Modern.az

2019-un sosial TƏRƏFLƏRİ: “Dost”, İnternetlə övladlığa götürmə...

2019-un sosial TƏRƏFLƏRİ: “Dost”, İnternetlə övladlığa götürmə...

Aktual

28 Dekabr 2019, 13:37

“2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” deyə bəyan edən Prezident cənab İlham Əliyevin bu sözləri sosial sahədə ardıcıl xarakter alan inqilabi addımlarda bir daha təsdiqini tapır.

 

Modern.az astanasında olduğumuz 2019-cu il ərzində həyata keçirilən sosial siyasi hadisələrə, təqdim edilən layihələrə ekskurs edir:

 

2019-cu il ərzində təqdim edilən iki sosial paket

 

- Minimum əməkhaqqı -2 dəfəyə yaxın artım -130 manatdan 250 manata çatdırılıb;

- Minimum pensiya -72,4 faiz artım - 116 manatdan 200 manata çatdırılıb;

- Əmək haqqı artımı ilə bağlı xüsusi şərtlərlə təyin olunmuş pensiyalar ciddi artırılıb;

- Sosial müavinət və təqaüdlər (o cümlədən müharibə əlillərinə əlilliyə sosial müavinətlər və onlara təqaüdlər) orta hesabla 100 faiz artırılıb;

- Həmçinin şəhid ailələri üçün təqaüdlər 242 manatdan 300 manata çatdırılıb;

- Dövlət sektorunda işləyənlərin əmək haqları 20-50 faiz artırılıb;

- Məcburi köçkünlərin, tələbələrin təqaüdləri əhəmiyyətli şəkildə artırılıb;

- 800 min insanın problemli kredit narahatlığına son qoyulub və s.

 

Bu ilki iki sosial paketin əhatə dairəsi - 4,2 mln. nəfər, illik maliyyə yükü- 3 milyard manatdan çox olub.

Qarabağ müharibəsi əlilləri Prezidentin aylıq təqaüdünü, habelə bu təqaüdlə yanaşı, böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alırlar. Bu ilki sosial paket hər üç istiqamətdə  - təqaüd, pensiya və müavinətlərdə ciddi artımı təmin edib.

 

Avtomobillə və mənzillə təminat

 

Rəsmi məlumatlara görə, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib.

2019-cu ildə isə 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan 815-i verilib. Qalan mənzil və fərdi evin də cari ilin sonuna qədər verilməsi də təmin ediləcək.

İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7471 mənzil və fərdi ev təqdim edilib. Bu ilin sonuna isə 7600-ə çatacaq (7588).

 

24 dekabr 2019-cu ildə 96 mənzilli binadakı mənzillərin şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilməsi mərasimində Prezident İlham Əliyev deyib:

 

“Gələn il ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur, yəni, bu ildən fərqli olaraq iki dəfə çox. Baxmayaraq ki, bu ilin əvvəlində 800-ə yaxın mənzilin verilməsi nəzərdə tutulurdu. Ancaq əlavə vəsaitin ayrılması nəticəsində bu mənzillərin və evlərin sayı 900-ə çatıbdır, o cümlədən yüzlərlə minik avtomobili də verilib”.  

 

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 müharibə əlilinə avtomobil verilib.

Cari ildə isə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bununla  indiyədək 6723 minik avtomobili verilib.

 

DOST  layihəsi

 

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və  “DOST” mərkəzlərinin yaradılmasına imkan verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. 2019-cu ilin 9 mayında DOST Agentliyi və 1 saylı DOST mərkəzi (Səbail, Yasamal) açılıb.

 

Mərkəzdə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya  sahələri üzrə 132 növdə xidmət təqdim edilir. Ötən 6 ayda 1 saylı DOST Mərkəzinə 60 mindən çox müraciət olub. Vətəndaş məmnunluğu səviyyəsi isə 95% üzərindədir.

 

2019-2025-ci illərdə Bakı və ölkənin bölgələrində 31 DOST Mərkəzinin yaradılması nəzərdə tutulub.

