Modern.az

Bu gün: İTALİYA - İSPANİYA – Favorit kimdir…

Bu gün: İTALİYA - İSPANİYA – Favorit kimdir…

Aktual

6 İyul 2021, 16:06

Bu gün Avro-2020-nin yarımfinalının ilk oyununda ardıcıl 13-cü qələbəsini qazanan İtaliya ilə son 13 oyunda məğlubiyyət acısı yaşamayan İspaniya qarşılaşacaq. Ümumiyyətlə, məğlubiyyətsiz seriyasını 32 oyuna çatdıran italyanlar yollarına davam etməklə bu göstəricidə 35 oyunla (2007-2009) rekordçu olan ispanları keçməyə çalışacaqlar. Yeri gəlmişkən, ardıcıl qələbə rekordu da İspaniyaya məxsusdur: 2008-2009-cu illərdə 15 oyun.

İtaliya komandası Avro-2020-də keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb, yalnız Avstriya ilə 1/8 final qarşılaşmasında çətinlik çəksə də, İspaniya ancaq Slovakiya ilə matçda asanlıqla qalib gələrək, üç heç-heçə ilə yoluna davam edir. Məhz bu üzdən italyanlar bugünkü görüşün favoriti hesab edilir.

Bundan başqa, hücum futboluna üstünlük verən hər iki komandada aşkar bombardirin olmaması diqqət çəkir: beş oyunda 12 dəfə rəqib qapısına yol tapan İspaniyanın heyətində 6 futbolçu fərqlənib və 3 dəfə də avtoqol qeydə alınıbsa, İtaliyanın 11 qoluna da 6 futbolçu imza atıb və 1 avtoqol qeydə alınıb.

Həmçinin İspaniyanı hər oyunda topa sahiblənmədə üstünlük qazanan komanda kimi tanısaq da, İtaliya da son vaxtlar bu göstəricidə 50 %-dən çox nəticə göstərməsilə seçilir. Axırıncı üç ildə italyanlar yalnız 2018-ci ildə Portuqaliyaya məğlub olduqları oyunda (0:1), həmçinin Avro-2020-də İsveçrə ilə qarşılaşmada (3:0) cüzi üstünlüyü rəqibə veriblər.

Rəqiblərin 2017-ci ildə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Madriddə keçirilən sonuncu qarşılaşmasında İspaniyanın 3:0 hesablı inamlı qələbə qazandığını da qeyd edim. Həmin oyunda çıxış edən ispaniyalı futbolçulardan yalnız David de Gea (Avro-2020-də ehtiyatda oturub), Jordi Alba, Sergio Busquets, Koke və Alvaro Morata, italyanlardansa Leonardo Bonucci, Marco Verratti, Andrea Belotti, Lorenzo Insigne, Federico Bernardeschi və Ciro Immobile bu gün də meydana çıxa bilərlər.



Rasim Mövsümzadə

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV