“Axı niyə öz əllərimlə toxuduğum, min bir arzu ilə saxladığım xalça öz oğluma yox, bu çağırılmamış qonağa qismət olsun?”,
Mir Cəlal, “Bir gəncin manifesi”
2000 ildən çox yaşı olan və yaşına görə çox yaxşı qalmış bir saxsı qab var məndə. Üstündə olan günəş, buğda naxışlarından atəşpərəstlik dövrünün yadigarı olduğu bilinir. Tarix diyarşünaslıq muzeyində ona bənzər küplərin eramızdan əvvələ aid edildiyindən buna əmin olmuşam. Nə gizlədim, ehtiyacın diktəsiylə satmaq fikrinə düşdüyüm olub, hətta kifayət qədər bahalı qiymətə alacaq “müştəri” də tapmışdım. Müştəri ingilis olmasa da, son anda vaz keçdim. Sona xala kimi...
Sona xalanın “İtə ataram, yada satmaram” deyərək saxladığı “Yusif-Züleyxa” xalçasını bəlkə övladları da satmayıb. Nəvə-nəticələrini deyə bilmirəm. Ola bilər ki, ya satıblar, ya da daha yüksək qiymətə qalxmasını gözləyirlər. Hamı Sona xala kimi deyil axı. Bəlkə Sona xalanın o vaxt ingilisə satmadığı həmin xalçanı sonra bir erməni alıb aparıb, indi “vazgen-asmiq” adı ilə hansısa muzeydə nümayiş etdirir.
Adı Zəhra olduğu üçün “Zaza” deyə çağırdımız anam deyir ki, 1941-1945 ci illərdən sonra ermənilər kəndbəkənd gəzərək qədim xalça-palazlarımızı dəyər-dəyməzinə alıblar, ya da sənaye üsulu ilə toxunanlarla dəyişiblər. Bu təkcə Sisyanın anamın doğulduğu Ərəfsə kəndində olmayıb. (Bunu da qeyd edim ki, “Ərəfsə” – Azərbaycan ərazisində ən qədim kənd adıdır. Ermənistan Ali Soveti Rəyasət Heyətinin 03.07.1968-ci il fərmanı ilə eməniləşdirilirək “Arevis” edilib. Bu barədə sonra yazaram. Kimə maralıdırsa bu linklərə baxa bilər: //www.youtube.com/watch?
Dieraeli deyir ki, gənclik – yanılma, kamil yaş – mübarizə, qocalıq isə təəssüf deməkdir.
Başqa dövrləri bilmirəm, bizim 80-ci illərin sonlarına düşən gəncliyimiz elə başlamamış sona çatdı. “İtirilmiş” nəsil olduq – kiminin ömrü yarımçıq qaldı, kiminin arzuları...
İndiki gəncləri heç nə ilə ittiham etmək istəmirəm. Onlar valideynlərindən çox dövrün övladalarıdırlar. Daha praqmatikdirlər, olsun, təki bundan onlarla yanaşı, bölgəmiz və ölkəmiz də yararlansın.
Hötenin “Faust” əsərində belə bir bənd var:
“Gənclik! Gənclik o vaxt gərək olar ki,
Döyüş meydanında olasan yalnız!
Ya da alovlanan bir ehtirasla
Atılıb boynuna sarıla bir qız.”
Bizim nəslin qismətinə bəndin birinci yarısını yaşamaq düşdü. Ərazi bütövlüyümüz uğrunda döyüşlər başlasa, yenə bu yola üz tutacaq igidlərimizin çox olacağından əminəm. Necə ki, Aprel döyüşlərində buna şahid olduq. Necə ki, Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov “möhtac olduğumuz qüdrətin damarımızda axan qanda” olduğunu sübut etdi...
O ki qaldı ana yurduma, axırıncı dəfə 1987-ci ildə getmişdim. Salvartı, Turşsu, Dəli çay, Yastan, Qırxlar, Abuzər piri dünən görmüşəm kimi yadımdadır. O vaxt Ərəfsə və Comardlı kəndlərinin sovet sədri olan Vəli dayım Ərəfsənin, daha dəqiq desək 1918-cil ildə daşnakların viran qoyduqarı və Musa babamın bütün qohumlarını öldürdükləri Hortyüzün yaxınlığında olan qədim alban məbədinin - Qızıl kilsənin necə “erməniləşdirildiyini” göstərmişdi mənə. Təmir işləri gedirdi. Daşnakların layiqli sələfləri ustaların bizə necə kinli baxdıqlarıda qalıb göz yaddaşımda. Ermənilər təkcə adları dəyişdirməyilər ki... Məqsədləri bu yurdun əsl sahiblərinin özlərini və izlərini silmək idi. Onlar “Hayes, turkes?” soruşa-soruşa qədim Türk yurdu Qərbi Azərbaycana yiyələnə bildilər. Ən azı bu gün belədir.
Şuşada, Ərəfsədə doğulan erməni gənclərini düşünün. Bir də atasının şuşalı, nənəsinin ərəfsəli olduğunu bilən, amma həmin yurd yerlərini yalnız virtual məkanda tanıyan gənclərimizi. Bizdə iki dəfə artıq təbliğat aparılmalıdır ki, bu tərs mütanisibliyi düzəldək. Nə vaxt?
Yurd sevgisini yaratmaq və yaşatmaq getdikcə çətinləşir. Gəncər üçün gecdir, uşaq dövründən başlanmalıdır. Körpə əlini almaya uzadanda, “sənin alman Şuşada, Ərəfsədə, Xankəndində, Cəbrayılda... qalıb” deməli deyilikmi?
Oyuncaq istəyəndə – oyuncaqlarının ermənilərin işğal etdiyi torpaqda – Kəlbəcərdə, Laçında, Ağdərədə, Dərələyəzdə, Göyçədə ... olduğunu söyləsək, uşaqların, gənclərin yurd yaddaşı daha möhkəm olmazmı?
Günahkar(lar) axtarmaq fikrində deyiləm, amma gecikirik. İndi körpələr “layla”yla yox, “Maşa və ayı” nağılları ilə böyüyürlər.
2000 ildən çox yaşı olan bir saxsı qab var məndə. Üstündə olan günəş, buğda naxışlarından atəşpərəstlik dövrünün yadigarı olduğu bilinir. Mən satmadım. İstəyirəm ki, onu oğlum da satmasın...
Ana yurdlarını unutmayacaq, qloballaşma selində boğulmayacaq və 2000 yaşı olan maddi-mədəniyyət nümunəmizi satmayacaq gənclərin yetişməsi üçün “1000 gəncin manifesti” yazılmalıdır.
Bunu kim edəcək? Gec olmacayaq ki?