Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəliyev Avropa Mühafizəkarlar qrupu adından “Avropada Afrofobiya ilə mübarizə” mövzusunda hesabata dair fransız dilində çıxış edib.
Modern.az xəbər verir ki, Tural Gəncəliyev bildirib ki, bütün insanlar azad və bərabər hüquqlu olaraq doğulurlar. “Beynəlxalq İnsan Hüquqları Bəyannaməsində əksini tapan bu fikir, İkinci Dünya Müharibəsindən sonra Avropanın yenidən qurulmasının mərkəzi ideyası olub və beynəlxalq insan hüquqları sisteminin əsasını təşkil edir. Afrika mənşəli insanlara qarşı irqçilik və ayrıseçkilik Avropada iş, təhsil və məhkəmə sistemi daxil olmaqla gündəlik həyatın bir çox aspektini əhatə edir. İrqi mənşəyindən asılı olmayaraq hər bir Avropa vətəndaşının bərabərliyini təmin etmək üçün afrofobiyanı Afrika mənşəli insanları və qaradərili avropalıları xüsusi bir irqçilik forması kimi tanımaq və bu problemi aradan qaldırmaq çox vacibdir”.
Millət vəkili diqqəti Afrika mənşəli insanların problemlərinə yönəldərək qeyd edib ki, Avropada təxminən 15 milyon Afrika mənşəli insan yaşayır və bu, Avropadakı ən böyük marjinallaşmış icmalardan biridir. Afrika mənşəli insanlar müxtəlif qruplarda olmaqla, bir hissəsi mühacir, digərləri uzun müddət vətəndaşlıq tarixi olan və nəsillər boyu Avropada yaşamış insanların soyundan gələnlərdir.
“Milliyyətindən və immiqrasiya statusundan asılı olmayaraq fiziki xüsusiyyətlərinə və ya dərisinin rənginə görə ayrı-seçkilik halları geniş yayılmışdır. Afrika əsilli insanlar əsrlər boyu istismara məruz qalması faktı aşkar olsa belə bu məsələ hələ də bir çox hallarda inkar edilməkdədir. Afrika mənşəli insanlar da bir çox ölkədəki ümumi əhaliyə nisbətdə polis vəhşiliyinə, irqi profilləşdirilməyə və irqçi zorakılığa, hətta istismara daha çox məruz qalırlar”-deyən Tural Gəncəliyev qeyd edib ki, məktəblərdə qaradərili tələbələr irqçi zorakılıq və yalançı təhsil materialları və tətbiqləri şəklində irqçiliklə qarşılaşırlar. “Bu, qaradərililərin təhsil səviyyəsinə və həyat perspektivlərinə böyük təsir göstərə bilər. Ayrı-seçkiliyin digər formaları arasında qaradərili insanlara tibbi yardım ala bilməməsi, mənzil təminatı sahəsində ciddi ayrı-seçkilik və mediada stereotip görüntülər yer alır”.
Tural Gəncəliyev Avropa Mühafizəkarlar qrupu adından bəyan adib ki, irqçiliyə qarşı mübarizə çərçivəsində təhsil sistemlərimizi daha əhatəli və daha açıq hala gətirmək üçün islahatlar apararkən və daha güclü hüquqi baza yaradarkən səylərimizin birləşdirilməsi vacibdir. “Təhsil, iş, mənzil və səhiyyə xidmətlərinə bərabərliyi təmin etmək üçün daha güclü bir siyasi iradə ortaya qoymalıyıq. Lakin dəyişiklik yalnız qanunvericilik yolu ilə baş vermir. Təhsil səyləri çox vacibdir. Məktəb tədris proqramları Afrika mənşəli insanların tarixi və mədəni irsini və cəmiyyətlərimizin inkişafındakı töhfələrini daha yaxşı əks etdirməlidir”-deyə Tural Gəncəliyev bildirib