İki gün davam edən Antalya Diplomatiya Forumu səmərəli müzakirələrlə işini başa çatdırıb. Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun rəhbərlik etdiyi Foruma dünyanın hər yerindən dövlət və hökumət başçıları, xarici işlər nazirləri, regional və beynəlxalq təşkilatların təmsilçiləri, iş adamları, alimlər qatılıb.
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu tərəfindən xüsusi dəvətlə Forumda iştirak edən “Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev təəssüratlarını Modern.az-a danışıb.
“Dəvət Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu tərəfindən gəldi və biz bunu çox müsbət qarşıladıq. Xankəndi millət vəkili olaraq Antalya Diplomatiya Formunda iştirak etmək qürurvericidir. Forumda dünyanın müxtəlif ölkələrindən diplomatlar, hökümət başçıları, xarici işlər nazirləri iştirak edirdilər. Gündəlikdə duran əsas mövzular dünyamızı narahat edən qlobal problemlər, yeni çağırışlar, təhlükəsizlik təhdidləri və s. idi. Forum zamanı Azərbaycan Respublikası ilə bağlı da keçirilən panel müzakirələr xüsusi diqqət çəkirdi. Bu da ölkəmizin qazandığı nüfüz və regionumuzda yeni reallıqların üzə çıxması, Azərbaycanın regional güc kimi özünü təsdiq etməsi və artıq Cənubi Qafqazda bir nömrəli ölkə rolunu alması məsələsindən irəli gələrək baş verir. Azərbaycanla bağlı panel müzakirlərdə yalan xəbərlərlə mübarizə mövzusunda Prezidentin köməkçisi Hikmət Hacıyevin çıxışı çox böyük marağa səbəb oldu. Ölkəmizin müxtəlif vaxtlarda müəyyən dairələr tərəfindən məqsədli şəkildə yayılan “feyk nyus” hücumlarına məruz qaldığı, hətta bəzi xarici kütləvi informasiya vasitələrinin həqiqətə uyğun olmayan həmin informasiyalara istinad edərək Azərbaycan haqqında yalnış rəy formalaşdırmağa çalışdığı iştirakçılara çatdırıldı. Digər maraq kəsb edən mövzulardan biri “Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni fürsətlər” mövzusunda panel müzakirəsi idi. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov burda Azərbaycanın mövqeyini çox yaxşı izah etdi.
Həmçinin, Forum zamanı yerli və xarici media orqanlarına müsahibələr zamanı Azərbaycan həqiqətlərini çatdırmağa çalışdıq. Keçiridiyimiz görüşlərdə ölkəmizin mövqeyi, müharibdən sonra yaranmış reallıqlar haqqında həmkarlarımıza məlumat verdik. Hesab edirəm ki, bu forum ölkəmiz adına çox əhəmiyyət bir tədbirdi. Azərbaycanın iştirakı, rəsmilərin çıxışları maraqla qarşılandı. Hər il bu foruma qatılaraq ölkəmizi təmsil etmək, başqa ölkələrin nümayəndələri ilə müzakirə etmək çox vacibdir”.
Aysel Məhərrəm