Laçından olan Çıraqovlar ailəsi illər öncə Avropa Məhkəməsinə müraciət etmişdi. Adışirin Çıraqov, onun qardaşı Elxan Çıraqov və daha dörd nəfər laçınlı şikayətçi “Çıraqov və başqaları Ermənistana qarşı” adlı işlə Ermənistanı Avropa İnsan Haqları Məhkəməsində get-gələ salmışdılar.
Onlar Ermənistana qarşı haqq mübarizəsi aparır, dağılmış mülklərinin, məcburi köçkün həyatı yaşamaqlarının maddi və mənəvi təzminatını tələb edirdilər.
“Çıraqov və başqaları Ermənistana qarşı” adlı işin sorağı nəinki Azərbaycan ictimaiyyətinə, bütün Ermənistana və Avropaya tanışdır.
Məhkəmə sonda onların hər birinə 5 min avro vəsait ödənilməsi haqda qərar qəbul etmişdi.
Türkiyənin Ankara şəhərinin Hacettepe universitetində Beynəlxalq hüquq fakültəsində təhsil alan azərbaycanlı Arzu Sadıqzadə Avropa Məhkəməsinə müraciət edən Çıraqovlar ailəsi haqqında “Mülkiyyət çərçəsində Çıraqov davası” adlı kitab yazıb.
Arzu Sadıqzadə bununla bağlı Modern.az-a danışıb.
- Arzu xanım, illər sonra Laçın işğaldan azad olundu. Hansı hissləri keçirirsiniz?
- Azərbaycan vətəndaşı olaraq qürur hissi keçirirəm. Laçının alınması o deməkdir ki, artıq Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. Orada aparılan abadlaşdırılma işləri bitdikdən sonra, gedib o torpaqlarda yaşamaq sevindiricidir.
- Laçınlı Çıraqovlar ailəsi ilə bağlı yazdığınız kitab elə Laçının azad olunma zamanına təsadüf etdi…
- 2018-ci ildə yazmağa başladığım “Mülkiyyət çərçəsində Çıraqov davası” adlı kitab Çıraqovların Avropa Məhkəməsinə müraciəti ilə bağlıdır. 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində bu barədə qərar qəbul edildi. Qərara əsasən, Ermənistan külli miqdarda təzminat ödəməli olacaq. Amma, məbləğ açıqlanmamışdı.
Bu kitabı 2018-ci ildə yazmağa başladım və 2020-ci ildə Türkiyədə çapa verildi. Kitabı elmi rəhbərim Bahadır Gündüz Aslanın vasitəçiliyi ilə ərsəyə gətirmişəm. Bu kitab mənim magistr dissertasiyam idi. Kitabı yazmaqda məqsədim ondan ibarət idi ki, Çıraqov davası bütün Azərbaycan millətinin davası idi. İlk dəfə Çıraqovlar məsələsi ilə Avropa Məhkəməsi Ermənistanı işğalçı olaraq tanıyıb. Avropa Məhkəməsinə zərərçəkmiş hər bir kəs müraciət etməyi bacarsa, əlbəttə ki Ermənistanı dünya ölkələri işğalçı, təcavüzkar kimi tanıyar.
- Çıraqovlar davasında siz də iştirak etmisinizmi?
- Xeyr, bu mənim magistr dissertasiyam idi. Həmin il çox aktual mövzu olduğu və xalqı bu yolda davam etməyə səsləmək üçün bu mövzunu seçmişdim. Azərbaycan xalqına xatırlatmaq istədim ki, bu yoldan gedərək, öz hüquqlarını tələb edə bilərlər.
Fidan İlqarqızı