Modern.az

QHT-lər etiraz edir:  bəyanat

QHT-lər etiraz edir:  bəyanat

Aktual

9 Avqust 2016, 21:31

“Biz, ətraf mühitin mühafizəsi və ekologiya sahəsində uzun illər fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının nümayəndələri olaraq, sosial şəbəkələrdə psevdo təbiət mühafizəçiləri və digər bu kimi populist adlarla səhifə yaradıb ictimai fikri çaşdıran müzakirələrin aparılmasına, belə məntiqsiz və ucuz fəaliyyətin nəticəsində ictimaiyyətdə, xüsusən də gənclərdə yanlış rəyin formalaşdırılmasına, o cümlədən ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılması yönündə həyata keçirilən səmərəli və gözlə görünən işlərə kölgə salınmasına qəti və açıq etirazımızı bildiririk”. Modern.az saytı xəbər verir ki, bu bir qrup Qeyri-Hökümət Təşkilatının yaydığı bəyanatda bildirilir. Davamlı İnkişaf Cəmiyyəti, “Ekotest” “Ekorenesans”, “Beynəlxalq Təbiəti Mühafizə İttifaqı”nın eksperti və “Heyvanları Mühafizə Cəmiyyəti” və “Beynəlxalq Hidroloji Proqramlar” İctimai Birliyinin yaydığı bəyanatda daha sonra vurğulanır:

Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görülən işləri daim diqqət mərkəzində saxlamaqla, bu istiqamətdə açıqlanan statistik məlumatları mütəmadi olaraq təhlil və təftiş etməklə biz ölkədəki real ekoloji vəziyyəti daha dəqiq xarakterizə edə bilirik və ictimaiyyət arasında bu sahədə doğru-dürüst və reallığa söykənən rəyin formalaşdırılmasında üzərimizə düşən məsuliyyəti anlayırıq.

Bu səbəbdən də  ətraf mühitin mühafizəsi və ekologiya sahəsində çoxillik fəaliyyət göstərən QHT nümayəndələri kimi sosial şəbəkələrdə yanlışlığa yol açan, həqiqəti və real vəziyyəti əks etdirməyən dırnaqarası təbiətsevərlər - yaşıl təbiət, təbiəti qoruyanlar, təbiət dostları adı altında qrup və səhifələr yaradan, lakin bəlkə də ömründə bir ağac belə əkməyən təşkilatçılara, reallıqdan uzaq olan yorumların müəlliflərinə üzümüzü tutaraq bəyan edirik:

- yanlışlığa yol açan, real vəziyyəti və həqiqəti əks etdirməyən qeyri-obyektiv yorumlarla insanlarda çaşqınlıq yaratmaqdan, ucuz reklamdan çəkinin;

- 3-5 ağacın kəsilməsini, bəzən də budanmasını göstərən köhnə, hətta saxta şəkillərlə, guya ölkədə “bütün yaşıllıqlar məhv edildi” kimi pafoslu fikirlərlə süni ajiotaj yaradılmasından əl çəkin;                   

- əgər kəsilən ağaclar barədə əlinizdə fakt varsa, onun sosial şəbəkədə mənasız və səmərəsiz müzakirəsini aparmaqdansa, dərhal dövlət qurumlarına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli qaynar xəttinə məlumat verin. Məlumatın bu cür çatdırılması ilə ağacları xilas edə bilərsiz, necə ki, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, jurnalistlər, həmçinin sadə vətəndaşlar bunu edir və örnək göstərir. Belə yanaşma daha səmərəli və nəticəli olur.  

Xatırladırıq ki, Azərbaycanda həqiqi təbiət mühafizəçisi kimi tanınan və gördüyü işlərlə bəzi “ictimaiyyətçi”lərə birmənalı olaraq nümunə göstərən İDEA İctimai Birliyi fəaliyyət göstərir. Bu Birlik hər hansı ekoloji qanun pozuntusu barədə məlumatları ETSN-nin müvafiq qurumlarına çatdırır, qanun pozuntularının qarşısının alınması istiqamətində Nazirliklə inzibati və təbliğati işlərin aparılmasında sıx əməkdaşlıq edir. Səmərəli ictimai fəaliyyətin nümunəsi budur.

Təcrübəmizə və apardığımız müşahidələrə əsasən bir daha qeyd edirik ki, sosial şəbəkələrdə təbiət qoruyucuları adı altında can-fəşanlıq göstərənlərin əksəriyyəti isə, əsil həqiqətdə təbiət mövzusundan sui-istifadə edib süni və populist çağırışlarla diqqəti cəlb edərək divident əldə etmək istəyən və öz cılız maraqları naminə ictimai fikri çaşdıranlardır. Əmin edirik ki, bu dırnaqarası təbiətsevərlər ətraf mühitin mühafizəsinə, ekoloji mühitin sağlamlaşdırılmasına cüzi də olsa, hətta bir ağac əkməklə belə töhvəsini verə bilməyənlərdir.

Ona görə də biz, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, tələb edirik ki, sosial şəbəkələrdə populist çağırışlarla həqiqətə uyğun olmayan, qərəzli və yoxlanılmamış məlumatları yayaraq süni təbliğat aparan qruplar məsuliyyətə cəlb olunsunlar.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı