“Hələlik sürüşmə baş verən yolun yenidən inşasının vaxtı bəlli deyil”.
Bunu Modern.az-a açqılamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.
A.Nəcəfli qeyd edib ki, araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək:
“Yalnız araşdırma aprıldıqdan sonra təmir işlərinə başlanacağı və hansı müddətə yolun bağlı qalacağı bəlli olacaq”.
Onun sözlərinə görə, yolda sonuncu dəfə təmir işləri 2018-ci ildə həyata keçirilib:
“Yol 2010-cu ildə inşa olunub. Ərazidə istinad divarları tikilmişdi. Sürüşmə alt hissədə baş verdiyindən yolun üst hissəsi dağılıb. Sonuncu dəfə 2018-ci ildə sürüşmə baş verən ərazidən təxminən 100 metr yuxarı Bibiheybət məscidinə doğru istinad divarının bir hissəsində olan dağıntı, yolun beton örtüyü təmir edilib”.
Qeyd edək ki, noyabrın 24-də Bibiheybət qəsəbəsində sürüşmə baş verib. Yol nəqliyyat vasitələri üçün tamamilə bağlanıb.