Modern.az

Rusiya Ermənistandan bu halda çıxacaq

Rusiya Ermənistandan bu halda çıxacaq

Analitika

Bu gün, 17:49

Ermənistanın Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının gələcəyi ilə bağlı müzakirələrdə Moskvanın məsuliyyət daşıdığı görüntüsü yaratmağa çalışması Kremlin narazılığına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin İrəvanın məsələni bazanın taleyinin müzakirəsinə məhz Moskvanın təşəbbüs göstərdiyi kimi təqdim etdiyini bildirib. Rusiya XİN rəsmisi qeyd edib ki, Moskva bazanın gələcəyini Ermənistanla mövcud müqavilə və sazişlər çərçivəsində, ikitərəfli dialoq yolu ilə müzakirə etməyə hazırdır. Kaluqin həmçinin, Ermənistan rəhbərliyinin mühüm qərarların qəbulunda tez-tez xarici aktorlardan addım gözlədiyini bildirib.

Beləliklə, Gümrüdəki hərbi bazanın çıxarılması məsələsi yenidən gündəmə gəlib. 

Modern.az-a açıqlamasında politoloq Fərhad Məmmədov bildirib ki, Gümrüdəki hərbi bazanın çıxarılması məsələsi real görünmür:

"Çünki indi həm Rusiya, həm Ermənistan Paşinyan-Putin görüşünə hazırlaşır. Əlbəttə, Rusiya Ermənistanda öz mövqeylərini əsas da iqtisadi sahədə qoruyub saxlamaq istəyəcək. Eyni zamanda atom elektrik stansiyasının da mövcudluğu məsələsi var. Bu yaxınlarda "Rosatom"un rəhbəri Ermənistana səfər etmişdi və orada kifayət qədər nikbin danışmışdı. Ən çox müzakirə olunan məsələ dəmir yolu ilə bağlı olacaq. Burada da Rusiyadan çox şey asılı olacaq. Bir sözlə, Rusiya həm hərbi-siyasi kontekstdə, həm iqtisadi mənada bütün mövqeylərini qoruyub saxlamaq istəyir. Amma görünən odur ki, hərbçilərin çıxarılması baş verməyəcək".

     

Politoqun sözlərinə görə, Rusiya Ermənistandan istədiyini almasa, qazın qiymətini qaldıracaq:

"Bunun əvəzində də Ermənistan hərbi bazanın kirayə pulu ilə bağlı qərar verəcək. Nəzərə almaq lazımdır ki, hərbi bazaya Rusiya heç bir maliyyə xərcləmir və hərbi bazanın, hətta kommunal xərclərini də Ermənistan hökuməti ödəyir. Bu kontekstdə hərbi baza ortaya çıxmışdı. Amma düşünmürəm, vəziyyət o yerə çatacaq ki, Ermənistan Rusiyadan hərbi baza üçün pul tələb etsin".                                                    

F.Məmmədov vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya ilə bağlı qanun layihəsini qoruyub saxlayacaq:

"Hərbi baza məsələsinə isə hazırda nə Ermənistan maraqlıdır, nə də Rusiya buna hazırdır".

Politoloq Elxan Şahinoğlu hərbi baza məsələsini əslində Putininin qaldırdığını deyib:

"Rusiyanın hərbi bazası məsələsini Ermənistan Baş naziri Nikol Paşinyan gündəmə gətirməyib. Rusiya prezidenti Vladimir Putin son görüşündə erməni xalqı istəməsə, hərbi bazanı çıxara biləcəklərini dedi. Buna qədər Paşinyan bu mövzunu gündəmə gətirmirdi. Putinin sözlərindən sonra Paşinyan və hökumət üzvləri cəsarətlənərək Rusiya hərbi bazasının çıxarılması ilə bağlı məsələni gündəmə gətirdilər. Çünki həmin hərbi baza regionda gərginlik yaradan yeganə amildir. Rusiyanın Ermənistana təsir vasitələrinin ən güclüsü məhz Gümrüdə yerləşən hərbi bazadır".

Onun sözlərinə görə, Paşinyan hələ ki bazanın çıxarılması ilə bağlı qərar verməz:

"Çünki TRIPP-la bağlı Rusiyanın istəkləri, qaz və kənd təsərrüfatı məhsullarının nəqli kimi məsələlər müzakirə predmetidir. Paşinyan düşünür ki, bu məsələləri həll edə bilərsə, Azərbaycanla sülh əldə edilib Türkiyə ilə sərhədlər açılarsa, gələcəkdə Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini gündəmə gətirə bilər. Ona görə də Rusiya Xarici İşlər Nazirliyinin indiki bəyanatı məntiqsizdir".

Sizə yeni x var
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı