Cənubi Koreyanın Azərbaycandakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan “Koreyanın Ətri” adlı konsert proqramı təşkil edib.
Modern.az-ın məlumatına görə, səfir Kim Çanq Qyu bildirib ki, təşkil olunan konsertdə koreyalı, azərbaycanlı ifaçılar cazz musiqisi və rəqslər nümayiş olunacaq.
Koreyanın milli və saray musiqisinin ən yaxşı nümunələri cazz musiqisi ilə sintez şəkildə təqdim ediləcək. Daha sonra Cənubi Koreya XİN-in mədəniyyət işləri üzrə baş direktoru Hong Seok çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini qeyd etmək üçün Bakıda olmaqdan böyük şərəf duyduğunu dilə gətirib. “Bizim hamıya məlum olandan da çox ortaq yönlərimiz var. Azərbaycan və Koreya dilləri hər ikisi Altay dil qrupuna aiddir. Azərbaycan və Koreya tarixlərində hadisələrin baş verməsində də tarixi oxşarlıqlar var.
Azərbaycanda bu il Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edildiyi kimi Koreyada da 1 mart azadlıq hərəkatının və ilk müvəqqəti hökumətin qurulmasının 100 illiyi qeyd edilir”. Hong Seok bildirib ki, 1992-ci ildə diplomatik əlaqələrin qurulduğu gündən bəri bu oxşarlıqılarımıza əsaslanaraq Koreya və Azərbaycan arasında əməkşadlıq hərtərəfli inkişaf edib.
Daha sonra koreyalı musiqiçilərin ifasında Şimyon, Binari, Cinyon, Heşimqoq və s. kimi Koreya milli musiqiləri, eləcə də Koreya milli musiqisi ilə caz musiqisinin sintezi təqdim olunub, Koreyanın milli rəqsləri ifa edilib, Koreya Milli musiqi qrupu ilə Buta-Azərbaycan Xalq Çalğı Alətləri Ansamblının birgə ifaları göstərilib.