Avqustun 7-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev geniş tərkibli görüşdə bildirib ki, bu səfərə çox böyük əhəmiyyət verir.
Dövlət başçısı bildirib ki, səfərin çox uğurlu olacağına və əlaqələrin inkişafına təkan verəcəyinə inanır: “Bu səfərlər göstərir ki, əlaqələrimiz ən yüksək səviyyədədir. Bu gün ikitərəfli görüş zamanı siyasi, iqtisadi məsələləri müzakirə etdik. Bizim aramızda çox böyük qarşılıqlı anlaşma var və münasibətləri bu anlaşma əsasında qururuq. Son illər iki ölkə arasında əlaqələr çox sürətlə inkişaf edir, bu inkişaf 25 illik münasibətlər tarixində ən yüksək səviyyəyə çatıb. İnanıram ki, siyasi, iqtisadi və digər sahələrdə əlaqələr daha da inkişaf edəcək. Bu gün də bir neçə sənəd imzalanacaq. İran və Azərbaycan əlaqələri bundan sonra da dostluq əsasında daha da inkişaf edəcək ”.
Öz növbəsində, İran prezidenti Həsən Ruhani Azərbaycan prezidentinin İrana son səfərinin çox uğurlu olduğunu bildirib: “Bu gün iki ölkə arasında mühüm sənədlər imzalanacaq. Sabah isə üçtərəfli görüş keçiriləcək. Üçtərəfli görüşdə də müxtəlif məsələləri təhlil edəcəyik. Əminəm ki, iki ölkənin əlaqələri səmimi əsaslarla qurulub. İki qonşu və qardaş ölkə kimi münasibətləri ən yüksək səviyyəyə çatdırmalıyıq. Xalqlarımız ən yaxşı əlaqələrin qurulmasını, bu münasibətlərin regionda sabitlik və sülhün bərqərar olmasında rol oynamasını istəyir”.
Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşündən sonra sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent Komitəsi ilə İran İslam Respublikasının Standartlar və Sənaye Tədqiqatları İnsititutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramı (2016-2019), Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İran İslam Respublikası Mərkəzi Bankı arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikası Hökuməti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Modern.az