 

2019-cu il, dekabrın 24-də isə Prezident İlham Əliyevin iştirakı ilə Bakının Xəzər rayonunda daha bir DOST mərkəzi – 2 saylı DOST mərkəzi açılıb.

2 saylı DOST Mərkəzi gün ərzində 250-300 vətəndaşı qəbul edə bilir. Mərkəz Bakının Xəzər və Pirallahı rayonlarının əhalisinə xidmət göstərir.

 

2 saylı DOST Mərkəzində il ərzində 70 mindən artıq vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 132 xidmət göstəriləcək.

Mərkəzdə 80 nəfər, “Gənc DOST” proqramı üzrə isə 40 könüllü fəaliyyət göstərir.

Burada “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” də var. Beləliklə, bu mərkəz də vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən “bir pəncərə”yə müraciət edib və “bir pəncərə”dən faydalanmasına imkan verir.

 

Şəhid vərəsələrinə birdəfəlik ödəmə

 

Hesabat dövründə şəhid hərbi qulluqçulardan və daxili işlər orqanlarının şəhid olmuş əməkdaşlarından ibarət olmaqla 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan artıq 12 minədək şəhidin 18 minədək vərəsəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra səviyyəsi artıq 98 faizə çatıb. Şəhid ailələri və müharibə əlillərinin uşaqlarına aylıq müavinət ödənilir, bu uşaqların dövlət ali və orta ixtisas təhsili müəsissələrində təhsili ödənişli olduqda, dövlət hesabına ödənilir və s.

 

Əlilliyi olan şəxslərin reabilitasiyası

 

Rəsmi məlumata görə, 2019-cu ilin noyabr-dekabr aylarında Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində, Göygöl və Şamaxı psixonevroloji Sosial Xidmət Müəssisələrində təmir və yenidənqurma işləri davam etdirilir.

Həmçinin, Qobustan Sosial Adaptasiya Mərkəzi yaxın vaxtlarda istifadəyə veriləcək.

 

Dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinə başlanılıb. Ayrı-ayrı bölgələrdə Uşaq Bərpa Mərkəzlərinin tikintisi nəzərdə tutulub.

 

Əhalinin məşğulluq və özünüməşğulluq...

 

2019-cu ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 81 439 nəfər münasib işlə təmin edilib. 2019-cu ilin 11 ayında da Dövlət Məşğulluq Xidməti tərəfindən 2734 nəfər peşə hazırlığı kurslarına cəlb edilib.

 

Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə 107 664 vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib. 

 

Dövlət Məşğulluq Xidmətinin Bakı və Göyçay şəhərlərindəki Regional Peşə Təhsili Mərkəzləri var. Bu günlərdə ölkədə Regional Peşə Tədrisi Mərkəzləri şəbəkəsinin respublikanın bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində Gəncə Peşə Hazırlığı Mərkəzi yaradılıb. Həmin Mərkəzdə ilk mərhələdə 60 peşə tədris olunacaq. İl ərzində 900 nəfərədək şəxsin peşə hazırlığı həyata keçiriləcək. “2019–2030-cu illər üçün Məşğulluq Strategiyası”nda hədəflər sırasında 2019–2030-cu illər ərzində Azərbaycanda regional peşə tədrisi mərkəzlərinin sayının 10-a çatdırılması da nəzərdə tutulub. Eyni zamanda, mütəmadi olaraq rayon və şəhərlərdə əmək yarmarkaları keçirilir. Dövlət başçısının təşəbbüsü və tapşırığı ilə 2019-cu ilin əvvəlindən “İşsizin DOSTu” proqramı 40 minə yaxın şəxsin əmək müqaviləsi ilə ödənişli işlə təminatına imkan verib.

ƏƏSMN məlumatlarına əsasən, özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə isə özünüməşğulluq proqramına 10  min ailənin cəlb edilməsi nəzərdə tutulub.

