Bakı Sağlamlıq Mərkəzi (BSM) hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Güləliyevin səhhətilə bağlı məlumat yayıb.
Mərkəzdən Modern.az-a verilən məlumata görə, Təbriz Gülalıyev dünən axşam xəstəxanaya saatlarında təcili tibbi yardım maşını vasitəsi ilə huşu aydın, baş və üz, eləcə də bədənin digər nahiyyələrində olan çoxsaylı travmalarla daxil olub:
“Təcili tibbi yardım şöbəsində ilkin yardım göstərildikdən sonra xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilərək plan üzrə müayinə və müalicəsinə başlanılıb. Müayinə nəticəsində xəstəyə: Müştərək travma, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol tərəfli almacıq sümüyünün və burun sümüklərinin çoxsaylı yerdəyişmiş sınıqları, burun kürəyinin əzilmiş, sol qaş nahiyyəsinin sıyrılmış yaraları, sol tərəfli paraorbital hematoma, sağ diz qapağının yerdəyişmiş sınığı diaqnozu qoyuldu”.
Rəsmi məlumata görə, hazırda onun vəziyyəti stabildir, müalicə və müşahidə davam etdirilir.