Modern.az

Sovet hökumətinin İngiltərəyə göndərdiyi AZƏRBAYCANLI - Şair təbiətli partiya işçisi  

Sovet hökumətinin İngiltərəyə göndərdiyi AZƏRBAYCANLI - Şair təbiətli partiya işçisi   

Aktual

12 Aprel 2019, 09:16

Böyük Britaniya universitetlərində rus dilini öyrənən tələbələr Azərbaycan Dövlət Universitetinin tələbə və məzunlarının bir qrupunu 1972-ci ilin fevralında öz ölkələrinə dəvətli görüşə çağırmişdılar. Görüş "Sputnik" təşkilatının xətti ilə təşkil

olunmudu. Moskvada üç günlük ideoloji hazırlıqdan sonra qrupa Kalininqraddan da 12 nəfər tələbə qoşulmuşdu.


Nümayəndə heyətinin başçısı Moskva Ali Partiya Məktəbinin məzunu, "Azərbaycan gəncləri" qəzetinin redaktoru Qəşəm Aslanov idi.


Mən də bu dəvətli görüşdə iştirak edirdim.

Onda leytenant Şmidt adına neft maşınqayırması zavodunda tokar işləyirdim. İstehsalatdan ayrılmadan respublikanın yeganə universitetində -Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsində sonuncu kursda oxuyurdum.

Diplom işi yazan vaxtlarım idi. "Müasir türk dillərində rus dili və rus dili vasitəsilə yaranan feillər" mövzusu üzərində işləyirdim. Bəlkə də  məni elə bu mövzuya görə Londona gedən nümayəndə heyətinə daxil etmişdilər. Hər halda mənə inanmışdılar.

Bu, elə vaxtlar idi ki, SSRİ-nin Böyük Britaniyadakı səfirliyinin bir neçə əməkdaşını Londondan geri göndərmişdilər. Biz bu ölkədən  çıxarılma işindən sonra “Dumanlar ölkəsi”nə üz tutan birincilər idik. 

Səfərə  hazırlıq çərçivəsində  Moskvada keçirilən üç günlük ideoloji hazırlıq da bununla əlaqədar idi: biz verilən dolaşıq suallara yaxşı cavab verməli idik.


Səfər zamanı -14 gün  ərzində Böyük Britaniyanın London, Qlazqo və Aberdin şəhərlərinin  qədim universitetləri, muzeyləri, tarixi yerləri ilə tanış olduq, ingilis təhsilinin mötəbər təşkilatçıları və tələbələri ilə ünsiyyət qurduq, keçirilən tədbirlərdə fəal iştirak etdik.


Mən Qəşəm Aslanovu ilk dəfə bu dəvətli səfərdə yaxından tanıdım.


Qəşəm Aslanov bu səfər haqqnda redaktoru olduğu gənclər qəzetində "Təzadlar ölkəsində" adı ilə iki nömrədə  yol qeydlərində ətraflı söhbət açmışdı. 


Mən də "Bakı" qəzetinin və zavodun "Qabaqcıl texnika uğrunda" çoxtirajlı qəzetinin  fəhlə müxbiri kimi "Qabaqcıl texnika uğrunda"  qəzetinin  yeddi nömrəsində "London görüşləri" adlı  səfərnaməmi  Azərbaycan   oxucularına çatdırmışdım.


Sonralar eşitdim ki, jurnalist Osman Mirzəyev də yol qeydlrimi bəyənib, onu tərcümə edərək, rusdilli  "Vışka" qəzetində çap etdirmək fikrində imiş. Lakin tərcümə son mərhələdə senzuradan keçməyib. Hər hala bu tərcümənin  jurnalistin arxivində qaldığına inanıram.


Londona gedərkən artıq hamımız özümüzü Qəşəm müəllimin dostu hesab edirdik. Qəşəm müəllim hərtərəfli və yüksək təfəkkürlü ziyalı, şair təbiətli insan idi.

O, hamı ilə ünsiyyət  qurmağı, insanları yaradıcı fəaliyyətə ruhlandırmağı  bacarırdı.

Səfərdən qayıdandan bir neçə ay sonra Qəşəm Aslanov Azərbaycan KP Şuşa Rayon Partiya Komitəsinə birinci katib vəzifəsinə təyin olundu. Sonralar İsmayıllı və Abşeron rayonlarında birinci katib işlədi.

Qəşəm Aslanovun bu vəzifələrə təyinatı Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi möhtərəm Heydər Əliyevin ona göstərdiyi etimad idi. Qəşəm müəllim bu etimadı şərəflə doğrultdu.


Qəşəm müəllim öz vəzifə borcunu yaxşı başa düşən partiya işçisi, ləyaqətli dost idi.

Onun "Təzadlar ölkəsində" adlı yol qeydlərində məni - adi tokarı, universitetin qiyabi şöbəsinin  tələbəsini  ingilislərin alim adlandırmalarını Azərbaycanın gənc oxucularına çatdırmasını minnətdarlıqla xatırlayıram.

Bu yazınn çapından iki ay sonra mən universiteti uğurla bitirdim, fakültə elmi şurasının qərarı ilə aspiranturaya oxumağa göndərildim.


Allah Qəşəm müəllimə rəhmət eləsin... 


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi, türkoloq
11.04.2019 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı