Sloveniyada bazar günü keçirilən növbədənkənar parlament seçkilərində səsvermə başladı. Sloveniya mətbuat orqanlarının məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 19:00-da bağlanacaqlar.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə daxilində təxminən 1,7 milyon vətəndaş səsvermə hüququna malikdir və 88 millət vəkilini seçəcəklər. İki deputat mandatı sadə səs çoxluğu ilə seçilən İtaliya və Macarıstan milli azlıqlarının nümayəndələrinə verilir.
Keçirilən ictimai sorğulara əsasən, heç bir siyasi qüvvə nazirlər kabinetini təkbaşına formalaşdırması üçün kifayət qədər səs toplaya bilməyəcək. Analitiklərin fikrincə, qələbə üçün ən böyük şansı olan, keçmiş baş nazir Yanez Yanşının demokratik partiyasıdır. Seçkilərdə ümumilikdə 25 siyasi birliyin 1600-dən çox namizədi iştirak edəcək.
Seçkilərin növbədənkənar keçirilməsinə əsas, baş nazir Miro Tserara'nın istefası səbəbiylə siyasi böhranın yaranması oldu.
Səsvermənin keçirilməsi haqqında sərəncamı Sloveniyanın prezidenti Borut Paxor aprelin 14-də imzaladı.