“Azərbaycan son bir neçə gün ərzində dünyanın bir sıra beynəlxalq tədbirlərinə ev sahibliyi edib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünün, Qoşulmama Hərəkatına üzv olan dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün və buna qədər daha neçə-neçə toplantıların Bakıda ünvan tapması bir daha onu göstərir ki, Azərbaycan Respublikası Prezidentinin və ölkəmizin dünyada böyük nüfuzu, hörməti və yeri vardır”.
Bunu Modern.az-a açıqlamasında deputat Hadi Rəcəbli bildirib. Onun sözlərinə görə, dünən MDB Müdafiə nazirləri şurası iclasının Bakıda keçirilməsi buna əyani sübutdur.
“Bu görüş özünün bir neçə məziyyətinə görə xüsusilə önəmlidir. Görüşün ən yadda qalan məqamı ondan ibarət idi ki, Müdafiə nazirlərini qəbul edən möhtərəm prezidentimiz İlham Əliyev cənabları MDB dövlətlərinin birliyinin və sıx əməkdaşlığının əhəmiyyətini birmənalı vurğulayaraq, diqqəti ikiüzlü siyasət aparan, heç vaxt səmimi olmayan Ermənistan dövlətinə və onun rəhbərliyinə cəlb etdi. Belə ki, Böyük Vətən müharibəsində Qələbənin 75 illiyini qeyd edəcək MDB dövlətləri bu tədbirə yaxşı hazırlaşmalı və yüksək səviyyədə qeyd etməlidirlər. Cənab İlham Əliyev qeyd etdi ki, acınacaqlı haldır ki, Ermənistanda SSRİ dövlətinə qarşı bütövlükdə bəşəriyyətin sülhünə qarşı cinayətkar mövqe tutmuş və fəaliyyət göstərmiş Qaragin Njdeyə Yerevanda abidə ucaldılmasının nə qədər iyrənc, xəyanətkar və simasız mövqedə olan erməni rəhbərliyinin addımıdır. Sevindirici hal o idi ki, prezidentimiz İlham Əliyev cənablarının cəsarətli iradını Rusiya Müdafiə naziri cənab Şoyqu da birmənalı dəstəklədi və erməni rəhbərliyinin bu mövqeyini pislədi. Dünyaya geniş yayılan bu məlumat erməni rəhbərliyinin iflasını, yalançı dostluğunu və qeyri-səmimi mövqeyini ifşa etdi. Bu bir daha İlham Əliyev cənablarının Qarabağ probleminin həlli ilə bağlı apardığı ardıcıl siyasətinin növbəti qələbəsi və uğurudur”, - deyə H.Rəcəbli bildirib.