“Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionun inkişafına mane olur. Rusiya Prezidenti Vladimir Putinlə bugünkü danışıqlar zamanı Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib. Bu gün Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekununa dair qəbul edilmiş bəyannamədə həll olunmamış münaqişələr və onların inkişafa əngəl yaratmasından narahatlıq qeyd olunub”. Modern.az saytı xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran və Rusiyadan olan həmkarları Məhəmməd Cavad Zərif və Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
E.Məmmədyarovun sözlərinə görə, münaqişə beynəlxalq prinsip və normalara uyğun həll olunmalıdır.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bildirib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi hər üç ölkənin vacib hədəfləri sırasına keçəcək: “Növbəti toplantı İranda baş tutacaq. Bununla əlaqədar hər üç ölkənin nazirləri bir araya gələcək və fikir mübadiləsi aparacaqlar. İkili və üçlü format üzrə müzakirələr davam etdiriləcək”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, birgə bəyannamədə terrorizmə qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinin vacibliyi qeyd edilib: “Üçtərəfli mexanizmin əldə edilməsinə dair qərar verilib. Bu format Xəzər dənizinin statusunun müəyyənləşməsi baxımından da vacibdir.
Xəzərin hüquqi statusu barədə danışan nazir bildirib ki, bu yay Astanada xarici işlər nazirlərinin görüşündə Xəzərin hüquqi statusu barədə Konvensiyanın yekunlaşması barədə qərar qəbul edilib: “Bununla bağlı sammit Qazaxıstanda keçiriləcək. Bugünkü görüşdə razılığa gəlinib ki, bu istiqamətdə işlər davam etdirilsin”.
Modern.az