Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir.
Multikulturalizm siyasəti vasitəsi ilə ölkədə həm etnik-mədəni, həm də dini müxtəlifliklər yüksək səviyyədə tənzimlənir. Yəni multikulturalizm təkcə etnik, irqi, mədəni fərqliliyi deyil, həm də bu anlayışların tərkib hissəsi olan dini müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasətdir.
Assimilyasiya siyasətindən fərqli olaraq, multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını alır, bu dəyərləri qoruyur, bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır. Xüsusilə də milli azlıqların cəmiyyətə inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir.
Bir sıra ölkələrdə islamofobiyanın vüsət aldığı hazırkı dövrdə Azərbaycan dövləti insanları birliyə, bərabərliyə, sülhə və tolerantlığa dəvət edən ümumbəşəri dəyərləri təbliğ edir.
Azərbaycanda multikulturalizm ənənəsinin yaşandığı məkanlardan biri Qəbələ rayonundan 40 km aralıda yerləşən qədim tarixə malik Nic kəndidir.
Yolumuz Nic kəndinəydi. O kəndə ki, əsrlər boyu müxtəlif dinlərə mənsub insanlar bir yerdə, sülh şəraitində yaşamaqla dünyaya nümunə sayılırlar.
Təkcə Azərbaycanda deyil, dünya miqyasında yaxşı tanınan bu kənd haqqında danışılanda ilk növbədə onun sakinləri olan udinlər yada düşür. Amma burada qədim alban əhalisinin törəmələri olan udinlərlə yanaşı, azərbaycanlılar və ləzgilər də yaşayır.
Qəbələ rayon İcra Hakimiyyətindən öyrəndik ki, Nicin əhalisinin 50%-ni udinlər, 40%-ni azərbaycanlılar, 10%-i isə ləzgilər təşkil edir.
Nic həm də Azərbaycana gələn turistlərin baş çəkdiyi yaşayış məntəqələrindən biridir. İcra Hakimiyyətində dedilər ki, turistləri təkcə Nicdə mövcud olan tarixi abidələr, təbiət maraqlandırmır, onlar həm də dinlərin qovuşduğu bu tolerant məkanda bir neçə xalqın necə qaynayıb-qarışmasına maraq göstərirlər. Nicə il ərzində təxminən 2500 - 3000 turist gəlir.
2500 illik tarix
Nicin tarixi çox-çox qədimdir. Kəndin əsas sakinləri olan udinlərə aid ilk məlumat hələ 2500 il bundan əvvələ aiddir. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsr yunan müəllifi - “Tarixin atası” Herodotun “Tarix” əsərində məlumat var. E.ə. I əsrdə yaşamış Strabonun “Coğrafiya” əsərində də Qafqaz Albaniyasına dair məlumatda udinlərdən danışılır. Udinlər qədim Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfasından biridir.
VIII əsrdə yaşamış alban tarixçisi Moisey Kalankaytuklunun “Alban tarixi” əsərində də bu tayfa haqqında məlumat verilib.
Nic bazarı – millətlər bazarı…
Nəhayət gəlib çatdıq dağətəyi ərazidə yerləşən Nicə. Geniş bağlı-bağçalı yaraşıqlı evlərdən, şəxsi həyətlərdən, ucsuz-bucaqsız fındıq bağlarından ibarət olan bu kənd təbii gözəlliyilə göz oxşayır.
Yolumuzu əvvəlcə Nicin ərazi icra nümayəndəliyindən saldıq. Burada öyrəndik ki, kənddə təxminən 6 min nəfərdən bir qədər çox əhali yaşayır. Bunun da 4 min nəfəri udinlər, qalanları isə azərbaycanlılar və ləzgilərdi.
Nicin mərkəzində böyük Daş bazar yerləşir. Bazar günü olmasa da, ora da baş çəkdik. Bazarda tanış olduğumuz nicli ağsaqqal İmran Babayev dedi ki, çay daşlarından tikilən bu ticarət mərkəzi çox qədim zamanlaradan fəaliyyət göstərir. İndi bazarda kənd sakinləri istehsal etdikləri məhsulları satışa cıxarırlar. Bura təkcə niclilər deyil, qonşu rayonlardan da gəlib alver edirlər. Bazar günləri bu ticarət mərkəzində azərbaycanlılar udinlərə, udinlər ləzgilərə qarışır, alan kim, satan kim…
İ.Babayev bildirdi ki, vaxtilə Nicə gələn tacirlərin qalması üçün kənddə kicik karvansara da fəaliyyət göstərib. Hazırda isə həmin karvansara təmir olunub və müəyyən qədər də müasir görünüş verilərək otel kimi fəaliyyət göstərir. Kəndə gələn turistələrin də elə çox hissəsi orada qalır.
"Biz mehriban ailəyik..."
Bazarı tərk edib Nicin mərkəzindəki meydana gəldik. Günorta olduğundan yolda gözə dəyən az idi. Yaxınlıqdakı çayxananın həyətində qoyulmuş stolun arxasında bir neçə yaşlı kişi əyləşib çay içir, söhbətləşirdi. Salamlaşandan sonra gəlişimizin məqsədini anlatdıq, söylədik ki, kənddə yaşayan millətlərin münasibətləri bir jurnalist olaraq bizim üçün çox maraqlıdı.
