm”.

Parlamentari iki ölkə arasında parlament diplomatiyasından da danışıb:
“Son dövrdə Azərbaycan və Almaniya parlamentləri arasında əlaqələrin nəzərəçarpacaq dərəcədə fəallaşdığını xüsusi qeyd etmək istərdim. Azərbaycan Milli Məclisinin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq Bundestaqdakı həmkarlarımızla birbaşa dialoqun inkişafına böyük önəm veririk. Bu ilin aprel ayında Almaniya Bundestaqının Almaniya - Cənubi Qafqaz parlament qrupunun nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri parlamentlərarası əməkdaşlığın inkişafı baxımından mühüm hadisələrdən biri oldu. Səfər çərçivəsində keçirilən görüşlər qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və ölkəmizdəki reallıqlarla yerində tanışlıq üçün imkan yaratdı. Elə dünən də həmkarım Kamal Cəfərovla birlikdə Almaniya Bundestaqının deputatları Daniel Kölbl və Lamya Kaddor ilə Milli Məclisdə səmərəli və maraqlı görüş keçirdik. Müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardıq, hadisələrə fərqli baxış bucaqlarından yanaşmaları müzakirə etdik. Bu cür görüşlər göstərir ki, parlamentlərarası münasibətlər artıq yalnız protokol xarakterli təmaslarla məhdudlaşmır, deputatlar arasında birbaşa ünsiyyət və qarşılıqlı etimad əsasında inkişaf edir”.
N. Həsənov parlamentlərarası əlaqələrin hazırkı səviyyəsini müsbət qiymətləndirdiyini deyib:
“Bununla belə, hesab edirəm ki, mövcud potensialdan daha geniş istifadə etmək mümkündür. Xüsusilə qarşılıqlı səfərlərin müntəzəm xarakter alması, parlament komitələri arasında birbaşa əlaqələrin qurulması, iqtisadiyyat, enerji, təhsil və regional inkişaf kimi sahələrdə birgə müzakirələrin təşkili vacibdir. Bu baxımdan, qarşıdakı dövrdə Bundestaqdakı həmkarlarımızla qarşılıqlı səfərlərin davam etdirilməsini, parlamentlərarası işçi qrupları səviyyəsində daha intensiv təmasların qurulmasını və konkret sahələr üzrə birgə təşəbbüslərin müzakirəsini prioritet hesab edirik. Eyni zamanda, Almaniya parlamentarilərinin Azərbaycanın regionlarına səfərlərinin təşviq edilməsi, ölkəmizdə həyata keçirilən iqtisadi və infrastruktur layihələri ilə yerində tanış olmaları da faydalı olardı. Bizim üçün əsas məsələlərdən biri də Azərbaycanla bağlı mövzuların Almaniya parlamentində obyektiv, dolğun və faktlara əsaslanan şəkildə müzakirə edilməsidir.

Bunun ən səmərəli yolu davamlı dialoq, birbaşa təmaslar və qarşılıqlı səfərlərdir. Hesab edirəm ki, deputatlar ölkəmizə səfər edərək Azərbaycanın inkişafını, regionda baş verən prosesləri və mövcud reallıqları yerində gördükdə daha əhatəli təsəvvür formalaşdırmaq imkanı qazanırlar. Xüsusilə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi, regional əməkdaşlıq və yeni iqtisadi imkanlar barədə almaniyalı həmkarlarımızla açıq fikir mübadiləsinin aparılması əhəmiyyətlidir. Bizim məqsədimiz həm öz mövqeyimizi çatdırmaq və eyni zamanda qarşı tərəfin yanaşmalarını öyrənmək, fikir ayrılıqlarının olduğu məsələlərdə belə konstruktiv dialoqu davam etdirməkdir. Almaniyada uzun müddət yaşamış, həmçinin Almaniya Bundestaqının fəaliyyəti ilə yaxından tanış olan biri kimi deyə bilərəm ki, iki ölkə arasında münasibətlərin inkişafında şəxsi təmasların, açıq dialoqun və qarşılıqlı etimadın xüsusi rolu var. Fərqli mövqelərin mövcudluğu dialoqa maneə olmamalıdır. Əksinə, məhz belə məsələlərdə birbaşa ünsiyyət daha böyük əhəmiyyət daşıyır.
İnanıram ki, Almaniya xarici işlər nazirinin Azərbaycana səfəri, dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi və parlamentlərarası təmasların intensivləşməsi Azərbaycan - Almaniya münasibətlərinin daha praqmatik, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan yeni mərhələyə keçməsinə mühüm töhfə verəcək”.