Bu gün – 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur. Məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb.
Qeyd edək ki, 1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın 130 üzvü var. Ölkəmizi bu qurumda Azərbaycan İdman Jurnalistləri Assosiasiyası təmsil edir.
İdman jurnalistikası müasir cəmiyyətin həyatında böyük rol oynayır. Hadisələrin mərkəzində olan, bədən tərbiyəsi və idmanın problemlərindən bəhs edən idman jurnalistləri həmin problemlərin həllinə fəal kömək edirlər.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev Modern.az-a bildirib ki, hazırda ölkənin idman jurnalistikasında inkişaf var. O, MEDİA tərəfindən keçirilən müsabiqədə idman saytlarının qaliblər sırasında olmasını dövlətin idman mətbuatına olan qayğısı kimi qiymətləndirib.
“1995-ci ildən bəri bütün dünyada 2 iyul İdman Jurnalistləri Günü kimi qeyd olunur. Azərbaycanda idman jurnalistləri də həmin vaxtdan qeyd edirlər. Amma Azərbaycan idman mətbuatının 90 ilə yaxın tarixi var.
Azərbaycan idman jurnalistikası bu gün öz inkişaf dövrünü yaşayır. Azərbaycanda yetərincə idman jurnalisti və ixtisaslı kadrlarımız var. Sadəcə, idman mətbuatında bəzi problemlər var. Bu da əsasən maliyyə problemləri ilə bağlıdır.
MEDİA tərəfindən keçirilən müsabiqənin qalibləri sırasında 7 idman saytının olması sevindirici haldır. Bunu dövlətin idman mətbuatına olan qayğısı kimi qiymətləndirə bilərik. İnanıram ki, növbəti illərdə bu rəqəm daha da artacaq”.
Jurnalistin idman mediasında tək problemin maliyyə olmadığını deyib:
“İdman mediasının maliyyə problemindən başqa, bir də kadrların dil problem var. Bu da əsasən beynəlxalq aləmdə yarışlar, tədbirlər zamanı öz təsirini göstərir. Amma daxildə idman mediası həm yazı, həm də təhlil baxımından xeyli inkişaf edib.
Fürsətdən istifadə edib idman jurnalistlərimizi təbrik edirəm. Azərbaycan İdman Jurnalistləri Federasiyası bununla bağlı silsilə tədbirlər keçirir.
Bildiyimiz kimi 2 iyul həm idman jurnalistləri günü, həm də Azərbaycan Polisi günüdür. Dünən Abşeron rayon Polis İdarəsinin əməkdaşları ilə Azərbaycan İdman Jurnalistləri arasında yoldaşlıq görüşü keçirdik.
Həmkarlarıma öz fəaliyyətlərində uğurlar arzu edirəm”.
Matç.az idman portalının redaktoru İxtiyar Əsgərov MEDİA-nın müsabiqəsində idman saytlarına yer verilməsini alqışlayıb.:

“İdman mediasının ümumi durumu haqda çox danışılıb, çox yazılıb. Vəziyyət zatən bəllidi. Bu sferada fəaliyyət göstərən qəzetlər, saytlar indiyədək əsasən müxtəlif federasiya və klubların hesabına ayaq üstə qalıb.
MEDİA-nın sələfi olan KİVDF idman mətbuatına dəstək vermitrdi. Bu, səhv yanaşma idi. Halbuki, elə idman qəzeti, saytı var ki, KİVDF-dən aybaay pul alan çap mediasından daha nüfuzlu, daha populyardı.
Nəhayət, dünən MEDİA qaliblərin adlarını açıqladı ki, onların arasında idman saytları da var. Bu, hardasa müəyyən irəliləyişdən xəbər verir. Çünki, öncə dediyim kimi, əvvəl dövlətin idman mediasına belə bir dəstəyi olmayıb.
Seçilənləri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Amma bununla, idman mediasındakı problemlərin həll olunacağını düşünmürəm. Ona görə ki, bildiyim qədərilə ölkədə 50-dən çox sayt, 100-dən çox idman jurnalisti var. Yəni, 6 sayta dəstək verməklə yara sağalmır”.
Fidan İlqar