Hazırda həbsdə olan Azərbaycanın keçmiş baş prokuroru və Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı sabiq səfiri Eldar Həsənov hospitala köçürülüb.
Modern.az xəbər verir ki, bu barədə sabiq səfirin vəkili Cavad Cavadov sosial şəbəkədə bildirib.
Vəkilin sözlərinə görə, Eldar Həsənov stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatları aparılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hospitalına köçürülüb:
Eldar Həsənov 2001-ci il martın 28-də Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin olunib. 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib.
2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 13-də açıqlama yayan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
2020-ci il avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.
DTX-nın məlumatına görə, maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub və ona ittiham irəli sürülüb.
E.Həsənov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə təqsirləndirilir.