92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyevanın seçki kampaniyası uğurla davam edir.
Modern.az-ın xəbərinə görə, deputatlığa namizədin bu dəfə 92 saylı Seçki Dairəsinə daxil olan Ucar rayonunun Lək və Xələc kəndlərinin sakinləri ilə Lək Mədəniyyət klubunda coşqulu görüşü keçirilib.
Görüş səmimi və isti ortamda baş tutub.
Qeyd edək ki, Lək Mədəniyyət klubu qədim tarixə malik və gözəl memarlıq abidəsi olan klubdur. Amma son zamanlarda onun böyük təmirə ehtiyacı var.
Eyni zamanda, bu Mədəniyyət klubunun əsaslı təmiri məsələsinin həyata keçirilməsi üçün J. Əliyeva öz çıxışlarında dəfələrlə müvafiq qurumlara, Nazirlər Kabinetinə müaricətlərini edib.
Bu görüşdə də, ilk növbədə deputatlarından adıçəkilən Mədəniyyət klubunun bərpa edilməsi xahişi önə çəkilib.
Həmçinin, bu məsələnin deputatın diqqətində olduğunu bilən və bildirən seçicilər bunun üçün təşəkkürlərini ifadə edərək, eyni zamanda, bir daha bu məsələyə diqqət çəkilməsini J. Əliyevadan xahiş ediblər.
Lək kəndinin sakinləri Mirmehdi Heydərov, Hacı Mərdan Əliyev, Hacı Rövşən İsmayılzadə çıxışlarında həmçinin, kəndin içməli su probleminin olduğunu dilə gətirərək, məsələnin həllinə nail olmaq üçün köməklik göstərməsini J. Əliyevadan xahiş ediblər.
Onu da qeyd edək ki, quraqlıq ucbatından bu il bu problem daha da dərinləşib.
Bu baxımdan, görüşdə o da vurğulanıb ki, daha əvvəlki illərdə deputat öz fəaliyyətində bu məsələyə çox geniş yer verib. Amma bir daha ondan köməyini əsirgəməməsini xahiş ediblər.
Görüşdə həm də kənd məscidinin qazlaşdırılması məsələsini bir xahiş kimi önə çəkiblər. Bu işdə də köməklik göstərilməsini xahiş ediblər.
Görüşdə çıxış edən adları çəkilən kəndlərin axundları J. Əliyevaya öz xeyir-dualarını veriblər, millət vəkilinə hər bir məsələyə diqqətlə yanaşdığı üçün təşəkkürlərini ediblər.
Çıxışçılar, ümumiyyətlə, Ucarda gedən böyük quruculuq işləri, inkişaf üçün ölkə Prezidenti İlham Əliyevə, birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyevaya çox böyük minnətdarlıq bildiriblər.
Bu yerdə qeyd etməyə dəyər ki, görüşün sonunda seçicilər deputatları ilə şəkil çəkdirmək arzularını dilə gətitiblər.
Ən maraqlı məqam isə görüşə gələn qadınların içərisində Zərdab rayonundan həmin kəndə gəlin köçmüş iki xanımın-Sevil və Zülfiyyə adlı xanımların olması olub.
Onlar arzularını bildiriblər ki, deputatla şəkil çəkdirsinlər, hətta, onu evlərinə də dəvət ediblər. Və bu zaman duyğulu, kövrək anlar yaşanıb.
J.Əliyeva da öz növbəsində onlara deyib ki, “çox da uzağa gəlin köçməmisiniz ki?! Dünyanın o başına gəlin köçməmisiniz… Ləklə Zərdabın arası çox şükür ki, 10-15 kilometrdir və ümumiyyətlə, böyük vətənimizin hər qarış torpağı birimiz üçün vətəndir”.