Dekabrın 25-nə olan məlumata əsasən, bu ilin ötən dövründə proqrama cəlb edilən işsiz və işaxtaran şəxslərin sayı 10,7 mini ötüb və böyük hissəsi təılimlərə cəlb edilib və təlimləri uğurla bitirənlərə aktivlər verilir.

 

2019-cu ildə özünüməşğulluq proqramına cəlb edilənlərin:

2365 nəfəri əlillər;

1835 nəfəri  məcburi köçkünlər,

479 nəfəri ünvanlı sosial yardım alanlar,

257 nəfəri şəhid ailəsi üzvləri,

133 nəfəri isə cəzaçəkmə müəssisəsindən azad edilənlərdir.

 

Sosial Bağlar layihəsi

 

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə birgə icra olunan «Sosial Bağlar» layihəsi çərçivəsində 2018-ci ildə 125 ailə üçün intensiv meyvə bağları salınıb. 2019-cu ildə isə layihənin  növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınması işləri aparılır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində isə 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək veriləcək.

 

İctmai nəzarət

 

Nazirlik tərəfindən yeni addım kimi, ictmai nəzarət üçün “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsinə Proqram iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatlar daxil edilir.

 

Ünvanlı Dövlət Sosial Yardım...

 

26 dekabr 2019-cu il tarixinə ölkədə 71,1 mindən çox aztəminatlı ailə (295,3 min nəfər ailə üzvü)  ünvanlı dövlət sosial yardımı ilə təmin olunur.

Həmin ailələrin üzvlərinin 55 faizə yaxını (160 230 nəfəri) uşaqlardır, yəni yaşı 18-ə qədər olanlardır.

Hər ailəyə ayda orta hesabla 207,5 manat, adambaşına 50 manat sosial yardım ödənilir. Prezident İlham Əliyevin 23 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır. Sərəncamın 2019-cu il 30 dekabr tarixinə 73 minədək ailəni (300 minə yaxın ailə üzvü) əhatə edəcəyi gözlənilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”Azərbaycan Respublikasının Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manata çatdırılıb. Bu da ölkədə aztəminatlı ailələrə hesablanan sosial yardımın və nəticədə onlara yönələn dövlətin qayğısının daha da artırılmasına imkan verir.

Qeyd edək ki, 2006-cı ildən (yəni, ÜDSY tətbiq olunduğu ildən) ötən dövrdə ölkəmizdə ehtiyac meyarının həddinin 5,3 dəfə artırılması təmin edilib ki, bu da aztəminatlı ailələrin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsinə xidmət edib.

 

Nazirliyin xidmətlərində elektronlaşma

 

“E-sosial” internet portal - Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı portal 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirir.

“E-sosial” portalı vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) bazasına çıxış imkanı yaradıb.

Vətəndaş özü barədə portalda toplanmış məlumatları daimi izləyə bilir, yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə ictimai nəzarəti həyata keçirir.

Portal vətəndaşa habelə nazirlik tərəfindən təqdim olunan 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə yararlanmaq imkanı verir. Portalın “Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərirdi. 10 dekabr 2019-cu il tarixində İOS əməliyyat sistemi üçün tətbiqi də istifadəyə verilib. Bu da  vətəndaşların  e-sosial internet portalından rahat istifadəsinə və portalın daha əlçatan olmasına imkan verir.

 

E-pensiya - 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Nəticədə pensiya hüququ yaranmış şəxsə özü müraciət etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş təması olmadan pensiya təyin edilir və elektron qaydada ona bu barədə məlumat verilir.

İl ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi əhatə olunur.

 

E-müavinət - 2019-cu ilin ilk aylarından sosial müavinətlərin elektron təyinatı infrastukturunun da qurulması işlərinə başlanıb.

Oktyabr-noyabr aylarında və dekabr ayının ötən dövründə 12 növ müavinət və təqaüd üzrə e-təyinat istifadəyə  verilib.

Bununla da 2019-cu ildə sosial təminat növləri üzrə istifadəyə verilən elektron təyinat sistemlərinin sayı 14-ə çatıb (2 pensiya və 12 müavinət-təqaüd).