”Onda uzağa getmə, sən elə axtardığın adamları bir yerdə yaxalamısan, gəl, özün də çaya qonaq ol” - deyə ağsaqllardan biri zarafatla dilləndi. Məlum oldu ki, bir stolun ətrafında əyləşib çay içən bu dörd nəfərdən ikisi udin, biri azərbaycanlı, digəri isə ləzgidir. Doğrudan da çox maraqlı məqamın üstünə çıxmışdıq. Və fürsətdən istifadə edib söhbətə başladıq.
Həmsöhbətimiz Slavik adlı yaşlı udin dedi ki, dinləri və dilləri ayrı olsa da, Nicdə yaşayan xalqlar bir-birləriylə çox mehriban yola gedir, qaynayıb-qarışıblar.
- Bax görürsənmi, Azərbaycan dilində necə yaxşı danışıram, uşaqlarım da mənim kimi təmiz danışırlar, biz burda mehriban ailəyik, bax beləcə də yaz – deyən Slavik kişinin mehribanlığa dair söylədiyini azərbaycanlı Fərhad dayı, ləzgi ağsaqqal Şamil də başları ilə təsdiqləyirdilər:
”Bura çoxmillətli kənddir, udinlər, azərbaycanlılar, ləzgilər bir yerdə yaşayırıq. Allaha şükür, yaxşı da yaşayırıq, ünsyyətimiz də var, pis deyil, bir-birimizin toyuna, yasına da gedirik, lap yaxşı da qonşularıq».
Ağsaqallar dedilər ki, bu üç millət arasında mehribançılıq o dərəcəyə çatıb ki, bir-birlərinə hətta qız verib, qız da alıblar.
- Azərbaycanlıların yaxşı bir sözü var: könül sevən göyçək olar. Qohum da olmuşuq – Slavik kişi söhbətə davam edərək dedi, - udinlərlə azərbaycanlılar, azərbaycanlılarla ləzgilər arasında xeyli qohum ailələr var.. .
Buna ən məşhur nümunə kimi Nic kəndinin keçmiş icra nümayəndəsi Vidadi Mahmudovun valideynlərini misal göstərdilər. Vidadi müəllimin atası azərbaycanlı, anası isə udindir.
Nicdəki Udin İcmasının nümayəndələri ilə də həmsöhbət olduq. “Əgər gənclər bir-birini bəyənsə, biz buna etiraz etmirik. Azərbaycanlılar, ləzgilər və udinlər arasında münasibətlər normal şəkildədir, insanlar bir-birlərinin xeyir-şər işlərində yaxından iştirak edirlər”-deyə icma üzvləri bildirdilər.
Qohumluq münasibətləri ilə yanaşı, Nicdə yaşayan hər üç xalqın ortaq cəhətləri də çoxdur. Uzun illər davam edən qarşılıqlı münasibətlər nəticəsində xalqların bir çox adət- ənənələri qarışıb.
- Bayramlarda bir-birimizin evinə qonaq gedirik, pay aparırıq, Novruz bayramında udin tanışlarımız mütləq bizdə qonaq olur – bunu da bayaq azərbaycanlı həmsöhbətimiz Fərhad dayı söyləmişdi. Sonra da əlavə etmişdi ki, yeri düşəndə işdə-gücdə də bir-birlərinə yardım edirlər, fındıq yığımı zamanı udin, azərbaycanlı, ləzgi ailələrindən bir-birlərinə kömək edənlər az olmur…
Bu kəndin həm kilsəsi, həm də məscidi var
Nic sakinləri çox işləkdirlər. Fərdi təsərrüfatlarda bostan becərir, tərəvəz əkirlər, satırlar…
Toyuq-cücə, mal-qara, qoyun-quzu, donuz saxlayanlar da çoxdur.
Yerli əhali arasında şərabçılıq da xüsusi yer tutur. Azərbaycanlılar şərabı yalnız toyda-bayramda, udinlər isə xeyirdə-şərdə istifadə edirlər.
Nic kəndinin bələdiyyəsi barədə də məlumat maraqlıdır. Kəndin bələdiyyəsində hər üç xalqın nümayəndəsi təmsil olunur: 11 bələdiyyə üzvündən 5-i azərbaycanlı, 4-ü udin, 1-i ləzgi, 1-i də yəhudidir.
Kənddə yerləşən tarixi baxımdan əhəmiyyətli Alban-udin kilsəsi Albaniyada xristianlığın ilk təbliğatçısı olub. 25 ilə tikilən kilsə opostol Yeliseyə həsr olunub. 2003-cü ildə dövlət tərəfindən qeydiyatına alınan kilsə təmir olunaraq yenidən qurulub.
Nicin udin icmasında dedilər ki, bu kilsənin fəaliyyət göstərməsi Azərbaycanın tarixi üçün olduqca əhəmiyyətlidir.
“Ermənilərin sözlərini kəsmək üşün, qoy görsünlər ki, bu kilsələr ermənilərə deyil, albanlara məxsus olub”.
