Londonda təhsil alan azərbaycanlı tələbə Fəridə Əliyeva Xocalı soyqırımının 20-ci ildönümündə yazdığı məqaləni Modern.az-a göndərib. Həmin məqaləni olduğu kimi təqdim edirik.

- 1992-ci ildə baş vermiş Xocalı soyqırımından 20 il ötdü. Bu, ''erməni soyqırımı'' kimi uydurulmuş və heç bir tarixi əsası olmayan hadisə deyil. Bu, həqiqətdir. Bu faciənin iyirmi yaşı var və mənim yaşıdlarımın da yaşı artıq iyirmidir. Deməli, bu faciə mənim yaşıdımdır. Xocalı soyqırımı baş verəndə mən hələ doğulmamışdım, lakin böyüdükcə xalqımın taleyinə düşən bu ağır günün yükünü ürəyimdə daşımağa başladım.
Xocalı soyqırımının tarixini təsdiqləyən kadrlara təkcə Azərbaycanlılar deyil, bütün dünya baxır, dünya görür. Bu kadrlar beynəlxalq təşkilatlara çatdırılır. Bu dəhşətli kadrları çəkib dünyaya çatdırmış insan, jurnalist və gerçək vətənpərvər Çingiz Mustafayev olub. Soyqırımı baş verən günün səhəri azərbaycanlılar Xocalıda qətlə yetirilənlərin cəsədlərini erməni quldurlarının əlindən qurtarmaq üçün həmin əraziyə gələ bildi. Erməni silahlı birləşmələri Xocalı əhalisinin beşdə birini amansızlıqla qətlə yetirib. Onlar mühasirədə qalmış mülki insanlar idi. Qocaları, qadınları, körpə uşaqları doğrayan, güllələyən mindən çox insanı əsir, girov götürən erməni quldurları insanları azərbaycanlı, türk olduğuna gorə məhv edib. Etnik təmizləmə siyasətini beyinlərinə həkk etmiş, mərhəmət hissini itirmiş bu canilərin hərəkəti dünyanın gözü qarşısında baş verib. Beynəlxalq hüququn fantastik ədəbi janra çevrilməsini soyləyənlər tamamilə haqlıdırlar. Dövlətlər, ölkələr arasında sülh, dostluq, əməkdaşlıq, tərəfdaşlıq kimi prinsiplər əvvəlki dəyərini itirib. Belə olmasa idi terrorçuluğu dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan cəzasını alardı.
Xocalı faciəsini əks etdirən kadrların içərisində heç vaxt unuda bilmədiyim anlar var. Çox sayda cəsədlərin içərisində amansızcasına öldürülmüş, soyuq fevral gecəsi donub qurumuş iki-üç yaşlı körpə qızcığazın cəsədini qucağına alan azərbaycanlı əsgərin hönkürtüsü qulağımdan getmir. Hətta erməni quldurları cəsədlərin arxasınca gələn helikopteri də güllə-boran edir. Helikopter havaya qalxır və Ağdama yönəlir. Kadrlar burada bitir. Bir neçə dəqiqəlik olan bu kadrlar erməni vandalizminin yüz illər boyu Azərbaycan xalqına qarşı yönəlmiş nifrəti əks etdirən danılmaz həqiqətdir. Körpə qızcığaz yaşasaydı, bu gün onun da 22-23 yaşı olardı. O da mən və mənim yaşıdlarım kimi ailəsinin, doğmalarının, dostlarının əhatəsində yaşayar, təhsil alar, ölkənin layiqli vətəndaşı ola bilərdi. Bax, erməni quldurları minlərlə azərbaycanlı körpələrini amansızcasına qətlə yetirib. Bax, o qətlə yetirilən körpə mənəm. Bu gün dövlətini, millətini sevən minlərlə azərbaycanlı gənc qız var. Deməli, biz həm öz, həm də o körpələrin taleyini ləyaqətlə, şərəflə yaşamalıyıq. Onun nigaran ruhunun sakitləşməsi üçün bu cinayəti törədənləri cəzalandırılmasına nail olmalıyıq. Nüfuzlu beynəlxalq təşkilatların gözləmə taktikasından real hərəkətə keçməsini tələb etməliyik. Bu, Azərbaycan xalqının tələbidir. Bu beynəlxalq konvensiaların müddəalarının tələbidir.