və ya cəmi bir neçə dəqiqəlik “Cubbulu Əjdaha”nın böyük tragikomediyasından reportaj
Hər yeni bayramında bizim teatrlar uşaqlar üçün maraqlı Yeni il şənlikləri təşkil edirlər. Ədalət naminə demək lazımdır ki, onları arasında ən maraqlı proqram hər zaman Rus Dram Teatrında təşkil olunur. Məhz bu üzdən hər il Respublika Sarayındakı böyük Yeni il konsertinə və bu teatrdakı tamaşalara bilet alırdıq, lakin bu il bir az gecikdik və məlum oldu ki, teatrda anşlaqdır- dekabrın 24-dən yanvarın 8-dək nümayiş etdiriləcək “Po şuçemu velenyu” adlı yeni il şənliklərinin bütün biletləri öncədən satılıb qurtarıb.
Respublika Sarayındakı 3 günlük Yeni il şənliyinə də biletlər öncədən satılmışdı. Rusiya Sirkinin maraqlı proqramla çıxış etdiyi Bakı Dövlət Sirkinə müraciət etdikdə isə ordan da 10 günlük tamaşalara bütün biletlərin öncədən satıldığını dedilər. Daha bir neçə teatrdan mənfi cavab aldıqdan sonra əlacsız qalıb üz tutduq biletlərin tapıldığı yeganə teatr olan Gənc Tamaşaçılar Teatrına və yanvarın 1-nə Yeni il şənliyinə bilet aldıq.
Xülasə, 2012-ci ilin ilk günü balacamızı və bircə biletimizi də götürüb getdik Gənc Tamaşaçılar Teatrına. Birinci biabırçılıq elə teatrın giriş qapısında oldu. Valideynlər körpələr də yanlarında, bilet yoxlamasından keçirdi. Bir azacıq şişirtsək, buna teatr binasına soxulma uğrunda qaydasız döyüş də deyə bilərik. Bir-birini itələyən kim, başqasının uşağını basıb əzən kim, öz uşağı əzilməsin deyə boynuna mindirən kim...
Çəkilib bir kənarda bu həngamənin qurtarmasını gözləmək istədim, lakin arxadan gələnlər bizi zorla basa-basa qapının yanına gətirdilər və məcburi axına qoşulduq. Birtəhər, yəni özüm bir az əziləndən sonra uşağı sağ-salamat içəri keçirə bildim. Bu dar macalda bir kişi əlində bir dəstə bilet içəri soxulmağa cəhd edərək qışqırırdı - “Biz tamaşaya-zada baxası deyılik, imkan verin keçək, hədiyyələrimizi götürüb gedəcəyik...”.
7 manatlıq biletimiz hədiyyəli idi və biz də ümumi dəyəri təxminən 1-2 manat olan şirniyyatla doldurulmuş hədiyyə qutusunu aldıq. Qarderobla bağlı da maraqlı məqamlar var idi - kimin əynində bir az bahalı palto, gödəkçə- filan var idisə, qarderoba vermirdi, eləcə də zala keçməyə hazırlaşırdı. Bayırda olduğu kimi, elə içəridə temperatur normal idi. Deməli qorxurdular ki oğurlanar...
“Cuppulu Əjdaha” adlı tamaşamızın başlanmasına bir qədər vardı. Uşaqları tamaşa salonunun önündəki zalda qurulmuş böyük yolkanın ətrafına topladılar və valideynlərə bir qədər kənarda qoyulmuş stullarda oturub gözləməyi tapşırdılar. Nağıl qəhrəmanları, klounlar, Qar qız, Şaxta baba növbə ilə uşaqları əyləndirdi.
Kənarda dayanmış valideynlər isə yavaş-yavaş uşaqlar üçün nəzərdə tutulmuş zala keçməyə başladılar. 7-8 nəzarətçinin dəfələrlə “xahiş edirik arxaya çəkilin, uşaqlara şərait yaradın” deyə qışqırmasına baxmayaraq, kimsə bir addım geri çəkilmədi. Körpə uşaqların valideynlərini anladıq, uşağı gözdən buraxmaq istəmirdilər, bəs 9-10 yaşlı uşaqların valideynləri? Mübarizə davam edirdi, demək olar ki, bir-birinin belində idi hamı. Arada o qədər sıxışdırıldım ki, əlimi çiynimdəki çantama uzadıb telefonu belə çıxara bilmədim ki, bu biabırçılığı lentə alım.
