Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiadasının ilk günündə Azərbaycanı təmsil edən idmançılar da mübarizəyə qoşulacaq.
Modern.az xəbər verir ki, ilk olaraq velosipedçimiz Maksim Averin yarışacaq. Bakı vaxtı ilə saat 16:30-da start götürəcək yarışda idmançımız velosipedin şose növündə qüvvəsini sınayacaq.
Bu gün başlayacaq cüdo yarışlarında 48 kiloqram çəki dərəcəsində qadınlar, 60 kiloqramda isə kişi cüdoçular mübarizə aparacaqlar. Ölkəmizi təmsil edən Orxan Səfərov 1/32 final mərhələsində Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gələcək. Görüş saat 17:28-də başlayacaq.
Avarçəkənlərimiz də mübarizəyə qoşulacaqlar. İki min metr məsafəyə ikinəfərlik qayıqla Aleksandr Aleksandrov-Boris Yotov ilk yürüşdə Kuba, Yeni Zelandiya, Böyük Britaniya və İtaliyadan olan rəqiblərinə qarşı yarışacaqlar. Yürüş saat 18:50-də başlayacaq.
On metr məsafəyə tapançadan atəşaçma yarışları Olimpiya Atıcılıq Mərkəzində təşkil olunacaq. Kişilərin fərdi yarışında Ruslan Lunyov saat 20:00-dan sonra mübarizəyə qoşulacaq. Bu mərhələdə 54 atıcı növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.
Saat 21:30-da idman gimnastikası yarışlarının günorta proqramına start veriləcək. Kişilərin fərdi yarışlarında ölkəmizi Oleq Stepko və Petro Paxnyuk təmsil edəcəklər. Rio Olimpic Arenada təşkil olunacaq bu mərhələdə Azərbaycan ilə yanaşı, Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, Norveç, Yeni Zelandiya və Almaniyadan 31 atlet növbəti mərhələyə vəsiqə uğrunda yarışacaqlar.
Milli komandamız boksçu Rüfət Hüseynovun çıxışı ilə günü başa vuracaq. “Riocentro-Pavilion-6”da keçiriləcək yarışda boksçumuzun ilk rəqibi Namibiya idmançısı Tulyungeleni Matias Hamunyela olacaq. Görüş saat 00:15-də başlayacaq.