Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində baş vermiş qanunsuzluqlarla bağlı rayon prokurorluğuna vətəndaş müraciəti daxil olub.
Masallı rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı 2019-2020-ci illərdə işə götürülərək MKTİB-də ictimai işlərə cəlb edilmiş işçilərin bəziləri qismən işə gəldiyi müəyyənləşib:
“Digər qismi isə ümumiyyətlə işə gəlməyib, nəticədə həmin əməkdaşlara cəmi 32 min manat məbləğində əməkhaqqı ödənilib. Bundan başqa, Birliyin aktından məlum olmuşdur ki, həmin qurumun balansında olan avtomobillərin 3 min 700 manat dəyərində ehtiyat hissələri əsassız silinib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb”.
Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq hərtəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcək.