104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Rauf Vəliyev fevralın 1-də Tovuzun daha 5 kəndində seçicilərlə görüşüb.
Modern.az xəbər verir ki, Sarıtala, Çobansığnaq, Əhmədabad, Qəribli və Məşədilər kəndində sakinlərlə isti münasibət qurulub, ətraflı fikir mübadiləsi aparılıb.
Əhmədabad kəndində seçicilər qışda evlərini isidə bilmədiklərini, həmçinin işıq dırəklərinin yararsız vəziyyətdə olmasından narahatlıqlarını bildiriblər. Həmçinin, kənddə telefon xəttinin çəkilməsinə və uşaq baxçasına ehtiyac duyduqlarını diqqətə çatdırıblar.
Çobansığnaq və Qəribli kəndlərində əsas problem kimi qaz xəttinin çəkilməməsi və işsizliyin çox olması qeyd olunub.
Rauf Vəliyev hər bir kənddə sakinlərin narahatlıqlarını qeydə alıb, bu məsələləri diqqətdə saxlayacağını söyləyib.
Sakinlər də öz növbələrində 9 fevralda seçkiyə gedəcəklərini və Rauf Vəliyevə səs verəcəklərini bildiriblər.