Böyüklərin mübarizəsi bir yana qalsın, sizə xəbər verim foyedəki uşaqlardan. Kiçiyinin 1, böyüyünün isə 10-12 yaşı olan uşaqlar əvvəlcə bir qədər əyləndilər. Tamaşa başlamazdan əvvəl səsləndirilən və getdikcə səsi artırılaraq dəhşətli dərəcəyə çatdırılan musiqi uşaqları qorxutmağa başladı. Azyaşlılar qorxub ağlamağa başladılar. Uzaqda durmağa məcbur edilən valideynlər bu səhnəni görəndə hamılıqla oyun meydanına hücum elədi. Aləm dəydi bir-birinə...
Elə bu vaxt Şaxta baba elan elədi ki, əvvəlcə uşaqlar, daha sonra valideynlər tamaşa salonuna keçsin, çünki tamaşa başlayır. Növbə gözləyən kim? Tamaşaçılar bir-birini itələyə-itələyə salona keçməyə çalışdı. Nəzarətçilər müdaxilə etmək istədi, amma farslar demiş, cifayda. Artıq olan olmuşdu, uşaqlar çöldə qalmış, valideynlər isə solona keçmişdi. Mübaliğəsiz qeyd eləyim ki, 4 yaşlı oğlumu uşaqları və böyükləri itələyib tamaşa salonuna keçməyə çalışan yekəpər bir kişinin ayağı altında qalmaqdan son anda xilas elədim.
Hamı keçib qurtarandan sonra tamaşa salonuna keçdik, biletdəki yerimizə yaxınlaşdıq... Amma yer artıq zəbt edilmişdi, nəzarətçi başqa yerdə oturmağımızı xahiş etdi. Birtəhər yer tapıb oturduq və nəhayət tamaşamız da başladı.
Səhnəyə çıxan nağıl qəhrəmanları uşaqların anlamadığı hərəkət və sözlərlə öz çıxışlarına başladılar. İki dəqiqə onlara baxıb daha sonra telefondan burdakı mövcud vəziyyət barədə fecebook-a bir status da yazdım. İki cümləni yazıb bitirəndən sonra zaldakı alqışlamanı eşitdim və “nə tez antrakt oldu?” deyə düşündüm.
Sən demə yanılmışam. Tamaşa artıq qurtarıbmış. “Cuppulu Əjdaha” nağılı heç 15 dəqiqə çəkməiş bitmişdi.... Tamaşaçılar dağılmağa başladı və zala girəndə etdikləri kimi yenə basabasla oranı tərk edirdilər. Mən isə oğlumu heç yerindən də qaldıra bilmədim, ağlamağa başladı ki, bu nə tez qurtardı, mən doymadım şənlikdən. Nə isə, güc-bəla ilə birtəhər çıxardım. Elə bu vaxt telefonum səsləndi, rəfiqəm idi. O xeyli öncə Rus Dram Teatrına bilet ala bilmiş və oğlunu Yeni il şənliyinə aparmışdı.
Tamaşadan ağızdolusu danışan, nümayişdən razı qaldığını deyən rəfiqəm bileti 4 manata aldığını, bu teatrdakı yeni proqramının çox maraqlı olduğunu dedi.
“Sizdə neçə keçdi, bileti neçəyə ala bildin” deyə soruşduqda, “əla tragikomediya idi, 7 manata almışdıq, amma 7 qəpiyə dəyərdi” deyə cavab verdim. Təəssüfləndim, amma əlimdən Gənc Tamaşaçılar Teatrının biletinə verdiyim pula, itirdiyim vaxta və çəkdiyim əziyyətə görə heyfslənməkdən başqa heç nə gəlmədi.