Müsəlmanların ibadəti üçün isə kənddə 2 məscid fəaliyyət göstərir. Bu məscidlərdə ərəb dili, əlifbası və ən əsası Quran oxumaq öyrədilir. Dinlərin qovuşduğu bu kənddə kilsə və məscid yanaşı fəaliyyətdədir.
Udinlər xristian olsalar da, onlar arasında da qurban kəsmək geniş yayılıb. Lap bizdə olduğu kimi. Bu qurbanlar insanlar üçün müqəddəs sayılan pirlərdə, ocaqlarda kəsilir.
Kənddə rüs və Azərbaycan dilində məktəblər fəaliyyət göstərir.
Ermənilərin “tarixi bicliyi”…
Nic sakinləri dedilər ki, ləzgi və udin gənclər azərbaycanlı həmyaşıdları kimi necə lazımdırsa, Azərbaycan ordusunda hərbi xidmət keçirlər. Vaxtilə Qarabağ müharibəsində azərbaycanlılarla birgə ermənilərə qarşı vuruşmuş nicli udinlər və ləzgilər də olub. Ermənilərdən söz düşmüşkən, bir zəruru məsəlini qeyd etmək vacibdir.
Sovet dövründə, ondan öncə udinlər ermənilər kimi “-yan” sonluğu ilə qurtaran soyadlar daşıyırdılar. Udin İcmasında dedilər ki, onların emənilərlə heç vaxt bağlılığı olmayıb: “Bizi ermənilərlə yaxınlaşdıran cəhət eyni dinə-xristianlığa sitayiş etməyimizdir. Amma ermənilər xristianlığın Qriqorian, biz isə katolik qoluna məxsusuq”.
Alban kilsəsinin hələ 1836-cı ildə Rus Sinodunun qərarı ilə Erməni kilsəsinə təhvil verilməsi udin xalqının məhvinə yönəlmiş bir addım olub.
”Ermənilər tarixən bizə təziqlər göstəriblər. Onlar Alban kilsəsini erməni Qiriqorian kilsəsinə tabe etmək istəyirdilər. Bizim əlifbamızı, yazılarımızı da ermənilər məhv ediblər”,- icma üzvləri dedilər.
Ermənilər Azərbaycanda yaranmış vəziyyətlərdən hər zaman öz xeyirlərinə istifadə etməyə çalışıblar. Təbii ki, udin xalqı da bundan ziyan çəkib. İcma üzvləri deyir ki, vaxtilə erməni bicliyi sayəsində udin xalqının soyad sonluqları dəyişdirilib “-yan” edilib. Elə bu səbəbdən də Azərbaycanın müstəqilliyinin ilk illərində udin xalqının oğlanları hərbi xidmətdən azad edilmişdi.
O vaxtlar bəziləri udinləri də ermənilərin sırasına aid edirmiş. Ancaq sonra yavaş- yavaş aparılan təbliğat işə yarayıb. İndi onların soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı problemləri yoxdur. Hazırda udinlərin əksəriyyətinin soyad sonluqları “-ri” ilə qurtarır. Udinlər də hazırda azərbaycanlılar kimi hərbi xidmətə gedir.
Sözlər də qarşıb, adlar da, mətbəx…
Yerli azərbaycanlılar dedilər ki, udinlərin maraqlı dili var. Bu dildə Azərbaycan sözləri də çoxdur. Yenə birgə yaşayışın nəticəsi…
Azərbaycanlılarla udinlərin qaynayıb-qarıması, uzun illərdən bəri bir ailə kimi yaşamalarının nəticəsidir ki, bəzi udinlər artıq öz övladlarına azərbaycanlı adları qoyurlar. Udinlər arasında Elxan, Orxan, Mirvari, Fidan kimi azərbaycanlı adı daşıyan xeyli uşaq, yeniyetmə var.
Azərbaycan xalqı ilə udin xalqının adət-ənənəsi arasında müəyyən oxşarlıq toylarda da özünü göstərir, elə mətbəxdə də. Məsələn, azərbaycanlılar da əziz günlərdə, toylarda düyüdən aş da bişirirlər, udinlər və ləzgilər də… Azərbaycanlılar da təndirə çörək yapırlar, udinlər də.
Burada yaşayan xalqların yeməkləri və adətlərinin bir qismi bir-birinə qarışıb.
Nicdə yaşayan ləzgilərin bəzi milli yeməkləri azərbaycanlılarda olduğu kimidir, çörəyin Azərbaycanın bəzi yerlərində olduğu kimi lavaş növunə üstünlük verirlər.
Burada yaşayan hər üç xalqın qız və oğlan toyları ayrı-ayrı olur. Udinlərin toy mərasimlərində milli rəqsləri ilə yanaşı, "Yallı", "Uzundərə" kimi Azərbaycan xalq rəqsləri də oynanılır.
Bu maraqlı, əsrlər boyu bir neçə millətin mehriban yaşadığı kənddən xoş təəssüratla ayrıldıq…
Əfqan Qafarlı
Bakı-Qəbələ-Bakı