E-pensiya sistemi vasitəsilə 15 mindən çox, e-müavinət sistemi vasitəsilə 17 minədək e-təyinat aparılıb.

Avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək təyinat  tam şəkildə, proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan elektron şəkildə həyata keçiriləcək.

 

E-arayış sistemi - İş yerinə və əlilliyə dair arayışların alınması üçün e-xidmətlər, yəni 2 “e-arayış” növü mövcud idi.

“E-sosial” internet portalının məlumatlar bazası əsasında bu ilin dekabr ayında  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən aşağıdakı 10 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilib.

 

Beləliklə, nazirliyin e-arayış xidmətlərinin sayı 12-yə çatıb:

 

1.İş yerinə dair e-arayış xidməti

2.Əlilliyə dair e-arayış xidməti

3.Müavinətlə təmin edilmə barədə də e-arayış xidməti

4.Təqaüdlə təmin edilmə barədə də e-arayış xidməti

5.Pensiya ilə təmin edilmə barədə də e-arayış xidməti

6.Maddi yardımla təmin edilmə barədə də e-arayış xidməti

7.Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması  barədə də e-arayış xidməti

8.Dövlət tərəfindən avtomobillə təmin olunma barədə də e-arayış xidməti

9.Dövlət tərəfindən mənzillə təminat barədə də e-arayış xidməti

10.Ünvanlı dövlət sosial yardımının təyinatı barədə də e-arayış xidməti

11.Ünvanlı dövlət sosial yardımının ödənişi barədə də e-arayış xidməti

12.Fərdi şəxsi hesab barədə də e-arayış xidməti

 

Beləliklə, hazırda nazirliyin 14 sosial təminat növü üzrə e-təyinat sistemi, 12 e-arayış xidməti vardır.

Nazirlikdən verilən məlumata görə, ilin sonuna e-təyinat sistemlərinin sayı 20-ni ötəcək, e-arayış xidmətlərinin sayı 15-ə çatdırılacaq.

 

“Məşğulluq” alt sistemi (MAS)

 

ƏƏSMN-nin yeni istifadəyə verilən “Məşğulluq” alt sisteminin (MAS) məqsədi dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsi, əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasıdır.

İşsiz və işaxtaranlar E-sosial” və ya “e-gov.az” portalı vasitəsilə altsistemdə qeydiyyatdan keçən şəxs sistemdə “İşaxtaranlar” pəncərəsini açır. Müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinetini yaradır.

“Fərdi məşğulluq”  bölməsində “Vakansiya bankı” ilə tanış olaraq, peşəsinə, əmək bacarığına uyğun vakansiyanı seçir. İşəgötürənlər  e-sosial.az ünvanına daxil olaraq “e-Xidmətlər” bölməsindən “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi”  e-xidmətini seçir.

İşəgötürənlər “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yerini, əmək haqqını, iş yerinin daimi və ya müvəqqəti olmasını, işçiyə dair ixtisas, zəruri bilik, bacarıq tələblərini və s. qeyd edirlər.

İşəgötürənlər tərəfindən “vakansiya bankı”na daxil edilən iş yerlərinin sayı artıq 17 500-ə çatıb.

Vakansiyalar daxil olduqca da onlayn qaydada işsiz və işaxtaranlara həmin vakansiyalara göndərişlər verilir.  Vakansiya bankı daim yenilənir.

 

Övladlığagötürmə üzrə e-sistem

 

Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığa götürülən uşaqlarla və övladlığa götürməyi arzu edən şəxslərlə bağlı uçot sisteminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi,  övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi üçün qabaqcıl dünya təcrübəsi əsasında yeni idarəetmə mexanizmi hazırlayıb.

Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi işləri çərçivəsində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılıb. 

Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə təmin edilir.

Altsistem, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasına, nəticə etibarilə bu sahədə idarəetmə və bütün xidmətlərin müasir texnologiyalara əsaslanan mexanizm üzərində, şəffaf və operativ qaydada həyata keçirilməsinə imkan verir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı