Bəzi kütləvi informasiya vasitələrində dəmir yolunun Padar-Sığırlı mənzilində dünən gecə baş vermiş hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Modern.az-a bildirilib ki, məlumatlarda guya hadisə yerində yanğın baş verməsi qeyd edilib, sərnişinlər arasında ajiotaj yaranıb.
“Məlumat üçün bildiririk ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir. Hadisə ilə bağlı aşağıdakıları bildirməyi vacib sayırıq”.
Rəsmi məlumata görə, 8 iyul 2019-cu il saat 23:22-də dəmir yolunun Padar-Sığırlı mənzilinin 376-cı kilometrində 38 saylı Bakı-Tbilisi sərnişin qatarı hərəkətdə olarkən, elektrovozun hərəkət istiqamətində arxa seksiyanın cərəyanqəbuledicisi zədələnib, kontakt naqilində qopmalar baş verib:
“Təcili olaraq bərpa işlərinə başlanılıb, elektrovozun cərəyanqəbuledicisi və kontakt naqili müvafiq qaydaya gətirildikdən sonra, qatar 9 iyun gecə saat 02:10-da təyinatı üzrə yola salınıb.
“Azərbaycan Dəmir Yolları” QSC olaraq bildiririk ki, hadisə nəticəsində heç bir yanğın baş verməmiş, xəsarət alan olamamış, texniki qurğularda baş vermiş nasazlıqlardan başqa digər hallara yol verilməyib
Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb. Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir”.