Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Modern.az xəbər verir ki, türkiyəli qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
- Sizi yenidən görməyimə şadam. Keçən il bir çox tədbirlərdə, mərasimlərdə bir yerdə olduq. Bu il də görüşürük. Dünən axşam əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan mənə telefonla zəng etmiş, seçkilərlə bağlı öz təbriklərini ifadə etmişdir. Bilirsiniz ki, yaxın gələcəkdə Bakıda Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı keçiriləcəkdir. Bu toplantı ənənəvi olaraq hər il keçirilir - bir dəfə Türkiyədə, bir dəfə Azərbaycanda. İndi bu toplantıya da hazırlıq gedir. Əminəm ki, iki dost, qardaş ölkə arasındakı əlaqələr 2020-ci ildə də uğurla inkişaf edəcək. Əgər keçən il biz TANAP-ın Avropa sərhədinə çatdırılmasını birlikdə qeyd etmişiksə, bu il artıq Cənub Qaz Dəhlizinin istismara verilməsini qeyd edəcəyik.
Sizə də təşəkkür edirəm ki, seçkilərdə müşahidəçi kimi iştirak etmisiniz. Böyük səylər göstərmisiniz və bu da çox önəmlidir. Çünki, əlbəttə, həm Türkiyədə, həm də Azərbaycanda keçirilən seçkilərdə bizim millət vəkillərimiz fəal olurlar, öz müşahidələrini aparırlar, fikirlərini bölüşürlər. Bildiyimə görə, artıq dünən siz bizim mətbuata da açıqlamalar vermisiniz. Bir daha sizə təşəkkür edirəm və bir daha “Xoş gəlmisiniz!” deyirəm.
***
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib:
-Hörmətli cənab Prezidentim. Əvvəlcə bizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Təbii ki, can Azərbaycanımızın dünən keçirdiyi seçkilərin Azərbaycanımız, bölgəmiz və Türkiyəmiz üçün xeyirli-uğurlu olmasını diləyirəm.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri olaraq mənimlə bərabər, yoldaşlarım da seçkiləri müşahidə etdilər. Çox səmərəli müşahidələrimiz oldu. Seçkilər çox obyektiv keçirildi. Biz hamımız təcrübəli insanlarıq. Mən Azərbaycandakı seçkilərin demək olar ki, hamısında müşahidəçi olmuşam, elə yoldaşlarım da. Azərbaycandan kənarda da seçkiləri izləmişik. Həqiqətən Azərbaycandakı bu seçkilərdə beynəlxalq standartlardan da üstün təşkilatçılıq gördük. Bunu bütün dünya görməlidir. Təəssüf ki, xüsusilə Avropa Şurasının, bir sıra qurumların Azərbaycan və Türkiyə ilə bağlı qərəzli münasibəti bizi çox narahat edir. Türkiyə Respublikasının parlamentində biz dostluq qrupunun tərkibində on nəfərik. Amma səmimiyyətlə söyləyirəm ki, 600 deputatımızın hamısı bu qrupun üzvü olmaq istəyir. Ürəkləri Azərbaycanın uğurları üçün döyünür.
Türkiyə olaraq, bu seçkilərin şəffaf, sakit ab-havada keçməsinə, belə bir mühitin yaradılmasına görə, ilk növbədə, Zati-alinizə çox təşəkkür edirik. İkincisi, Azərbaycan xalqının mütəşəkkilliyini, öz dəyərlərinə sahib çıxmasını təqdir edirik. Üçüncüsü, bir təşəkkürümüz də namizədlərədir. Bu seçkilərdə gənc namizədlər də fəal idi. Onlar seçkilərə hazırlıq dövründə Türkiyədə olduğu kimi, qapı-qapı gəzərək təbliğat işləri aparıblar. Mən inanıram ki, bundan sonrakı seçkilərdə Azərbaycan bunun faydasını görəcək. Sizə yoldaşlarım adından bir daha təşəkkür edirəm.
Fürsətdən istifadə edib parlamentimizin sədrinin Sizə ən səmimi salamlarını çatdırmaq istərdim. Sizə bir daha ən səmimi təşəkkürlərimizi çatdırırıq. Var olun, sağ olun.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.