Azərbaycan ərazisində dəmir yolunun Ermənistan sərhədinədək çəkilməsi 2027-ci ilin əvvəlində başa çatacaq. Sərhədə qədər avtomobil yolunun tikintisi isə yekunlaşmaq üzrədir.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohan Vadefulla birgə mətbuat brifinqində deyib.
Nazir bildirib ki, 2025-ci ilin avqustunda Vaşinqton sammitində razılaşdırılan TRIPP layihəsi Ermənistan ərazisindən keçən 42 kilometrlik nəqliyyat dəhlizini əhatə edir. Layihənin icrasına hazırlıq üzrə danışıqlar ABŞ və Ermənistan arasında aparılıb. Dəhlizin giriş və çıxış nöqtələri Azərbaycanla sərhəddə yerləşdiyindən layihənin texniki göstəricilərinin Azərbaycan tərəfi ilə də uzlaşdırılması zərurəti yaranıb.
C. Bayramovun sözlərinə görə, ABŞ-nin təşəbbüsü ilə yaradılan birgə texniki işçi qrup noyabrın 6-da fəaliyyətə başlayıb. Qrup dəmir yolu, avtomobil yolu və elektrik kabeli layihələri üzrə bağlantıların texniki parametrlərini uzlaşdıracaq.