Hüquqşünas, iqtisadçı alim, innovasiyalı investisiyalar üzrə mütəxəssis Nazim Şükürov “Söhbətgah” podkastının növbəti buraxılışında maraqlı məslələrdən danışıb.
Modern.az xəbər verir ki, verilişdə son dövrlərdə həm ölkəmizdə, həm də dünyada ciddi sosial-iqtisadi problemlərdən birinə çevrilən qeyri-qanuni qumar oyunları, onlayn mərc platformalarının görünməyən təhlükələri, onların yaratdığı hüquqi, iqtisadi və sosial fəsadlar geniş müzakirə edilib.
Ekspert mövzunun aktuallığından söz açaraq diqqətə çatdırıb ki, müasir dövrdə smartfon planşetlərin hər kəs üçün əlçatan olması internet məkanına sürətli qoşulma imkanı yaradır. Bu da insanların istənilən vaxt onlayn qumar platformalarına cəlb edilməsinə və nəticədə risklərin artmasına şərait yaradır.
N.Şükürov bu sahədə qanunsuzluqların qarşısının alınması ilə yanaşı, sağlam və idarə olunan iqtisadi mühitin formalaşdırılmasının vacibliyinə diqqət çəkib.
Qeyri-qanuni mərc platformaları təkcə vətəndaşların maddi və mənəvi zərərə uğramasına səbəb olmur, həm də ölkədən kapital axınını sürətləndirir. Lisenziyalaşdırılmış və tam dövlət nəzarətində olan fəaliyyət problemlərlə mübarizədə ciddi nəzarət mexanizmləri ilə yanaşı dövlətə iqtisadi effektləri ilə də müəyyən edilmiş olur.
Podkastın həmin buraxılışında həmçinin “Azad İstehlakçılar” İctimai Birliyinin sədri, istehlakçı hüquqlarının müdafiəsi üzrə ekspert Eyyub Hüseynov və Vəkillər Kollegiyasının üzvü, vəkil Sona Səlimli-Ələsgərova da ekspert qismində iştirak edərək mövzu ilə bağlı mühüm məqamlara toxunublar.